II hissə
***
Ermənilərlə ilk dəfə rastlaşandakı atışmadan üzüaşağı yuvarlananda Sirac doğrudan da Faiqin qucağında idi. Faiq aşağı yuvarlananda Siracı qucağında bərk-bərk tutmuş, əlindən çıxmağa, yaralanmağa qoymamışdı. Səidənin atası Cəmil kişi də onlarla idi. Üçü birlikdə meşədən çıxmağa yol axtarırdılar…
***
Sirac Əliməmmədov: Əmim məni çox istəyirdi… Uşaq olsam da, unutmamışam. Ayaqyalın idim… Axı atışma başlayanda biz evdə idik. Atam evimizin arxa tərəfində yeri qazıb, sığınacaq düzəltmişdi. Hər dəfə atışma olanda orada gizlənirdik. Bu dəfə də evdən sığınacağa qaçdıq… Sonra atam gəlib ermənilərin Xocalıya girdiyini dedi… Tez çıxmalı olduq… Heç ayağıma ayaqqabı da geyinə bilməmişdim… Faiq əmim bir dəfə də olsun məni qucağından yerə qoymadı… Gözüm hər yerdə atamı axtarırdı… Ətraf üz-gözü qanlı insanlarla dolu idi… İlk dəfə idi ki, insan ölümü görürdüm. Uşaq idim, meyitlər mənə çox qorxulu gəlirdi… Gözlərim böyümüşdü… Faiq əmim məni qucaqlayıb tez-tez deyirdi, qorxma, əmi qurban…
- Babanızın vəziyyəti necə idi?
- Ana babam Cəmil Məmmədov. O da bizimlə idi, çətinliklə, amma özü gedirdi… İndi 10 barmağının heç biri yoxdur… Donmuşdu, hamısını kəsiblər…
- Ana nənəniz?
- Lalə nənəm keçib gələ bilmişdi, girov düşmədi… Biz isə xilas ola bilmədik… Neçə gün meşədə qaldıq, ac, susuz, soyuq… Bir o yadımdadır ki, göz-gözü görmürdü… Biz meşənin içi il gedirdik… Ətrafda meyitlər var idi… Qarın üstündə qan çox idi… Gündüz idi… İki snayperçi qız görüb, geri qayıtdıq… Onlar erməni dilində nə isə deyib, bizi mühasirəyə aldılar… Sonra tutdular… Çox qorxurdum, Faiq əmim məni bərk-bərk qucaqlayıb, ürək-dirək verirdi…
- Girov düşəndə yanınızda başqa kim var idi?
- Elə üçümüz idik. Cəmil babam, Faiq əmim və mən. Bizi tutub Naxçivanik kəndindəki tövləyə gətirdilər. Yadımdadır, kəndin içi ilə ayaqla gedirdik, kənd uşaqları bizə daş atır, söyürdülər… Faiq əmim məni daşdan qorumağa çalışır, başımı əlləri ilə gizlədib, sinəsinə basırdı…
***
Tövlənin qapısını açıb, onları içəri itələdilər. Faiq Sirac yıxılsa əzilməsin deyə onu qorumağa çalışırdı ki, uşaq özünü onun qucağından yerə atıb qışqırdı:
- Ata! Ata!
Günlərdir gözləri ətrafda atasını gəzən Sirac onlarla yaralı girovun arasında Yaşarı dərhal gördü. Üz-gözü qan içində olan Yaşarın dili söz tutmurdu, üstünə uzanan oğlunu qucaqlayıb, ağlayırdı...
***
Faiqlə Siracın gəlişi ilə ailənin, demək olar, bütün kişiləri bir araya toplandı. Bircə Şahmalı kişi yox idi. Ondan heç bir xəbər yox idi...
İndi erməni hərbçiləri içəri girib girovları döyməyə başlayanda Sirac Yaşarın üstünə uzanıb ağlayır, qışqırırdı:
- Atamı vurmayın, atama toxunmayın...
