“Başımı əydim ki, anam ağzımın qanlı olduğunu görməsin...” <span style="color:red;">– ƏSİR DÜŞƏRGƏSİ
06 yanvar 2015 18:37 (UTC +04:00)

“Başımı əydim ki, anam ağzımın qanlı olduğunu görməsin...” – ƏSİR DÜŞƏRGƏSİ

Lent.az-ın “Əsir düşərgəsi”ndən 23 il keçmişə boylanmağa davam edirik. Avqust ayıdır, Goranboyun Ağcakənd qəsəbəsindəyik.

 

Əyri-köndələn yollarda gəzişib, çəpərlərdən boylanıb, rastıma çıxanları saxlayıb, erməni əsirliyində olmuş insanları axtarıram. Çox axtarası olmuram. Gülərüz, yaraşıqlı bir xanım qapısını üzümə açıb, “Xoş gəlmisiniz, elə indicə yaxşı kəklikotu dəmləmişəm, yoldan gəlirsiniz, gəlin evə” deyir.

 

Bu, Xocalıda uşaq bağçasında çalışan Rüzgar xanımdır. Deyir ki, həyat yoldaşı Mirzə Allahverdiyev 39 yaşı olanda 18 gün erməni əsirliyində olub.

 

Mirzə Allahverdiyevlə görüşüb hekayəsini dinləməyə gəldiyimi deyirəm. Razılaşır. Nəvələri yanımızdan cərgə ilə yerə düzülüb babalarını dinləməyə başlayırlar...

 

Mən həmişə qəhrəmanımın gözlərinin içinə baxır, deyə bilmədiklərini gözlərindən oxumağa çalışıram. Bu dəfə isə fərqli idi. Altmış bir yaşlı müsahibim söhbətimiz boyunca bir dəfə də olsun gözlərini döşəmədən qaldırmadı. O günləri xatırladıqca tez-tez “qızım, dillə deyiləsi deyil, hər şeyi açıb danışmaq olmur, başıma gələnlərin hamısı danışılası deyil” deyərək, gözlərini məndən gizlədirdi...

 

***

 

Gözlərini açarkən sifətində anlaşılmaz bir təmas gəzinirdi... Yavaş-yavaş özünə gəldikcə xəfif toxunuş da get-gedə yayılır, alnından sürünüb gözlərinin üstündən keçir, dodaqlarını yalayırdı.

 

Bu nə ola bilərdi? Birdən ağlına gəldi ki... Toparlanıb müqavimət göstərmək istədi. Ancaq əllərini tərpədə bilmədi.

 

Bir az keçmiş başındakı şiddətli ağrını hiss edə bildi. İlan zənn etdiyi şey, güclü zərbədən partlamış başından axıb sifətinə süzülən qan idi... Üşüyürdü, çılpaq bədəni suyun içində idi. Betonun üzərinə dağılmış sudan üfunət iyi qalxırdı.

 

Harada olduğunu bilmək üçün sağına-soluna boylandı. O qədər darısqal yer idi ki, buraya güclə sığışmışdı.

 

Çirkli, çat-çat olmuş tualet çanağını görəndə hər şeyi başa düşdü. Haradansa bağırtı səsləri gəlirdi.

 

“Əsir düşərgəsi”nin oxucuları bu məkanı Dürdanə Ağayevanın hekayəsindən yaxşı xatırlayır.

 

Əsgəran Milis Şöbəsinin ayaqyolusu...

 

Buraya necə düşdüyünü yadına salmağa çalışdı.

 

...Xanabad kəndi yaxınlığındakı üzümlükdə idilər... Taqətdən düşmüşdü, üç gündür ac-susuz idi. Artıq yeriməyə halı yox idi, hərbçi dostlarının səsi gəlirdi: “Mirzə tez ol, gəl, tez ol, yoxsa tutacaqlar...”

