Diktatorları tanıyın! – SİYAHI
31 oktyabr 2012 09:00 (UTC +04:00)

Diktatorları tanıyın! – SİYAHI

Bəlkə də bu vəhşi xislət onlarda lap körpəlikdən baş qaldırıb, qanla keçib. Bunları indi artıq bilmək mümkün deyil. Biz ancaq onların gənclik və uşaqlıq şəkillərini təqdim edərək, nəticə çıxartmağı oxucuların öhdəsinə buraxırıq.

Diqqət: Bütün diktatorların adı ardıcıllıqla məqalənin sonunda yazılıb.

1. Natiq

Bu şəxs çox yaxşı oxuyub, tarix, coğrafiya, xarici dillərdə onda xüsusilə uğurla alınıb. Cəmi 3 il ərzində müəllim diplomu alıb. Lakin iş yeri axtarışı uzun çəkib – kifayət qədər iş yeri olmayıb. Nəhayət, kiçik bir şəhərdəki orta məktəbdə ştatdankənar müəllim işinə düzəlib. Amma iş yerində çox qala bilməyib. Ərli qadınla eşq macərası qalmaqala səbəb olub və o, ölkəni tərk edib. Mühacir həyatı yaşayarkən, məqalələr yazmağa başlayıb. Bir qədər keçəndən sonra bir qrup mühacir qarşısında ilk dəfə siyasi nitqlə çıxış edib. Onun nitqi uğurlu olub və onu yaxşı qəbul ediblər. Daha 2 il mühacirət həyatı yaşayıb. Ölkədə olmadığı dövrdə orduya çağırış vaxtını buraxıb. «Sadə fərariliyə» görə, onun barəsində 1 il həbs qərarı çıxarılıb. Lakin az sonra kralın doğum günü münasibətilə amnistiya verilib. O, sakit şəkildə vətənə dönüb və siyasi karyerasını qurmağa başlayıb. Hakimiyyətə gələndən sonra müharibə üçün öz xalqından hər şeyi, hətta ailə əşyalarını da tələb edib. Xalq isə ona diqqətlə qulaq asırmış və nişan üzüyünü belə əritmə qazanına atırmış.

2. Kinosevər

Çaxırı çox sevirmiş. Onun şəxsi kolleksiyasında isə 20 mindən çox film olub. Ən sevimli filmi isə Rembo, Ceyms Bond və Qodzilla barədə filmlər imiş. Sözsüz ki, onun ölkəsində də dahi filmlər çəkilməliymiş. Bu səbəbdən də, «kino mədəniyyəti» ilə bağlı kitab yazıb. Ən çox sevdiyi şey isə kameranı öz əlində tutmaq olub. Öz işlərinə keyfiyyəti təmin etmək üçün o, hətta kömək etmək istəmədikləri təqdirdə belə ən məşhur rejissorlar və aktyorlara müraciət edirmiş. Bir dəfə məşhur xarici aktrisanı qayıq gəzintisi zamanı oğurlamağı və onun studiyasına gətirməyi əmr edib. Diktatorların agentləri bununla kifayətlənməyərək, aktrisanın məşhur kinorejissor olan həyat yoldaşını da oğurlayıblar. Cütlük girovluğa düşəndən sonra film çəkməyə məcbur olub. Onların çəkdikləri filmlər arasında müxtəlif təbliğati filmlərdən savayı, Qodzillanın surəti olan «Pulqasari» də olub. 8 il sonra ər və arvad girovluqdan qaçıb. Diktator isə film çəkməkdə davam edirmiş və 600-dən çox filmin rejissoru kimi çıxış edib. Onun yuxu üçün çox az vaxtı qalırmış. Bu səbəbdən o, gözlərini həmişə qara eynək altında gizlətməyə üstünlük verirmiş.

3. Qurman

O, sadə ailədən çıxıb və bunu heç vaxt gizlətməyib. Hakimiyyətə gələndən sonra isə cah-cəlal içində yaşamağa başlayıb. Onun ölkəsində su qızıl qiymətinə olsa da, hər sarayında böyük hovuz tikdirib. O, hər gecə saat 3-də yuxudan duraraq üzürmüş. Bu, onurğa diskləri arasında yırtıq olmasına baxmayaraq, ona ahıl yaşında belə formada qalmağa kömək edib. Cangüdənləri daima hovuzun başında keşik çəkirlərmiş, hər saat suyun hərarəti və tərkibi yoxlanırmış – suya zəhərli maddə töküləcəyindən ehtiyat edilirmiş. Mühafizəçiləri onun qidalanmasına da xüsusi diqqət yetirərək, yoxlayırmışlar. Ərzaq, ilk növbədə balıq, xərçəng və krablar ona təyyarə ilə çatdırılırmış. Bütün qutular nüvə alimləri tərəfindən xüsusi cihazla yoxlanılırmış. Qidalar radioaktivlik və zəhərdən qorunurmuş. Onun yeri həmişə gizli saxlanıldığından, hər bir sarayındakı aşbaz gündə 3 dəfə yemək bişirirmiş. Diktator yeməklə çəhrayı çaxıra üstünlük verirmiş. Bu zaman o, dininin yol verməməsi səbəbindən çaxırı gizli içirmiş.

