"Ayının parçaladığı" kişinin qatili oğlu çıxdı
23 avqust 2025 13:18 (UTC +04:00)

"Ayının parçaladığı" kişinin qatili oğlu çıxdı

Yaponiyada 93 yaşlı kişi əvvəlcə ayı hücumunun qurbanı hesab olunsa da, sonradan məlum olub ki, onu əslində öz oğlu öldürüb. İstintaqdan sonra polis 51 yaşlı Fudziyuki Şindonu atasını qətlə yetirməkdə şübhəli bilərək həbs edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Yaponiyanın şimalındakı Akita prefekturasında 93 yaşlı Fudziesi Şindo həyat yoldaşı tərəfindən evlərində huşsuz vəziyyətdə və qan içində tapılıb. İlkin olaraq yerli hakimiyyət orqanları hadisəni ayı hücumu kimi qiymətləndiriblər. Polis dərhal şimal bölgələrinin sakinlərinə xəbərdarlıq göndərib. Son vaxtlar kənd təsərrüfatı sahələrinin azalması və qocaların ərazidə çox olması səbəbindən vəhşi heyvanların, xüsusən də ayıların, qida axtarışı üçün yaşayış məntəqələrinə daha çox yaxınlaşdığı müşahidə olunur.

Yaponiya Ətraf Mühit Nazirliyinin statistikası da bu narahat tendensiyanı təsdiqləyir. Belə ki, ötən il ayılar rekord sayda, 219 nəfərə hücum edib, onlardan 6-sı həyatını itirib.

Lakin istintaq tamamilə gözlənilməz və daha qaranlıq məcraya yönəlib. Polis mərhumun oğlu, 51 yaşlı Fudziyuki Şindonu atasını qətlə yetirməkdə şübhəli bilərək həbs edib. Yapon mediasının yazdığına görə, saxlanılan şəxsin ilkin ifadələri şübhə doğurmayıb. O, istintaqa bildirib ki, evdə atasına “ayı hücumu” baş verən vaxt heç bir qeyri-adi hal müşahidə etməyib.

İstintaqda həlledici məqam qocanın yaralarının ekspertizası olub. Müəyyənləşib ki, xəsarətlərin xarakteri vəhşi heyvan hücumu ilə uyğun gəlmir. Fudziesi Şindonun üzündə və belindəki yaraların iti alətlə, çox güman ki, bıçaqla vurulduğu məlum olub.

Araşdırma çərçivəsində Şindo ailəsinin evində axtarış aparılıb və bir neçə bıçaq götürülüb, polis həmin cinayətdə istifadə edilən aləti müəyyən etməyə çalışır. Kişinin cinayətə nə üçün əl atdığı hələlik aydın deyil, istintaq onun atasını öldürməsinə səbəb ola biləcək halları öyrənməyə davam edir.

Yaşlı kişi əvvəlcə ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və qısa müddət sonra ölümü rəsmi şəkildə təsdiqlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710

Oxşar yazılar