Suriya ərazisinin əksər hissəsinə nəzarəti itirən prezident Bəşər Əsədə sadiq ordu bölmələri paytaxt Dəməşqi qorumağa çalışır.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Suriya ordusu son 48 saat ərzində müxtəlif istiqamətlərdən Dəməşqə daxil olmağa çalışan müxalif Suriya Azadlıq Ordusunun qarşısını almağa çalışıb.
Hərbi komandanlıq Şərqi Quta regionunun tam nəzarətə götürüldüyünü, Adre, Duma, Xarast, Cubar, Mlixe, Xan-eş-Şeyx və Muadamii bölgələrində mühasirəyə düşən müxaliflərə könüllü təslim olmaq təklif olunduğunu bəyan edib. Suriya ordusu cənub-qərb istiqamətində - Dəməşq Beynəlxalq Aeroportundan Dumeyrə qədər təmizləmə əməliyyatına başlandığını da açıqlayıb. Bir sözlə, prezident Bəşər Əsəd üçün hazırda əsas məqsəd Dəməşq ətrafındakı müxalif qüvvələrin uzaqlaşdırılmasıdır.
Hələbdə də qanlı döyüşlər davam edir. Bazar günü davam edən döyüşlərdən sonra müxaliflər Aziz qəsəbəsindən geri çəkilib. Hələb aeroportu yaxınlığındakı bu qəsəbə strateji yüksəklikdə yerləşir, qəsəbənin müxaliflərin nəzarətində olması cənub-şərqdəki Nkyraba hərbi aerodromu üçün də təhlükə mənbəyi olub. Ancaq müxaliflər hələ də Hələbin cənub-şərqinə tam nəzarət edir. Şəhərin mərkəzindən 4 km uzaqlıqdakı Şeyx Səid və Marca qəsəbələri uğrunda döyüşlər isə davam edir. Müxaliflər Humsda da Curat-eş-Şiyax və Xalidiya qəsəbələrinə nəzarət edir.