4. Ovçu

Bir çox digər diktatorlar kimi ona «rəhbər» deyilməsinə icazə verirmiş və bundan fərəhlənirmiş. Onun doğum günlərində şairlər və yazıçılar kitablar buraxırlarmış. Onlar onu «Titanların titanı», «Böyük palıd» və «Günəşin oğlu» adlandırırlarmış. Ovçuluq məharətinə görə isə «İti gözlü şahin» titulu alıb. O, insanların gözü qarşısında ayıları öldürməyi sevirmiş. «Tamaşanın» uğurlu olması üçün hazırlıq protokol üzrə aparılırmış: ayıları zooparkdan gətirirlərmiş, onları çox nazik iplə bağlayaraq, yuxu dərmanı ilə keyləşdirirlərmiş. Bundan sonra ayılar üçün xüsusi cığır düzəldilirmiş və ətrafda qüllə ucaldılırmış. Amma bu qüllə çox hündür olmamalıymış. Çünki «İti gözlü şahin» hündürlükdən qorxurmuş. Daha sonra o özü qırmızı vertolyotda hadisə yerinə yaxınlaşırmış. Qırmızı rəngli vertolyot əlaltılarının tanıması üçün onun xüsusi nişanı olub. Rəhbər vertolyotdan düşərək pillələri qırmızı xalça ilə bəzənən qülləyə qalxırmış və buradan ayıları nişan alırmış. Bundan sonra o atəş açırmış. Amma onunla bərabər, gizli yerdə dayanan daha 3 snayper atəş açırmış. Yaralı ayıları gətirəndən sonra diktator daha 2 atəşlə onları öldürərmiş. Bu zaman o, ayının güllədən deşik-deşik olmasından utanmırmış.

5. Tələbə

Onun atası əsgər olub. Hərbi xidmətdən aralandıqdan sonra ticarətlə məşğul olmağa başlayıb və xeyli pul qazanıb. Oğlu gələcəkdə təsərrüfatı davam etdirmək üçün yaxşı təhsil almalıymış. Amma gənc oğlan başqa yolla getməyə üstünlük verir. O, tarixi romanları acgözlüklə oxuyurmuş, Napaleon, Russo və Linkolnun bioqrafiyasını əzbərləyirmiş. Atası ona pul ayırmağı dayandırdıqda, pulsuz pedoqoji məktəbə yazılır, kitabxanaçı köməkçisi kimi həyatı üçün pul qazanır, eləcə də camaşırxanada işləyir. O, bədənin möhkəmləndirilməsinin xeyri barədə ilk məqaləsini yazır, eləcə də tələbə qəzeti təsis edir. Mətbuatın azadlığı onun üçün çox ciddi məsələ olur. Artıq ölkənin rəhbəri olanda parlaq nitqləri zamanı özünü ifadə etmək azadlığına çağırır. Amma son nəticə xoşuna gəlmədiyindən, cəmi bir il sonra təmayülçü ideyaların əleyhinə kampaniyaya başlayır. O, tələbəlik illəri zamanı oxuduğu kitabların siyahısını saxlayır. Rəhbər oxuyan zaman fasiləyə yol verməmək üçün yanındakı əsgərin qaba doldurduğu yeməyi belə baxmadan yeyirmiş. O, gecələrin böyük hissəsini də oxumağa həsr edirmiş. Yatmamaq üçün isə çay yarpaqları çeynəyirmiş. Səhərə yaxın yatanda isə əsgərlər onun otağının yaxınlığında cikkildəyən quşları qovurmuşlar. Onlar bunu çox sakit şəkildə həyata keçirirlərmiş. Çünki rəhbər qeyri-adi qabiliyyətlərini, o cümlədən müdriklik, öngörənlik qüsursuzluğunu vaxtında bərpa etməliymiş.

6. Arxitektor

O, sağ qalmaya da bilərmiş. Digər bacı və qardaşları kimi çox xəstə uşaq olub. Ondan əvvəl anası dünyaya 3 uşaq – 2 oğlan və 1 qız gətirib. Ondan sonra da 2 qız doğulub. Onlardan biri körpə ikən ölüb. 14 yaşı tamam olanda, atasını itirib. Anası daha 4 il yaşayıb, sonra isə xərçəngdən vəfat edib. Çox kiçik yetim payına malik olan gələcək diktator böyük şəhərə üz tutub. O, orada şəkil çəkib, arxitektura planını hazırlayıb və işlərini ali təhsil müəssisəsinə təqdim edib. Professor onun arxitektura qabiliyyətinin olduğunu etiraf edib. Onu bir neçə aylığa arxitektura bürosuna rəssam kimi işə götürüblər. Bundan az sonra o, ölkəni tərk edib. Qüdrətli şəxsə çevrildikdən sonra yenidən həmin şəhərə gəlib və tarix-incəsənət muzeyinə baş çəkib. Muzeyin baş direktoru onun eksponatları detallarına qədər bilməsindən heyrətlənib. O isə direktora söyləyib ki, eksponatların qızıl suyuna çəkilməsi və rənglənməsi ilə məşğul olan firmada çalışıb. O, məhz həmin muzeyin zalında divarlarda təmir işləri aparıb.

