Lent.az-ın “Əsir düşərgəsi”ndən 22 il keçmişə boylanmağa davam edirik. Avqust ayıdır, Goranboydayıq...
Xocalı rayon İcra hakimiyyəti başçısının ictimai-siyasi-humanitar məsələlər üzrə müavini Lamiyə Qarayeva ilə iş yerində görüşürük.
- Axşam pəncərədən görürdüm, həyətin uşaqları başınıza yığılmışdı, nənəmlə söhbət edirdiniz. Dedim nə əcəb danışmağa razı olub... Həmişə deyirəm ki, nə olar, danış, qoy hamı atam haqqında bilsin...
- Nərxanım xalanın nəvəsisiniz?
- Bəli. Mən onda iki yaşımdaydım, heç nə xatırlamıram. Qardaşımın isə üç yaşı var idi. Onun yadında qalıb. Mənsə ancaq anamın, nənələrimin dediklərindən bilirəm. Bircə onu bilirəm ki, əgər mən o vaxt ağlamasaydım, bəlkə atam indi sağ qalardı...
- Onda siz...
- Bəli, həmin qızam. Anasının erməniyə uzadıb “atasını aparırsansa, bunu da al apar” dediyi uşaq... Axşam nənəm bunu sizə danışanda pəncərədən eşidirdim...
***
İki yaşında başımıza gələni hansımız xatırlayırıq ki? O yaşda görə biləcəyimiz ən böyük günah anamızın cehizinin içindəki ən bahalı vazanı sındırmağımız ola bilərdi. O isə illərdir “Əgər o vaxt atamın qucağında ağlamasam... Ermənilər içəri girəndə atamı qucağında uşaq görsələr toxunmazdılar” deyərək özünü ittiham edir.
Hadisələrin rəsmini böyüklərinin dilindən eşitdiyi sözlərlə çəkir:
Üç gündür ki, Kətik meşəsində gəzib yol axtarırlar. Lamiyənin dayısı Mehmanla 1 saylı məktəbin müəllimi Razim müəllim mübahisə edirlər. Mehman:
- Bu yolla gedək! Siz deyən yolda iki gün qabaq möhkəm atışma olub, xeyli adam ölüb. Ora ilə getsək erməni əlinə keçə bilərik! – deyir.
Ağsaqqal Razım müəllim isə bu yolları qarış-qarış tanıyan biri kimi həmin yolla getməkdə təkid edir:
- Onsuz da ermənilər hər yana dolublar. Heç olmasa dəqiq bilirik ki, bu yol düz Ağdama gedir, ermənilərin yaşadıqları kəndlərə yox! Həm də atışma iki gün əvvəl olub, ola bilsin indi ermənilər ordan nəzərlərini yayındırıblar. Necə də olsa, ümidimizi o yoldan üzmüşük axı...
- Yenə də ora ilə getməyək! Özümüz olsaq cəhənnəm, yanımızda arvad-uşaq var...
- Mən bu bildiyim yolla gedəcəm. Qismətdə erməni əlinə keçmək varsa, neyləyək?!
Dəstə iki yerə bölünür. Razim müəllimlə gedənlər sağ-salamat Ağdama çatırlar. O haqlı imiş, ermənilər artıq bu tərəfdə xeyli insan qətlə yetirib, başqa səmtə çəkilmişdilər. Mehmana qoşulanlar isə düz ermənilərin üstünə gedirlər...
Ermənilər 300-ə qədər Xocalı sakinini yaxınlıqdakı Dəhraz kəndinə gətirib, donuz fermasına salır.
Lamiyə atasının – Qarayev Yusifəli Süleyman oğlunun, qardaşı Ramil isə anasının – Cəfərova İradə Aydın qızının qucağındadır.
Girov düşməzdən bir gün əvvəl dərədə şiddətli atışma olur. Bir xeyli ölən vardı. Kimsəsiz qalan körpələr valideynlərinin yatdığını zənn edib, meyitləri oyatmağa çalışırdı. Bu dəhşətli mənzərəni izləyən xocalılar kimsəsiz qalan uşaqları meyitlərin arasında qoyub getmir, özləri ilə götürürlər...
