İvanişvilinin vəzifə vermək istədiyi azərbaycanlı qız: “Hələ dəvət almamışam” - MÜSAHİBƏ
10 may 2013 11:04 (UTC +04:00)

İvanişvilinin vəzifə vermək istədiyi azərbaycanlı qız: “Hələ dəvət almamışam” - MÜSAHİBƏ

“Mənə azərbaycanlı kadrlar lazımdır. Hələ də axtarışdayam. Mən nəinki müşavir, eyni zamanda nazir vəzifəsinə azərbaycanlının təyin olunmasını istəyirəm. Mənə Əliyeva soyadlı maraqlı bir qızın adını çəkiblər”.  APA-nın Gürcüstan bürosunun məlumatına görə,  bu sözləri mayın 8-də Rustavidə Heydər Əliyev adına parkın açılışından sonra Gürcüstanın baş naziri Bidzina İvanişvili bildirib. “Bütün bunlara bir daha baxacağıq. Mən istəyirəm ki, azərbaycanlılara daha böyük vəzifə verim, müşavir kiçik vəzifədir”.

 

 

Lent.az-ın məlumatına görə, soyadı hallanan gürcüstanlı soydaşımız, Gürcüstan azərbaycanlılarının gənc fəallarından, hüquq müdafiəçisi Ramilya Əliyeva mövzu ilə bağlı Deyerler.org-a müsahibə verib.

 

-  Ramilya xanım, yaşadığınız ölkənin baş nazirindən belə bir açıqlama gözləyirdinizmi?

 

- Əslində düzünü desəm bu xəbər, məhz həmin gün həmin görüşdə Gürcüstan baş nazirinin mənim soyadımı çəkməsi mənim üçün də sürpriz oldu. Amma mən seçkilərdən əvvəl “Gürcü Arzusu” Partiyasının işinə çox fəal olaraq qoşulmuşdum, fəal üzvlərindən biri idim. Seçkilərdən əvvəl bizim cənab B. İvanaşvili ilə Gürcüstan patriarxının katalikosu İliya ilə birlikdə görüşümüz də olmuşdu. Ümumiyyətlə bilirəm ki, B. İvanaşvilinin lap əvvəldən proqramında Gürcüstanda yaşayan azərbaycanlıların buradakı yüksək dövlət vəzifələrinə təyin olunması mövzusu vardı və bu müzakirə olunurdu. Şəxsən mənim məsələmə gəldikdə isə, hələlik mən heç bir rəsmi dəvət almamışam. Yəqin ki, irəlidəki 1-2 gün ərzində bu məsələ həll olunacaq. Bu sadəcə olaraq Gürcüstan baş nazirinin bəyanatı idi və o, özünün kadr siyasətində məni də nəzərdə tutması barədə açıqlama verib.

 

- Necə düşünürsünüz, sizə hansı sahə təklif edilə, həvalə oluna bilər?

 

-  Düzünü desəm, mən heç bir rəsmi təklif almamışam. B. İvanaşvilinin açıqlamasından belə anlaşılır ki, bu çox yüksək vəzifələrdən biri olacaq. Tək mənim haqqımda deyil, buradakı hər hansı bir azərbaycanlının baş nazirin müavini və ya hər hansı nazirlikdə yüksək vəzifələr tutması nəzərdə tutulur. Belə yüksək vəzifələrdən biri nazir postu da ola bilər. Çünki baş nazir qeyd edib ki, özünün nazirlər kabinetində nazirlər arasında bir azərbaycanlını görmək istəyərdi.

 

-  Sizinlə bu haqda hər hansı qeyir-rəsmi müzakirələr aparılıbmı?

 

-   Bilirsinizmi, bir daha qeyd edim ki, mənim “Gürcü Arzusu” ilə başlayan əlaqəm seçkilərdən əvvəl başlayan əlaqələrdir. Yəni mən bu partiyanın ideologiyası ilə razılaşan bir insan olmuşam.  Buna görə də seçkilərdən əvvəlki fəaliyyət, seçkilər dövründəki partiya ilə işləməyim və digər amillər cənab baş nazirin mənim soyadımı çəkməsinə səbəb olub. Mən bilirdim ki, bir neçə kadrın məsələsi müzakirə olunur, onlar arasında ola bilsin ki, mənim də ismim var idi. Amma dünən cənab B.İvanaşvilinin özünün bunu bəyan eləməsi əlbəttə ki, bəzi suallara cavab oldu. Lakin yenə də deyirəm, hər hansı rəsmi təklif olmadan bu məsələ ilə bağlı mən hər hansı ciddi şərh verə bilmərəm.

 

# 2823
avatar

Oxşar yazılar