Banqladeş Beynəlxalq Cinayətlər Məhkəməsi (ICT) keçmiş baş nazir Şeyx Hasina hökumətinin 10 naziri də daxil olmaqla 20 nəfəri insanlığa qarşı cinayət və soyqırım ittihamı ilə həbs edib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə. tribunalın baş prokuroru Tacul İslam jurnalistlərə bildirib ki, cinayətlərdə ittiham olunanlar onları 2024-cü ilin iyul-avqust aylarında hökumətə qarşı kütləvi etirazlar zamanı törədiblər. Həbs olunanlar arasında respublikanın Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Cahangir Alam, digər keçmiş nazirlər, onların müşavirləri və Ali Məhkəmənin keçmiş hakimi Şamsuddin Manik də var. Həbs olunanların hamısı noyabrın 18-dək məhkəmə qarşısına çıxarılmalıdır.
ICT əvvəllər Hindistanda olan Şeyx Hasina və onun administrasiyasının sürgün edilmiş məmurları da daxil olmaqla ən azı 45 nəfərin yayda hökumət əleyhinə nümayişlər zamanı soyqırım ittihamı ilə üzləşməsi üçün həbsə order vermişdi. Keçmiş baş naziri Banqladeşə qaytarmaq üçün hüquq-mühafizə orqanları İnterpoldan kömək istəmək niyyətindədir.