***
- Ermənilər dərədəki atışmada çox adam öldürüblər. Kim ki, subay olub, ya da ailəsi yanında olmayıb, yəni qucağı boş olub, onlar həmin uşaqları götürüblər. Elə o uşaqlar da onların həyatını xilas edib. Yetim qalan körpələr özləri də bilmədən xilaskar olublar. Taleyimdən həmişə ona görə gileylənirəm ki, atamın qucağında olsam bəlkə mən də onu xilas edə bilərdim... Qismət... Özümü günahkar bilirəm...
- Sizin nə günahınız var? Əsirlikdə atası gözünün qabağında yandırılan, öldürülən o qədər uşaq olub ki...
- Bu da düzdür. Amma həmişə içimdə o nisgil var. Axı anamgil orda bizi bölüb, qardaşım anamın, mənsə atamın qucağında olmuşuq. Mən ağlayanda anam qardaşımı nənəmə, öz anasına verib, məni atamdan alıb... Orda uşaqların ağlamağı çox problem yaradıb...
- Elə biri Salatın...
- Bəli. Salatını anası susdurmaq üçün boğmuşdu. Girovluqda olanda mənim nənəm Mahirə arvad Salatının tərpəndiyini görüb. Müşkülat xalaya o xəbər verib ki, deyəsən uşaq ölməyib. Salatın bu gün də həmin faciənin ağrısını bədənində yaşadır. Amansız idilər. Məni ermənilərə verib “özünü aparırsınız, alın uşağını da aparın” deyəndə anamı elə itələyib yıxıblar ki... Üstəlik də söyüb deyiblər elə eləmə avtomatı sənin qarnına boşaldaq...
***
Yusifəlini on dörd nəfərlə bir yerdə girovların içindən seçib aparandan sonra donuz fermasına qayıdan bir erməni iki yaşlı qızcığazın bərkdən ağladığını görür. Uşağın səsindən bezən erməni əlində bir parça çörəklə ona yaxınlaşır:
- Bu uşaq niyə ağlayır? Yəqin acdır, yemək istəyir. Al, türk küçüyü, al ye! Səsini kəs! Başımız şişdi sənin səsindən!
İki yaşlı qızcığaz əlini qarşısında diz çöküb ona çörək uzadan əldən bir az o yana, atası bir az əvvəl çıxardılıb aparılan qapıya tərəf uzadıb daha möhkəm ağlamağa başlayır:
- Ata istəyir... Ata istəyir...
***
- Anam iqtisadçıdır, Xocalı statistika idarəsində işləyib, indi də orda işləyir. Atam isə hadisələr başlayan gündən könülü döyüşürdü. Bilirəm, atamın o siyahıya düşmə səbəbi döyüşçü olması olub. Atamın sonrakı taleyi haqda heç bir məlumat yoxdur. Nə özü qaytarılanların içində gəldi, nə də adı ölənlərin siyahısında çıxdı... Ağlım kəsəndən atam haqda ancaq bir söz deyirlər: “Xocalı faciəsində itkin düşüb”. Bir qız övladı üçün bu cavab deyil axı... Amma bu yaxınlarda, özüm valideyn olmağa hazırlaşdığım ərəfədə bir şey eşitdim, xeyli ümidləndim... Ola bilsin, mənim atam hələ də yaşayır.
- Nə eşitmisiniz bu haqda?
- Bizdə Mərkəzi Xəstəxananın baş həkimi var, respublikanın əməkdar həkimi Məmməd Nağıyev. Bir yerdə əsirlikdə olmuşuq. O mənə deyib ki, atan da içində olmaqla 14 nəfəri seçib apardılar. Sonra güllələnmə səsi gəldi. Amma başqa səs gəlmədi. Biz bunu ancaq eşitdik, görmədik. Sonra böyük maşının səsi gəldi. Guya meyitləri yığıb apardılar. Deyir ki, bəlkə də bu bizim əlimizi onlardan birdəfəlik üzmək üçün idi ki, artıq o adamlardan ümidimizi kəsək. Deyək öldürdülər, yaşamırlar. Bəlkə də onlardan sonra hansısa məqsəd üçün istifadə edəcəklər.
