Serbiya ilə Kosovo təmsilçiləri bölgənin statusuna dair razılığa gəlib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, danışıqlar Kosovo öz müstəqilliyini elan edəndən 5 il sonra Brüsseldə gerçəkləşib.
Belqrad keçmiş Yuqoslaviyanın bu muxtar bölgəsinin müstəqilliyini tanımaqdan imtina edir. Ancaq son görüşdə vəziyyət dəyişib.Serb tərəfi Kosovanın şimalında etnik serblərin yaşadığı əraziyə rəsmi Priştinanın nəzarət etməsinə razılığını verib.
Bunun qarşılığında Kosovo hakimiyyəti serblərin yaşadığı Kosovo-Mitrovits dairəsinin muxtariyyətini tanıyacaq.
Serbiya və Kosovonun baş nazirləri İvitsa Daçiç və Haşim Taçi aprelin 19-da əsasən Kosovo serblərinin qanunverici və icraedici hüquqlarını müəyyən edən 15 maddəlik sazişi imzalayıblar.
Mütəxəssislər ehtimal edir ki,bu anlaşma nəticəsində Serbiyanın Avrpra Birliyinə daxil olması ilə bağlı Belqradla Brüssel arasında danışıqlar «ölü nöqtədən» tərpənir.
Serbiyanın keçmiş baş naziri və müxalifətçi Demokrat rartiyasının lideri Voislav Koştunisa bu anlaşmaya belə münasibət bildirib: «Serbiya hakimiyyəti Brüsseldə Kosovo albanları ilə münasibətlərin normallaşdırılmasına dair rüsvayçı müqavilə imzalayaraq ölkənin dövlət və milli maraqlarını satıb.Hazırkı hakimiyyət Kosovo və Metoxiyada Serbiya dövlətinin ləğvi ilə razılaşıb, serb xalqını alban separatçılarına təslim edib və Kosovo ərazisini Avrora Birliyinə daxil olmaq barədə danışıqların başlanğıcı kimi mənasız bir şeyə satıblar».