Kiyevdə raket Azərbaycan səfirliyinin 50 metrliyinə düşüb -FOTO  -VİDEO  -YENİLƏNİB
26 iyun 2022 13:16 (UTC +04:00)

Kiyevdə raket Azərbaycan səfirliyinin 50 metrliyinə düşüb -FOTO -VİDEO -YENİLƏNİB

Bu gün səhər Ukraynanın Kiyev şəhərinə atılan raketlə bağlı bəzi təfərrüatlar məlum olub.

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporasının mətbuat xidmətinin rəhbəri Qalıb Osmanlının Lent.az-a bildirdiyinə görə, raket Azərbaycan səfirliyinin 50 metrliyinə düşüb. Səfirlik Podol rayonunun Qluboçika küçəsi 24 ünvanında yerləşir.

Səfirliyin binası xəsarət almayıb. Ancaq dağılan binanın altından 10 nəfər yaralı çıxarılıb.

Qeyd edək ki, ölüm hadisəsi qeydə alınmayıb, amma dağıntılar altından insanların çıxarılması və təxliyəsi davam etdirilir. İnsanlar arasında panika yoxdur. Çünki fevralın 24-ü müharibə başlayandan bundan daha dəhşətli hadisələr baş verib.

Hadisə yerindən yeni fotoları təqdim edirik:

 

***

10:37

Rusiya ordusunun Kiyevə hücumları nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib.

Lent.az xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko Telegram səhifəsində məlumat verib.

Məlumata görə, raketinin düşdüyü evin dağıntıları altında insanlar qalıb.

O bildirib ki, xilasedicilər və həkimlər hadisə yerində işlərini davam etdirirlər. Artıq xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti qənaətbəxşdir.

"Dostlar! Raketin düşdüyü Şevçenkovski rayonunda yaşayış binasında axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altında insanlar var. Sakinlərdən bəziləri təxliyə edilib, iki zərərçəkən xəstəxanaya yerləşdirilib” deyə Kliçko bildirib.

O əlavə edib ki, xilasedicilər bir uşağı dağıntılar altından çıxara biliblər:

"Şevçenko rayonunda yaşayış binasının dağıntıları altından yeddi yaşlı qız çıxarılıb. O, sağdır. Hazırda anası xilas edilir".

***

10:16

Ukrayna paytaxtı Kiyev şəhərinin Şevçenko rayonunu Rusiya ordusunun atəşə tutub,  ilkin məlumatlara görə, zərərşəkənlər var.

Lent.az bildirir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu gün saat 06:29-da 9 mərtəbəli binada yanğın baş verməsi barədə xilasedicilərə xəbər daxil olub. Dərhal hadisə yerinə ən yaxın yanğınsöndürmə və xilasedicilər gəlib. Müəyyən edilib ki, Rusiya ordusunun atəşə tutması nəticəsində 9 mərtəbəli yaşayış binasında yanğın baş verib, 7, 8 və 9-cu mərtəbələri qismən dağılıb. Yanğın sahəsi 300 kv. m. əhatə edib.

"Hazırda yanğının söndürülməsi və insanların xilas edilməsi istiqamətində tədbirlər görülür. İlkin məlumata görə, xəsarət alanlar var. Hadisə yerinə 19 yanğınsöndürən texnika və 67 canlı qüvvə cəlb olunub", - məlumatda deyilir.

# 4431
avatar

Oxşar yazılar