Buradakı bütün uşaqlar bu yolla valideynlərini döyülməkdən qorumaq istəyirdilər. Əvəzində özləri döyülürdülər. Erməni hərbçilər uşaqları atalarının qucağından çəkib, kənara atır, onların gözü qarşısında atalarını, babalarını, əmilərini, dayılarını huşlarını itirənə qədər döyürdülər… Girovlar özləri də müəyyən edə bilmirdilər ki, onları dəyənəklər belə ağrıdır, yoxsa övladlarının çığırtısı…
***
Növbəti işgəncədən sonra qapını çırpıb getdilər. Sirac bir az əvvəl Yaşarın üstünə sərilib, “atamı vurmayın” deyərkən yerindən qaldırılıb çırpıldığı küncdən durub, atasının yanına qaçdı. Yaşar indi ona meşədə gördüyü üz-gözü qan içində olan, tərpənməyən adamları xatırladırdı…
Ətrafa baxdı, Namiqlə Faiqin zarıltılarını zorla eşitmək mümkün idi. Yaşarın isə səsi gəlmirdi. Sirac atasının üstünə uzanıb, sığallamağa başladı. Bilirdi, Yaşar nə qədər ağır yaralı olsa da, belə edəndə zorla da olsa əllərini, heç olmasa bir əlini qaldırıb onu qucaqlayacaqdı. Amma Yaşar bu dəfə tərpənmirdi…
- Ata, ata... Niyə sənin də səsin çıxmır? Heç yerin ağrımır?
Sirac atasının da meşədəki adamlar kimi ölmüş olmasına inana bilmirdi. O qədər çarəsiz idi ki, atasının qanına bulaşmış balaca əllərini onun bütün bədəninə sürtür, ölümünə mane olmağa çalışırdı. Bu vaxt kimsə içində kiçik banka olan su ilə dolu vedrəni qapıdan içəri qoyub qayıtdı. Bu, girovlara su vermək idi…
Sirac vedrənin içindəki bankanı su ilə doldurub atasının yanına qayıtdı. Barmaqlarını bankada isladıb, onun dodaqlarına sürtdü:
- Ata, ata…
Sirac bir də onun dodaqlarını isladanda, Yaşar zəifcə dodaqlarını yaladı. Sirac sevincindən ağlaya-ağlaya hər iki əlini isladıb, onun dodaqlarına, üzünə vurdu. Yaşar tərpənib zarıdı. Sirac xoşbəxt idi. İndi onun da atası tövlədəki bütün uşaqların atası kimi zarıyırdı… O, balaca qolları ilə atasına qalxmağa kömək edib, su içirtdi…
Az əvvəl Siracın nələr hiss etdiyindən xəbərsiz olan Yaşar indi oğlunun niyə sevindiyini başa düşə bilmirdi…
***
Sirac Əliməmmədov: Adamları o qədər döymüşdülər ki, heç kimin qalxmağa taqəti yox idi. Atam, əmilərim, dayım Kamil Məmmədov... hamısı döyülməkdən yaralı idi, tərpənə bilmirdilər...
- İşgəncə zamanı gənc, yaşlı seçimi edirdilər?
- Bəli, əsəsən hərbçi geyimində olanları dəhşətli vəziyyətə salırdılar. Mən baxa bilmirdim… Qadınlara da əzab verir, incidirdilər. O qədər adama içməyə bir vedrə su verirdilər, yemək isə yox idi. Adamlar da çalışırdı suyu uşağına versin… Atam nə qədər ölümcül vəziyyətdə olsa da, yenə çıxarıb bayırda döyürdülər. Yadımdadır, hətta bir dəfə özümü saxlaya bilməyib, qaçıb atamı qucaqlayanda erməni hərbçi mənə necə şillə vurdusa, huşumu itirdim.
***
Növbəti işgəncə saatı bitər bitməz, hərbçilərdən biri balacaboy, göygöz Cəfər müəllimi çəkib tövlənin ortasına qoyduqları stulda oturtdu. Cəfər müəllim 32 il idi ki, Xocalıda Azərbaycan dili və ədəbiyyatından dərs deyirdi, məktəb direktoru idi. Tövlədəki girovların çoxu onun tələbəsi olmuşdu. İndi 52 yaşı var idi, sarışın saçlarının yarası ağarmış, yarısı isə qana, palçığa bulaşmışdı…
Hərbçi əlindəki süngü bıçağını ona dirəyib, saçlarından yapışıb geri dartdı:
- Hə, müəllim! Özün də ağsaqqal adamsan, siz türklərdə ağsaqqal yalan danışmaz axı! Amma sən utanmadan neçə il bu uşaqlara yalan danışmısan. İndi sənə imkan veririk ki, böyük erməni xalqı qarşısında günahlarını yuyasan. Təzədən dərs keç! De ki Qarabağ ta qədimdən erməni torpaqları olub! De! De ki Qarabağ ermənilərindir!
