Müdirin qızını yoldan çıxarıb zəngin oldu - Yanan otelin sahibi barədə  BİLİNMƏYƏNLƏR
30 yanvar 2025 10:26 (UTC +04:00)

Müdirin qızını yoldan çıxarıb zəngin oldu - Yanan otelin sahibi barədə BİLİNMƏYƏNLƏR

78 nəfərin yanaraq öldüyü “Grand Kartal” otelində baş verən fəlakətə görə məsul olan müdir Halit Ergül bir vaxtlar odunçu olub. Çalışdığı otel sahibinin qızı ilə evləndikdən sonra o, müdir olub və öz otel şəbəkəsini qurmaq üçün hər cür pisliyə əl atıb.

Lent.az Halit Ergül barədə yazını təqdim edir:

Halit Ergül Bolunun mərkəzindəki 'Susuzkınık' kəndində anadan olub. İbtidai və orta məktəbi bitirdikdən sonra lisey üçün Boluya gedib. Yay aylarında bir çox kəndlilər kimi odunçu işləyirdi. Bu arada, 1978-ci ildə rizəli iş adamı Mazhar Murtezaoğlu Kartalkayada ilk 'Kartal' adlı otelini tikdi. Yaxınlıqdakı kənd sakinləri də oteldə işləyirdilər. Ergül orta məktəbi bitirdikdən sonra kəndindən 15 kilometr aralıda yerləşən bu oteldə işləməyə başlayıb. Mühasibatlıq şöbəsində işləyirdi. Həmin dövrü xatırlayanların dediyinə görə, o, kargüzarlıq işi ilə məşğul olurdu. Bu işlərə başı qarışan Halit Ergül universitet oxumadı. 

Halit Ergülün arvadı, qaynatası və özü

Oyanıq kürəkən

Bu müddət ərzində o, otelin sahibi Mazhar Murtezaoğlunun qızı Əminə Murtezaoğlu ilə də tanış olub. Onların tanışlığı bir müddət sonra emosional münasibətə çevrilib. Daha sonra Ergül ailəsi Əminə Murtezaoğlunu istəməyə getdilər. Ata Mazhar Murtezaoğlu əvvəlcə bu vəziyyətin əleyhinə olsa da, zaman keçdikcə evliliyə razılıq verdi. Onlar 1987-ci ildə evləndilər. Halit Ergül işçi kimi girdiyi otelin sahibinin kürəkəni oldu. Onun dominant qayınatasının rəğbətini qazanması çox çəkmədi. Bir müddət sonra qayınatasının “sağ əli” oldu. 

İkinci oteli açdılar

Kartal otelində işlər yaxşı gedirdi. Mazhar Murtezaoğlu, bir neçə dəfə böyük olan ikinci otelini məhz bu otelin yanında tikdirdi. O, adını “Grand Kartal” qoydu. Bu otel də böyük marağa səbəb olub. 2004-cü ildə müdir Mazhar Murtezaoğlu iki otelini uşaqlarına təhvil verib. “Grand Kartal”ı qızı Əminə, ilk oteli olan “Kartal”ı isə oğlu Haruna verdi. İndi iki ayrı şirkət, iki ayrı otel var idi. Halit Ergül illər əvvəl mühasibatlığa başladığı otelin müdiri olub. Şirkətləri ayırdıqdan sonra isə qaynı Harunla araları dəydi. 

Qayınata alzaymer xəstəsi oldu...

2007-ci ildə Mazhar Murtezaoğlu Parkinson və Alzheimer xəstəliyinə görə bütün işlərindən uzaqlaşdıqda Halit Ergülün yolu daha da açıldı. Ergüllə qaynı arasında münaqişə və gərginlik həmişə davam edib. Bu, iki yan-yana otel arasında rəqabətdən daha çox şey idi. İddia və şikayətlər davam edib. Bu gərginlik bölgə ilə bağlı birgə qərarların qəbul edilməsinə də mane olub. İddialara görə, Ergül “Kartal” otelini almaq istəyib və ona təzyiq edilib. “Grand Kartal”da işləri yaxşı gedən Ergül “Ceyran” adlı yeni otel tikdirib. O, bu yerə öz kürəkəni Əmir Arası müdir seçdi. İstintaq çərçivəsində kürəkən Əmir Aras da həbs edilib.

Baş menecerin açıqlaması:  Xəbərdarlıq düyməsini basa bilmədim

“Grand Kartal” otelinin sahibi Halit Ergülün saxlanılan kürəkəni Əmir Arasın ifadəsi üzə çıxıb. Otelin həm də baş meneceri olan, lakin “Kompüterləri və rezervasiyaları yoxlayırdım” deyən Aras qısaca belə ifadə verib: “Keçən dəfə Turizm Nazirliyinin apardığı yoxlamada mən də iştirak etdim. Nazirliyin əməkdaşları otelin hər tərəfinə baxış keçiriblər. Bu yoxlama təxminən 5-6 saat çəkdi. Bələdiyyənin nəzarəti varmı, bilmirəm. Otelin meneceri kimi mən də mühafizəyə cavabdehəm və kürəkən olduğum üçün mən də orada idim. Baş verənlərə görə çox üzr istəyirəm. Yanğın zamanı mən otelin 7-ci mərtəbəsində idim. Qızım yanımda idi. Gecə telefonuma zəng gəldi və mənə dedilər ki, yanğın var. Qapını açdım, telefonum yenidən zəng çaldı. Mərtəbə müdiri yanğının olduğunu və bunun restoran bölməsində başladığını bildirdi. Pilləkənləri enib bayıra çıxdım. Yanğın çox güclü olduğundan xəbərdarlıq düymələrini basa bilmədim. Həmin an heç nə düşünə bilmirdim”.

Qalmaqallı təlimat

“Grand Kartal Hotel”in əməkdaşı Tuni Burhan faciə gecəsi verilən qalmaqallı göstərişi belə izah edib: “Qonşu otaqda mətbəxdə aşpaz olan şəxs qapımızı şiddətlə döyərək bizi oyatdı. “Yanğın var. Narahat olmayın, ancaq otağı dərhal boşaldın" dedi. Tələsik çıxdıq. Mətbəxin pəncərələrindən tüstü gəlirdi. Yanğın bir qədər irəliləmişdi. Heyət arasında danışılanlardan bildiyimə görə, yanğın mətbəxdə bişirilən qaynar yağdan başlayıb. Baca təmizlənmədiyinə görə hər yeri alov bürüyür və qaynar yağı su ilə söndürməyə çalışıblar”.

“Özümüz söndürərik”

Otel müdirinə göstərişlər gəlib. Menecer, “Heyəti oyadın, amma heç kimə deməyin. Bunu öz aramızda söndürərik. İşçilərdən bəzilərini dayanacağa göndərin” deyib. 

Otel müdiri Zeki Yılmaz belə ifadə verib: 

“Onsuz da bu oteldə işlər belə gedirdi. Əgər hər hansı problem olarsa, işçilər bunu öz aralarında həll edir, heç kimə xəbər vermirdilər. Allaha şükür ki, otel hələ də dözüm gətirirdi. Dekabrın 12-də yoxlama aparılıb və əməkdaşların istifadə etdiyi liftə qırmızı lövhə vurulub. Bu, "Liftə minmək təhlükəli və qadağandır" demək idi. Amma biz liftdən istifadə etməyə davam etdik. Qaz sızırdı, borular partlayırdı. İşçilər öz aralarında 'İnşallah, bu mövsümü də sağ-salamat başa vuracağıq' deyirdilər”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2787

Oxşar yazılar