İsrail ordusunun sözçüsü briqada generalı Daniel Haqari “Hizbullah” lideri Həsən Nəsrullahın Beyrutda xəstəxananın altında tikilmiş gizli bunkerlərindən birinin yerini açıqlayıb. Onun sözlərinə görə, qruplaşmanın fəaliyyətini maliyyələşdirmək üçün nəzərdə tutulan bunkerdə ən azı yarım milyard dollar var.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bu açıqlama İsrail ordusunun “Hizbullah” infrastrukturuna son hücumları fonunda verilib və nəticədə 20-dən çox hədəf, o cümlədən yeraltı pul və qızıl anbarları məhv edilib.
Haqari həmçinin bildirib ki, “Hizbullah”a qaçaqmalçılıqdan məsul olan 4400-cü bölmənin yeni komandiri Dəməşqə zərbələr nəticəsində öldürülüb. O, “Hizbullah” iqtisadiyyatının əhəmiyyətli hissəsinin Suriyadan Livana axan İran fondlarından asılı olduğunu vurğulayıb. Maaşlara, terror infrastrukturunun saxlanmasına və təşkilatın yenidən qurulmasına ildə yüz milyonlarla dollar xərcləndiyi təxmin edilir.
Bundan əlavə, Haqari qeyd edib ki, “Hizbullah” Livanın vətəndaş institutlarından öz məqsədləri üçün, o cümlədən qruplaşmanın əhalidən pul götürdüyü xeyriyyə birlikləri üçün istifadə edir. O vurğulayıb ki, fərqli reallıqda bu vəsaitlər raket infrastrukturunun yaradılmasına deyil, Livanın bərpasına yönəldilə bilər.
“Hizbullah”ın iqtisadi təməli onun bölgədəki təsirinin mühüm elementi olaraq qalır və İsrail ordusunun davam edən hücumları bu infrastrukturu sarsıtmağa yönəlib ki, bu da uzunmüddətli perspektivdə qrupu əhəmiyyətli dərəcədə zəiflədə bilər.
Xatırladaq ki, “Hizbullah” lideri Həsən Nəsrullah sentyabrın 27-si Beyrutda İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində öldürülüb.