7. Balaca

Onu uşaqlıqda «kibrit çöpü» adlandırırlarmış. Çünki çox balaca və arıq olub. Gənclik illərində orduya gedən zaman ona qundağı kiçildilmiş tüfəng veriblər. Çünki adi tüfəng onun boyundan çox böyük olub. Həmişə atasının onu tərifləməsi uğrunda çalışıb. Amma atası deyirmiş ki, ikinci oğlu ən axmaq şəxsdir. Məhz bu ikinci oğul ölkədə vətəndaş müharibəsi başlamasına səbəb olur. Onun ölkəsinə xarici jurnalistlər səfər edirlərmiş. Onlardan biri yazıb: «Mən bu ölkəyə məqalə yazmaq üçün gəlmişdim. Amma dərhal könüllülər sırasına yazıldım. Çünki bu, o zaman ən doğru qərar kimi görünürdü». Həmin jurnalistin bir çox digər həmkarı da qələmi silaha dəyişib. Diktator özü də tez-tez əlinə silah götürürmüş. Ovçuluq isə onun hobbisi olub. Yaxın adamları ilə birgə həftələrlə meşədə qalırmış. Fotoqraflardan biri onun yüzlərlə öldürülmüş kəklik fonunda fotosunu çəkib. Amma şəkil dərhal müsadirə edilib. Çünki qəzetlərə bu fotonu dərc etməyə icazə vermirlərmiş – xalq aclıq çəkirmiş.

8. Paranoik

O, limon yetişdirməyi xoşlayırmış və gözləri mis rəngində olub. Qəzəblənəndə, rəngi saralırmış. Gənclik illərində az qala araba altında qalaraq öləcəkmiş. O, bu hadisədən sonra sağ qalsa da, sol çiynində problem ömrü boyu qalıb. Bununla bağlı həm də psixoanalitika sahəsində mütəxəssis olan məşhur nevropataloqa müraciət edib. Həmin şəxs onu müayinə edəndən sonra belə bir diaqnoz qoyub: Bu gənc paranoikdir və onu daima izləyən ideyalardan əziyyət çəkir. Həkim bunun necə bir xəstəlik olduğunu axıra kimi müəyyən edə bilməyib. Amma doktor diaqnozu qoyduğu gün ölüb. Gənc diktatora çevrildikdən sonra əmr edib ki, həmin nevropataloqun adı bütün elmi işlərdən və dərsliklərdən çıxarılsın. Onun sol qolu bütün ömrü boyu sağ qolundan qısa qalıb. Buna baxmayaraq, qadınlar onun heyranı olublar. Amma flirt zamanı hətta yaşlı dövründə belə özünü uşaq kimi aparırmış. Keçirilən gecələrdən birində aktrisa onun xoşuna gəlib. Diktator xoşuna gəldiyini göstərmək üçün çörəkdən düzəltdiyi yumru tikələri ona atırmış.



1. Benito Mussolini – İtaliya diktatoru (1883-1945)
2. Kim Çen İr – Şimali Koreya diktatoru (1942-2011)
3. Səddam Hüseyn – İraq diktatoru (1937-2006)
4. Nikolae Çauşesku – Rumıniya diktatoru (1918-1989)
5. Mao Tszedun – Çin diktatoru (1893-1976)
6. Adolf Hitler – Almaniya diktatoru (1889-1945)
7. Fransisko Franko – İspaniya diktatoru (1892-1975)
8. İosif Stalin – SSRİ diktatoru (1878-1953).


Kamal Gürşad
# 5308

Oxşar yazılar

Türkiyədə İŞİD-ə qarşı əməliyyat-Saxlanılanlar var

Türkiyədə İŞİD-ə qarşı əməliyyat-Saxlanılanlar var

28 aprel 2024 , 14:16
Yenə Quran yandırıldı

Yenə Quran yandırıldı

28 aprel 2024 , 13:24
TikTok Baydeni uduzdura bilər

TikTok Baydeni uduzdura bilər

28 aprel 2024 , 10:03
Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

28 aprel 2024 , 09:26
Rusiyada zəlzələ  baş verdi

Rusiyada zəlzələ baş verdi

28 aprel 2024 , 08:22
Polis 100-dən çox fəalı SAXLADI

Polis 100-dən çox fəalı SAXLADI

28 aprel 2024 , 05:20
“Titanik” sərnişininin saatı 1,4 milyon dollara  satıldı

“Titanik” sərnişininin saatı 1,4 milyon dollara satıldı

28 aprel 2024 , 03:41
İndoneziyada güclü zəlzələ  baş verdi

İndoneziyada güclü zəlzələ baş verdi

28 aprel 2024 , 01:31