 

Dizləri üstə torpağa çökdü. Huşu gedib-gəlirdi. Əl-ayağının bağlanmasını, başına avtomatın qundağı ilə endirilən zərbələri zorla xatırlaya bildi... Başqa heç nə yadına düşmədi. Amma anladı ki, ən çox qorxduğu baş verib – əsir düşüb.

 

Əsirliyinin neçənci günü olduğunu bilmirdi. Bədəni bərk ağrıyırdı. Demək, huşunu itirəndən sonra da döyülmüşdü.

 

Uzaqdan gələn bağırtı qəfil gücləndi. Qapının ağzında iki nəfər dayanmışdı:

 

- Əyləncə var! İtin biri də özünə gəlib!

 

- Türk köpəyi ayılıb!

 

Söhbətin ondan getdiyini başa düşməyə macal tapmamış kimsə Mirzənin ayağından tutub çəkdi. Çılpaq kürəyi ilə yaralı başı beton döşəmədə çırpılırdı.

 

Qaranlıq dəhlizin tavanından sallanan lampanın işığı gözünə düşəndə daha dəqiq xatırlaya bildi:

 

Qardaşları və Xocalı özünümüdafiə batalyonunun digər döyüşçüləri ilə postda idi. Qəfil mühasirədən, güllə yağışından, alışıb yanan evlərdən təşvişə düşdülər. İşğal o qədər peşəkar hərbçi dəqiqliyi ilə ölçülüb biçilmişdi ki, hərbi texnikası olmayan özünümüdafiə batalyonu bu səviyyədə bir hücumun qarşısını almaqda aciz idi.

 

Məğlubiyyəti başa düşəndə Mirzədən beş yaş böyük qardaşı Novruz:

 

- Mirzə, mən Mahiri də götürüb evə qaçıram. Gedək köməkli atamgili çıxardaq! – dedi.

 

Mahir Novruzun oğlu idi, on yeddi yaşı var idi. Atası və əmiləri ilə birgə Xocalı özünümüdafiə batalyonunda döyüşürdü.

 

Salah kişi Böyük Vətən Müharibəsi əlili idi, gözləri görmürdü. Oğlanları nə qədər israr etsələr də, səkkiz oğuldan sonra tapdığı yeganə qızının məzarını Xocalıda qoyub, heç yerə getmək istəmirdi. Qızı iyirmi bir yaşında avtomobil qəzasında həlak olmuşdu...

 

Əsirin yaddaşında yenicə bir-bir sapa düzülən xatirələr zərbədən darmadağın oldu.

 

Əsgəran Milis Şöbəsinin “sobalı otağında” ermənilər onu dövrəyə alıb avtomat qundağı, dubinka və armatur parçaları ilə amansızca döyüb kameraya atdılar. Burda saxlanılan başqa bir əsir – Yunis sakitcə ona yaxınlaşıb, əynindəki əsgər sırıqlısını çıxardıb, Mirzənin çılpaq bədənini bükməyə başladı...

 

Burda heç kim bir-birindən heç nə soruşmurdu. Burda insan faciəsi o qədər qabarıq, insan həyatı o qədər ucuz idi ki...

 

Yunis Mirzəni düz iki gün qucağında saxladı. “İndicə canını tapşıracaq” deyə düşünərək həmkəndlisinin tənha ölməsini istəmirdi.

 

Mirzənin meyitdən heç bir fərqi yox idi. Buna baxmayaraq, bütün əsirlər kimi hər gün işgəncə saatında sürüyüb kameradan çıxardırdılar.

 

Əsirliyin ikinci günü Əsgəran batalyonunun komandiri Vitali Balasyan “sobalı otaqda” çay içə-içə girovlara verilən növbəti işgəncəni izləyirdi. Altı-yeddi nəfər erməni hərbçisi Mirzəni dövrəyə alıb, dubinka ilə vururdu. O, ağrıdan qışqıranda hərbçilərin gözü əsirin ağzındakı dişlərə sataşdı.

 

- Nə?! Nə gördüm orda? Aç, aç ağzını, aç!