Cəfər müəllim tələbələrinin qarşısında sıxılır, onların üzünə baxmağa utanırdı. Zərbədən başından üzünə şoralanan qan gözlərini tutdu, onu tələbələrinin gözlərinə baxmaq əzabından xilas etdi…
***
Yaşar Əliməmmədov: Müsibət idi… Gözümün önündə insanlar öldürülür, başlarının dərisi soyulur, yandırılırdı. Əllərimiz bağlı, köməksiz halda bu səhnələri görmək dəhşət idi. Bir tərəfdən də meşədə ayaqlarımızı don vurmuşdu. Avtomatı tuşlayıb, dörd saat tək ayaq üstə saxlayırdılar. Büdrəyəni yerindəcə güllələyirdilər. Başımdan yerə basıb deyirdilər ki, torpaq istəyirdin, bu da torpaq, al, ye!
- Bir az qardaşlarınızdan danışmağınızı istəyirəm.
- Qardaşım Namiq rus dilini yaxşı bildiyi üçün Əsgəran rayonunun katibi Saşa Fomin onu özünə sürücü götürmüşdü. Ermənilər Namiqi yaxşı tanıyırdı. Elə buna görə də Namiqi aramızdan seçib apardılar… Qardaşlarımdan Faiq qaldı yanımda… Bu günə qədər də Namiqdən bir xəbər yoxdur… Deyim ki, öldürdülər, yox, gəlib tövlədən çıxardıb apardılar, qulaq asdıq, atəş səsi gəlmədi… Amma Namiq necə oldu? Heç kim bilmədi… Məsələn, orada ahıska türkləri var idi, əkiz qardaş idilər, gözümün önündə ikisini də öldürdülər… Namiqi isə neylədilər, bilmədik…
***
Tövlədəki bütün uşaqlar iki günün içində böyümüşdülər. Heç biri uşaqlıq etmir, oynamırdı. Böyük bir oyunun qurbanı olan körpələr yaralı valideynlərinə sığınıb, onların hıqqıltısına qulaq verib, yaşadıqları üçün sevinirdilər. Tövləyə yeni girən hərbçilərdən biri Yaşara qısılan Siracın çənəsindən yapışıb, başını yuxarı qaldırdı. Diqqətlə onu süzüb, qolundan tutub dartdı:
- Bu türk küçüyü çox yaxşı uşaqdı, özümüzlə götürək!
Bayaqdan tərpənməyə halı olmayan Yaşar yerindən dik atılıb, var gücü ilə Siracı qucaqladı:
- Balamı heç kimə vermərəm! Onu heç kimə vermərəm!
- Burax! Sən kimsən ki, verməyəsən? Səndən icazə istəmirik! – Hərbçi ermənicə yanındakılara dedi: - Bu uşaq sağlamdır. Öz orqanları ilə neçə-neçə ermənini xilas edə bilər. Götürün, Yerevana göndərək!
Onlar Yaşarın ermənicə bildiyindən xəbərsiz idilər. Yaşar bütün gücü ilə Siracın belindən yapışıb saxlayır, erməni hərbçi isə uşağın qolundan dartırdı. Sirac qışqırıb, ağlayırdı…
Hərbçilərdən biri zərblə Yaşarı vurdu. Yaşar qışqırır, oğlunun əlində qalan ayaqlarını bərk-bərk bağrına basırdı. İkinci hərbçi də avtomatını qaldırıb, qundağı ilə Yaşarın boynunun arxasından vurmağa başladı. Sayını itirdiyi zərbələrin altında Yaşar taqətdən düşdü, qolları boşaldı və Siracı onun əlindən çəkib aldılar.
Atasının əlindən çıxan Sirac daha da bərkdən qışqırıb ağlayırdı. Hərbçi onu qoltuğuna vurub, tövlənin qapısından çıxdı. Ağrıdan yerdə qıvrılan Yaşar yerindən qalxıb, özünü tövlənin qapısına atanda, arxadan vurulan zərbədən yerə yıxıldı. Hərbçilər tövləni tərk etdi. Çarəsiz Yaşar hönkürürdü…
Tövləyə yeni girən erməni Yaşarın qarşısında dayandı:
- Yaşar?!