- Bunun həqiqət ola biləcəyinə inanırsınız?
- Tam səmimi bir şey deyim, hər səhər gözümü açanda dua edirəm ki, inşallah, indi atam yaşamaz. Çünki bu günə kimi erməninin əlində sağ qalmaqdansa, məncə yaşamaması daha yaxşı olardı. İstəyərəm ki, atam sağ olsun, amma heç vaxt 22 illik əsirlik taleyini düşünmək istəmərəm...
- Bir neçə gün əvvəl bəzi saytlar Ağdamın iki kəndinin erməni işğalından azad olunduğu yazdı. Mən, atası o torpaqda dəfn olunan bir insan kimi buna inanmadım. Çünki bilirəm ki, atamın uyuduğu torpağın bir qarışı belə işğaldan azad olarsa, bunu mənim bütün hüceyrələrim duyacaq. Qələbəni hiss eləmək üçün heç bir saytın xəbərinə ehtiyacım yoxdur. Övladın intuisiyası hər şeydən güclüdür. O məzar azad olarsa, mən hiss eləyərəm. Buna güvənib soruşuram, siz nə hiss eləyirsiniz?
- Elə hiss edirəm ki, artıq yaşamır... Siz düz deyirsiniz, atam yaşasa, mən də hiss eləyərdim. Qardaşım da mənimlə eyni fikirdədir. Nənəm atamı bu gün də gözləyir. Onun evi, süfrəsi, qolları hər an “bu saat Yusifəli qapıdan girə bilər” inamı ilə açıqdır. Qardaşımla mən isə gözləmirik...
Sizə bir şey deyim, uşaq vaxtı həmişə xəyal edirdim ki, bir gün atam gələcək və mən onu tanımayacağam. Üzünü görməmişəm axı, onu ancaq şəkillərdən tanıyıram. O vaxtlar əsirlər haqqında tez-tez məlumatlar gəlirdi, dəyişdirilirdilər. Onda anamın da ümidi var idi. Hər bir qız kimi həmişə ataya ehtiyac duymuşam. Qızlar ata istəyən olur axı...
- Ananızın ümidi “var idi” dediniz. İndi necə, nənəniz kimi düşünür, yoxsa sizin kimi?
- Anam bu günə kimi deyir ki, Yusifəli yanımdadır... yuxumdadır... Bəlkə də anam onun yaşadığına o qədər inanır ki, hər axşam yuxusuna girir. Anam deyir elə bir gün olmur ki, onu görməyim... yuxuda... Anam Bakıda yaşayır, çox istəyərdim indi burda olsun, o sizə hər şeyi dəqiqliyi ilə danışardı. Anam dul qalanda çox gənc olub, iyirmi beş yaşı var idi. Atamdan sonra ailə qurmayıb, bizi böyüdüb.
***
Balaca Lamiyənin 6-7 yaşına qədər qarabasmaları olurdu. Səbəbini tam aydınlaşdıra bilməsə də özünü alovun içində görürdü. Güllə səsi gəlir, insanlar çığırırdı. Balaca qızcığaz isə bütün bu fəlakətlərin içində “ata” deyib qışqırır, ağlayırdı...
İllər keçəndən sonra o öz qarabasmaları haqda anasına danışanda “Əslində bu hadisələr olub, sadəcə sən onları təfərrüatı ilə xatırlamırsan” cavabını eşidəcəkdi...
Beləcə, müharibə bir qadının yaddaşında yanğının içində, güllə səsləri arasında dayanıb “Ata, ata!” qışqırıb ağlayan qızcığazın portretinə çevriləcəkdi...