 

- Qızıldandır! Özü də dörd dənə!

 

- Türk, təəssüf ki, sən bir azdan şərəfinə verdiyimiz ziyafətdə heç nə yeyə bilməyəcəksən. Çünki qabaqdakı dörd dişinlə indicə vidalaşacaqsan!

 

- Çünki bu tərəflərdə qiymətli olan nə varsa, bizim olmalıdır! Torpağın da yaxşısı bizim olmalıdır! Qızılın da! Hələ başımız açılan kimi Bakıdakı neftimizin də arxasınca gələcəyik!

 

Mirzənin əl-ayağını bağlayıb kəlbətinlə çəkici işə saldılar. Gözləri qaralan Mirzənin eşitdiyi sözlər uzun illər gözünü yumanda qulağında səslənəcəkdi:

 

- Bərk dartma, sınar!

 

- Çəkici altdan vur!

 

- Al, çəngəllə dibini oy! Dişi sağlam saxla!

 

- Bıçaq yaxşıdır, bıçaq! Al, bu yaxşı itidir!

 

Huşunu itirərkən ən son hiss etdiyi ağzına salınan çəngəlin dişləri, kəlbətinin ucu və çəkicin zərbələri idi...

 

Bu dəfə özünə gələndə kamerada tək idi. Şüşəsiz pəncərələrdən küləyin qovub içəri saldığı qar dənələri ölümünü gözləyən əsirin çılpaq bədənini dalayırdı.

 

***

 

- Adam ilk dəfə döyüləndə çığırır, bağırır, amma sonra o qədər döyülür ki, hissiyyatı itir. Heç nə hiss eləmir... Başıma elə vururdular ki, elə bilirdim gözüm çıxacaq. İşgəncə vaxtı üç dəfə huşumu itirmişəm – dişim çəkiləndə, ikinci mərtəbədən atılanda və bir dəfə də hamımızı soyundurub döydülər, onda. Komandirləri Vitali Balasyan da orda idi. Dəmir çarpayının altına salıb torun üstündən dubinka ilə vururdular. Üzünə, gözünə, başına, bədəninə... Elə yer idi ki, ordan hərəkət eləyib çıxa da bilmirdin... Bizdə poçtda işləyən Dürdanə adlı bir qız var idi, bizi onun gözünün qabağında döydülər. Sonradan Dürdanə mənə dedi ki, “Səni döyəndə gözlərinin ağı getdi, elə bildim öldün...”

 

- Siz Məleykə xalanın oğlusunuz?

 

- Bəli.

 

- Oxucularımız Məleykə xalanı çox yaxşı tanıyır. Dürdanə onun haqqında danışıb...

 

- Anamı da girov götürmüşdülər. O, kamerada çox qızı qorumağa çalışıb.

 

Yoldaşı Rüzgar xanım söhbətə qarışır:

 

- Öz qızını itirəndən sonra Məleykə xalanın içində həmişə bir qız nisgili vardl. Elə ona görə də əsirlikdə olanda cavan qızları qorumağa çalışıb. O vaxt Məleykə xalanı iki zənci meyiti ilə dəyişmişdilər. Elə bilirdik Mirzə də qaynatam, qaynım Novruz, oğlu Mahir kimi ölüb. Hamıdan əlimizi üzmüşdük. Hər səhər gedib dayanırdıq Ağdam Xalq Cəbhəsinin qarşısında. Əsirləri dəyişdirəndə ora gətirirdilər. Bir də gördük Məleykə xala gəlir... Yazıq arvadın üst-başı nə gündə idi. Qaçdıq üstünə, özünü döyə-döyə dedi ki, Mirzəni gördüm, amma öləcək... Onda bildik girov düşdüyünü... Əl-ayağa düşdük, amma ölkənin də yiyəsi yox idi, maraqlana. Yenə hər gün gedib dayanırdıq cəbhənin qabağında. Rəhmətlik Allahverdi Bağırov hər gün erməni əsirləri aparırdı, dəyişmək alınmırdı, geri qaytarırdı...