Samvel Əsgəranda yaşayırdı, maşın ustası idi. Yaşar həmişə maşınını ona təmir etdirirdi. İndi Yaşar onun qarşısında yerə çökmüş halda əlini qapıya uzadıb, “oğlumu alıb apardılar” deyərək, hönkürürdü…
Samvel tövlədən çıxdı. Bir az keçmiş, Sirac qucağında geri qayıtdı. Sirac bağırır, elə çabalayırdı ki, sanki ağlını itirmək üzrə idi. Özünü Yaşarın üstünə atdı. Ata-bala bir-birinə sarılıb, ağlayırdı. Samvel astadan:
- Səni belə görmək istəməzdim, Yaşar. Qorxma, səni buradan çıxardacağam, - deyib, tövlədən çıxdı.
Yaşadığı şokdan ayılmayan Yaşarla Sirac hələ də qucaqlaşıb, hönkürürdülər…
***
Bir neçə saatdan sonra Samvel yenə gəldi:
- Uşağı da götür, gəl, sizi dəyişməyə aparıram.
- Necə gedim? Qardaşlarım, qohumlarım hamısı buradadır…
- Bax da, Yaşar. Mənə çox yaxşılığın dəyib, bunun əvəzini çıxmaq istəyirəm. Danışmışam, mən ancaq səni apara bilərəm, vəssalam!
Faiq Yaşarla Siracı bağrına basdı:
- Heç nə düşünmə, Yaşar! Əsas odur ki, Sirac xilas olsun. Onu qoru! Özündən muğayat ol, Sirac atasız böyüməsin! Bizdən nigaran qalmayın, yəqin, yavaş-yavaş hamımızı dəyişərlər… Qismətsə, görüşəcəyik!
***
Girovları daşıyan köhnə “UAZ” Xocalının içindən keçəndə hamı istər-istəməz pəncərədən şəhərə boylandı. Bütün şəhər yanıb viran qalmış, küçələr insan cəsədi ilə dolu idi…
Üz-gözü tanınmaz hala düşən meyitlərə, hələ də tüstülənən evlərə baxmağa qorxan Sirac balaca, çirkli, qanlı əlləri ilə özünü tutdu. Böyüklərin səsini eşidirdi:
- Neçə ilə zülmlə tikib-qurduğumuz evləri iki günə külə çeviriblər...
- Cavan qadının, körpə uşağın meyiti küçələrdə qalıb, Allah necə götürür?
- Nəyimiz var əlimizdən çıxdı... Evimiz, eşiyimiz, torpağımız, hörmətimiz... Hər şeyimiz... İndi Allah bilir axırımız necə olacaq?!
- Yenə şükür, başımıza nə müsibət gətirdilərsə də, özümüzü dəyişməyə aparırlar. Heç olmasa, gedib görək, bizimkilər Ağdama çata biliblər...
“UAZ” Əsgəran istiqamətinə gedirdi. Yolda bir dəstə rus hərbçi maşını saxladı. Maşındakı hərbçilər enib söhbət edərkən, girovların həyəcanı bir az da artdı:
- Ruslar bizi sağ buraxmazlar! Hamımızı qıracaqlar!
Maşının qapısı açıldı. Erməni hərbçi başını içəri salıb, girovları diqqətlə süzdü. Siracın başını sinəsinə sıxan Yaşar nə zamansa bir yerdə çalışdığı Qariki tanıdı... İndi azadlığın bir addımındaykən qəddar Qariklə rastlaşmaq Yaşarın həyatda ən arzulamadığı görüş idi...
(Davamı olacaq...)
III hissədə:
Sirac evləri haqqında eşidəndə bayaqdan ilk dəfə indi əllərini üzündən çəkib, ona tərəf döndü. Sanki evlərinin yeni sahibinin simasını yaddaşına həkk eləmək istəyirdi. Qarik qapını çırpıb getdi. Sirac Yaşarın titrəyən dodaqlarına baxıb, sakitcə pıçıldadı:
- Ata, yalan deyir! Evimiz ona qalmayıb, yanıb! Gözümlə gördüm...
***
Karo Siracı bir göz qırpımında havaya qaldırıb, şillə ilə elə vurub atdı ki, Yaşar oğlunun öldüyünü, ya qaldığını anlaya bilmədi. Hər şey elə bir anın içində baş verdi...