Ukrayna Ali Radasının keçmiş azərbaycanlı deputatı, Kremençuk şəhərinin hazırkı meri Oleq Babayev qətlə yetirilib.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyevin APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər, yerli vaxtla saat 10.00-da onun yaşadığı evin qarşısında baş verib.
O. Babayev evindən bayıra çıxdığı zaman naməlum avtomobildən enən maskalı naməlum şəxslər onu avtomatdan atəşə tutublar. O. Babayev yerindəcə dünyasını dəyişib. Hadisə ilə bağlı cinayət işi başlanıb və hüquq-mühafizə orqanları hadisəni törədənləri axtarır.
Qeyd edək ki, əslən Azərbaycanın Gəncə şəhərindən olan O. Babayev Viktor Yuşenkonun prezidentliyi dövründə Ukrayna parlamentinin deputatı olub. O. Babayev həm də Ukraynada böyük biznes imkanlarına malik şəxs kimi tanınıb.
Xatırladaq ki, bu il mayın 14-də BUAK sədri, iş adamı R. Tağıyevə də qarşı silahlılar tərəfindən sui-qəsd cəhdi olub, o təsadüf nəticəsində sağ qalıb.
R. Tağıyev deyib ki, BUAK ölkədə yaşayan azərbaycanlılar adından Ukrayna Baş Prokurorluğuna müraciət hazırlayır. Müraciətdə baş verən hadisədən narahatlıq ifadə olunacaq.
*****
14:43
Ukraynanın Kremençuq şəhərinin meri Oleq Babayev güllələnib. Lent.az-ın lenta.ru saytına istinadən məlumatına görə, Bu badərə “Azov” batalyonunun komandiri İqor Mosiyçuq xəbər verib. O bildirib ki, Oleq Babayev bu gün evinin yaxınlığında aldığı güllə yarasından dünyasını dəyişib.
Xəbəri Ali Radasının deputatı Serqey Kaplin də təsdiqləyib. Onun sözlərinə görə, qatil yaxud qatillər “09” markalı maşınla Babayevin yolunu kəsiblər. Həmin maşından merə tərəf ov tüfəngindən 3 dəfə atəş açılıb.
Bildirilir ki, bu gün Lvovun meri Andrey Sadoqovun evinə də silahlı basqın olub. Onun evi tank əleyhinə mərmiatanlardan atəşə tutulub.
Hər iki hadisə ilə bağlı Ukrayna Daxili İşlər Nazirliyində cinayət işi açılıb. Olaylar arasında hər hansı bağlılığın olduğu ehtimal edilmir.
Qeyd edək ki, Oleq Babayev "Vorlska" klubunun prezidenti idi.