 

- Məleykə xala Mirzəni harda görüb? Axı o qadınlar olan kamerada idi.

 

- Kameradan çıxarılıb qaytarılanlardan kimsə görüb, o gəlib deyib ki, Mirzəni gördüm, o da burdadır.

 

***

 

Məleykə xala oğlunun da əsirlikdə olduğunu biləndə onunla eyni kameradakı qadınlardan birinin körpə uşağını götürüb, qapıda dayanan erməniyə yaxınlaşır. Qadın nəvəsinin atasını görmək istədiyini, onsuz dayanmadan ağladığını deyib ermənilərdən oğlunu görmək üçün xahiş edir, yalvarırdı...

 

Hər halda, Əsgəran Milis şöbəsində saxlanılan kişilər elə görkəmdə idi ki, onları o halda doğmalarına – analarına, övladlarına göstərmək bu qadınlara verilə biləcək ən ağır işgəncə idi. Buna görə də qadını bir xeyli süründürəndən sonra mühafizəçi:

 

- Ermənilər insaflı xalqdır, qaniçən türklərin tayı deyil! Gəl, qapını aralayım, arasından oğluna bax... – dedi.

 

Mirzə ölümcül halda kameranın bir küncünə qısılıb oturmuşdu. Dişləri çəkildiyindən sifəti şişmişdi.

 

Nəzarətçi Mirzənin saxlanıldığı kameranın dəmir qapısını açmışdı. Məleykə xala kameranın dəmir barmaqlıqları arasından oğluna boylanırdı. Bu hadisəni iyirmi üç ildən sonra danışan Mirzə “Gördüm anam qucağında bir uşaq qapıdan boylanır, tez başımı lap aşağı saldım ki, ağzımın qan olduğunu görməsin” deyəcəkdi...

 

Ermənilər bir qayda olaraq gündə iki dəfə əsirləri kameradan çıxarıb, yeyib içə-içə, ac və yaralı insanlara əzab verirdilər. Əsirliyin üçüncü günü Mirzəni sürüyərək ikinci mərtəbəyə qaldırdılar. Buranı Ağdamdan Əsgərana atılan raketlərdən biri dağıtdığından ermənilər əsirləri bura gətirib dağıntılar arasından əllərinə keçən dəmir, armatur qırığı, stul ayaqları ilə döyməkdən həzz alırdılar.

 

Mirzəni bu xarabalığa gətirəndə dağıntılar arasında dayanan sarışın sifətli erməni əmr verdi:

 

- Qaldırın o türkü, sifətinə baxaq!

 

Mirzəni qollarından tutub ayağa qaldırdılar. Sarışın erməni Mirzəyə yaxınlaşıb onu təpədən-dırnağa diqqətlə süzəndən sonra:

 

- Yox, yaxşı işləməmisiniz! Təzədən! – deyib, əlindəki tapançanın dəstəyi ilə Mirzənin başına döyəclədi. Dubinka və armatur zərbələri bir-birinin üstündən yağmağa başladı.

 

Sarışın erməni yerdə meyit kimi uzanan Mirzənin vəziyyətini yoxlamaq üçün ona hərbçi çəkmələri ilə bir neçə təpik də ilişdirəndən sonra elan elədi:

 

- Bu günlük bəsdir! Türk leşini kim aşağı sürüyəcək?

 

- Bu gün kimin növbəsidir?

 

- Məncə heç kim əlini türkə bulamasın! Budur, pəncərə! Ordan vızıldadın aşağı, aşağıdan da sürüyüb atın kameraya!

 

Mirzənin əl-ayağından yapışdılar:

 

- Biiir! İkiii! Üüüç! Getdiii!

 

Mirzəni lazımsız əşya kimi aşağı buraxdılar:

 

- Biz bu türk köpəkləri ilə çox yumşaq davranırıq! Onlar daha betərinə layiqdirlər!

