Türk əsgərinin kamuflyajı dəyişir
06 aprel 2009 16:00 (UTC +04:00)

Türk əsgərinin kamuflyajı dəyişir

Türkiyə Silahlı Qüvvələri tam şəkildə yeni hərbi kamuflyaja keçir. Lent.az-ın “Asker Haber” portalına istinadən məlumatına görə, dizaynı tanınmış türk stilisti Arzu Kaprol tərəfindən hazırlanmış kamuflyajda hərbçilərin rəyi nəzərə alınmaqla, 3 rəng tündləşdirilib. Öncə indikindən bir qədər fərqlənən kamuflyaj zabitlərin müzakirəsinə təqdim olunub. Hərbçilər bu geyim formasının rəng baxımından ABŞ ordusunun geyiminə bənzədiyini iddia edəndən sonra rənglərə müəyyən dəyişikliklər edilib. Xatırladaq ki, yeni kamuflyajda ictimaiyyət qarşısına ilk dəfə sabiq Baş Qərargah rəisi, ordu generalı Yaşar Böyükanıt çıxmışdı.
Kamuflyajın rəngləri TÜBİTAK-ın araşdırmaları nəticəsində müəyyənləşdirilib. Belə ki, TÜBİTAK-ın Türkiyənin 7 bölgəsindən götürdüyü peyk fotoşəkilləri ilə uyğun bir rəng təyin olunub və kamuflyaj parçalarının toxunuşunda bu rənglərdən istifadə edilib. NATO orduları üçün geyim tədarükü həyata keçirən Türkiyənin “Bürcə Tekstil” şirkəti tərəfindən 3X Dray adı verilən texnologiya ilə 85%-i pambıq, 15%-i sintetik yun olan “ağıllı parçalar”dan tikilib. Bu geyimlərin üstün xüsusiyyətləri yayda təri çölə buraxması, qışda isə soyuqdan qoruyaraq, bədən istiliyini 20 dərəcədə saxlamasıdır.
Yeni kamuflyajda qapaqlı ciblərlə yanaşı, ön tərəfdə normal ciblər var. Yeni formaların papaqları da dəyişib. Beysbol papağına bənzəyən yeni papaqların ön tərəfi bir qədər yuxarıya qaldırılıb. Bu kamuflyajdan Silahlı Qüvvələrin tələbatı üzrə 3 milyon dəst tikilməsi nəzərdə tutulur. Birinci mərhələdə Quru Qoşunları yeni kamuflyaja keçəcək. Gələcəkdə bu formalarda dəyişikliklərin aparılması isə şəxsi heyətin təklifi əsasında aparılacaq. Yeni formalar daha sonra Hərbi Dəniz və Hərbi Hava qüvvələrinə və Jandarma Komandanlığının personalına paylanacaq. Hərbi Hava Qüvvələrində hazırda geyilən mavi rəngli paltar yeni kamuflyajlarla əvəz olunacaq.
Türk əsgərlərinin yeni kamuflyajı rəngləri baxımından Rusiya Silahlı Qüvvələrinin hazırda geyindiyi paltarlara bənzəyir. Hansı ki, bu kamuflyajlardan Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları da istifadə edir.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələri və Daxili Qoşunlar və Ədliyyə Alayı hərbi qulluqçularının hazırkı qış kamuflyajı rənglərinə və tikilişinə görə Türkiyə Silahlı Qüvvələrinin istifadə etdiyi kamuflyajlara bənzəyir. Bir sıra Türkiyə firmalarının Azərbaycan ordusu üçün də hərbi geyim və ayaqqabılar istehsal etdiyi bildirilir.
Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1558

Oxşar yazılar