Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak edən İran prezidenti Həsən Ruhani İsveçrənin «RTS» telekanalına müsahibə verib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Həsən Ruhani deyib : «Heç bir düşmənlik və heç bir dostluq əbədi deyil. Biz çalışmalıyıq ki, düşmənlikləri dostluğa çevirək. 30 ildən artıqdır İran-ABŞ münasibətlərində problemlər yaşanır və hesab edirəm ki, əlaqələri yaxşılaşdırmaq üçün hər iki tərəf iradə göstərməlidir. Tərəflərin bir-birinin etimadını qazanması üçün belə səylər vacibdir. İran dünyanın bütün ölkələrinə dostluq əli uzadıb və bütün ölkələrlə münasibətlərinin dostluq prinsipi əsasında qurulmasını istəyir».
Ruhani «ABŞ-ın Tehranda yenidən səfirlik açmasının mümkündürmü» sualına belə cavab verib: “Bu, istisna deyil. Fikrimcə, ABŞ-ın Tehranda yenidən səfirlik açması mümkündür».
«Əgər ABŞ prezidenti Barak Obama sizə sarı əlini uzatsa, ona əl verəcəksinizmi və ümumiyyətlə Obama ilə sülhün mümkünlüyü haqda nə deyə bilərsiniz» sualını İran prezidenti belə cavablandırıb: «Hamımız sülhün bərqərar olunmasına çalışmalıyıq. Hər bir addım davranışlardan asılıdır. Əgər ABŞ hakimiyyəti İran xalqının hüququnu tanısa, onda düşmənliyə son qoymaq üçün əlverişli şərait yaranacaq və belə olan halda bizim cavabımız müsbət olacaq».
Qeyd edək ki, 1979-cu il inqilabından sonra ABŞ İrandakı səfirliyinin əməkdaşları 444 gün girov saxlanıldıqdan sonra sərbəst buraxılıb. Bundan başqa Amerikanın Tehrandakı səfirliyinin binası və ərazisi ABŞ torpağı kimi toxunulmaz olaraq, qalır. Həmin binanın fotolarını da diqqətinizə çatdırırıq.