 

Elşən əsirliyinin ilk gününü yaşayırdı. Onu dəhlizdə axıb yığılan qanı təmizləməyə göndərmişdilər. O, döşəməni təmizlədikcə gözucu ətrafda üst-üstə atılıb dəyişilmək növbəsi gözləyən tanınmaz hala düşmüş meyitlərə baxır, əllərindən, ayaqlarından heç bir xəbər tuta bilmədiyi atasının, qardaşının nişanəsini axtarırdı.

 

“Meyitlər bu hala salınırsa, gör əsirlərin başına hansı oyunlar gətirilir” deyə düşünən Elşən qəfil bağırtı ilə şappılltı səsinə diksindi. Şüşələri sınıq pəncərədən yerə düşən insanı gördü. Elşən onu tanıya bildi. Böyük qardaşı Mirzə idi. Elşən ayaq üstdə donmuşdu ki, nəzarətçi qışqırdı:

 

- Murdar türk qanını yuyub qurtardınsa, gəl cəhənnəm ol!

 

Cavab gözləmədən Elşəni itələyib kameraya atdı...

 

***

 

- Məni yuxarıdan atanda hələ huşum özümdə idi. Yerə dəyəndə sağ tərəfdən qabırğalarımın necə şaqqıltı ilə qırıldığını eşitdim. Bakıda həkimlər dedi ki, iki qabırğan sınıb.

 

- Qardaşınız Elşənlə görüşə bildiniz?

 

- Yuxarıdan atandan sonra məni gətirib atıblar kameraya. Özümə gələndə gördüm bu dəfə başqa kameradayam. Qardaşım da orda idi. Elşən bizim sonbeşiyimiz idi, iki ay idi ki, ailə qurmuşdu...

 

- Kamerada söhbət eləmək imkanı oldu? Atanızdan, qardaşlarınızdan xəbər ala bildiniz?

 

- Demək olar ki, yox. Hamı ağrıdan zarıyır, inildəyirdi. Hərə öz canının hayında idi...

 

- Eyni kamerada sizdən başqa qardaş, ya qohum olan var idi?

 

- O kamerada qardaş olan bircə biz idik. Qalan hamı isə bir-birini yaxşı tanıyırdı. Kəndlilərimiz idi...

 

***

 

Günlər bir-birindən yalnız işgəncələrin fərqi ilə seçilirdi. Qapı açılır, əsiri sürüyüb çıxardırlar, qapı çırpılır. Qapı açılır, meyitdən heç nə ilə fərqlənməyən əsiri sürüyüb içəri atırlar, qapı çırpılır...

 

Neçəsini elə kameranın qabağındaca güllələyir, neçəsini isə xüsusi işgəncə ilə öldürürdülər.

 

Bəzən əsirləri dəyişməzdən öncə onlara “soyuqdəyməyə qarşı” iynələr vururdular. Sonra isə bu adamlar hamısı vəfat edəcəkdi...

 

Gündə bir dəfə kameranın qapısı açılır, ermənilərin qabaqlarından qalan yemək qırıntıları elə qapıdanca itə verilir kimi içəri atılırdı. Bunu da hərə öz bacardığı kimi edirdi, kimi yemək qırıntılarını elə atırdı ki, yarısı çirkli suyun içinə tökülürdü, kimisi çörəyin üstünə tüpürürdü... Çirkli vedrədə isə mazut tamı gələn su verilirdi.

 

Burda insanın gözlədiyi ancaq ölüm idi. Bu cəhənnəmdə insanı ancaq ölmək xoşbəxt edə bilərdi. Onu da asanlıqla əldə etmək mümkün deyildi... İnsanları hissə-hissə öldürürdülər... Dırnaqları, barmaqları, ayaqları, bədənləri...

 

Ölüm əsirlərin ayaqlarına dolaşıb yavaş-yavaş üzü yuxarı irəliləyirdi...

 

(Davamı olacaq...)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1735
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar