İran Suriyanın yeni lideri Əl-Colaniyə sui-qəsd planlaşdırır.
Lent.az xəbər verir ki, bu barədə Türkiyənin “Türkiyə Gazetesi” nəşri məlumat yayıb. Məlumatlara görə, ötən həftə İraqın Nəcəf şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli nümayəndələri və Suriya rejiminin keçmiş hərbi rəhbərləri əl-Colaninin məhv edilməsi və Suriyada hərbi çevrilişin təşkili yollarını müzakirə edən gizli toplantı keçirilib.
“Maariv” qəzeti yazır ki, mənbələrin məlumatına görə, görüş şiə iş adamının şəxsi villasında baş tutub. İştirakçılar arasında SEPAH Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, İranın Dəməşqdəki keçmiş səfiri Hüseyn Əkbər, Əsəd əl-Əli və Məhəmməd Xəlif də daxil olmaqla keçmiş suriyalı zabitlər olub. Jurnalistlərin fikrincə, sui-qəsd İranın Suriyada itirilmiş təsirini bərpa etmək strategiyasının bir hissəsidir.
Məlumata görə, Tehran təkcə Əl-Colanini məhv etməyi deyil, həm də ölkənin əsas bölgələrində - Latakiya və Tartusdan Rakka və Deyr əz-Zora qədər məzhəb, eləcə də etnik münaqişələri qızışdırmağı planlaşdırır. Bunun üçün İran PKK-nın kürd birləşmələrini, Hizbullahı, İraq Xalq Səfərbərliyini, eləcə də Əfqanıstan və Pakistandan olan şiə yaraqlılarını cəlb etmək istəyir.
Sui-qəsdin mühüm hissəsi silah təchizatı kanallarının yaradılmasıdır. Nəzərdə tutulan marşrutlar quru sərhəd keçidləri, Latakiya ilə Cənubi Kipr arasındakı dəniz yolu, həmçinin Hizbullahın yardımı ilə Livan üzərindən silahların ötürülməsidir.
İran rəhbərliyinin hesablamalarına görə, Suriyada sabitliyin pozulması beynəlxalq müdaxiləyə, ABŞ-ın mövqelərinin güclənməsinə və Tehranın regional təsirinin yenidən təşkili üçün əlverişli şərait yarada bilər.