Nərgiz Qurbanova, Azərbaycanın Polşadakı səfiri
29 may 2022 14:34 (UTC +04:00)

Nərgiz Qurbanova, Azərbaycanın Polşadakı səfiri

"Maraqlı məqam var"-Səfir Polşaya gələn azərbaycanlılardan danışdı

“Ukraynada müharibə nəticəsində təqribən 5000 Azərbaycan vətəndaşı Ukrayna-Polşa sərhədini keçərək Polşaya gəldi”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova bildirib.

Səfir deyib ki, onlardan təqribən yarısı Polşanı tərk edib: “Onların bir hissəsi Azərbaycan dövləti tərəfindən xüsusi ayrılmış 7 çarter təyyarəsi, bir hissəsi Azərbaycan hökuməti ilə Beynəlxalq Miqrasiya Təşkilatının əməkdaşlığı nəticəsində ərsəyə gəlmiş layihə çərçivəsində ayrılmış avtobuslar vasitəsilə Polşadan yola salındı. Bir qismi isə ailə üzvünün (xanım və ya ər) Ukrayna vətəndaşı olması səbəbilə Polşada qalmaq qərarına gəldi. Amma buna baxmayaraq, onlar arasında Azərbaycana təxliyə prosesi bitdikdən sonra da getmək istəyənlər oldu. Ailələri ilə birgə getmək istədilər. Onların arasında sənədləri qaydasında olmayanlar vardı, səfirlik tərəfindən qanunvericiliyə, rəsmi prosedurlara uyğun olaraq onlara qayıdış şəhadətnamələri təqdim olundu.

Bizdən olan məlumata görə, Ukraynadan Polşaya gələn Azərbaycan vətəndaşlarının yarısından çoxu artıq təxliyə olunub. Digər maraqlı məqam isə ondan ibarətdir ki, təqribən 900 Azərbaycan vətəndaşı yenidən Polşa vasitəsilə Ukraynaya geri qayıtdı”.

Nərgiz Qurbanova qeyd edib ki, digər kateqoriyaya Avropa İttifaqı zonası daxilində digər ölkələrə gedən Azərbaycan vətəndaşları daxildir: “Onların statistikasını əldə etmək çətindir. Yenə də müraciətlər olanda biz səfirlik olaraq bacardığımız qədər qanunvericilik daxilində onlara hər zaman yardım etməyə çalışırıq. Arada belə zənglər alırıq. Bu müraciətlər çox deyil və daha çox məsləhət, sual xarakterli olur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4461
avatar

Oxşar yazılar