27-ci komissar: ölümcül səhvlər, sirli son - <span style="color:red;">ARAŞDIRMA
24 aprel 2018 15:47 (UTC +04:00)

27-ci komissar: ölümcül səhvlər, sirli son - ARAŞDIRMA

 

Şərqin ilk demokratik respublikanın 100 illik yubileyinə bir aydan bir qədər çox vaxt qalır. Bu həftə isə Cümhuriyyətimizin taleyi ilə bağlı başqa bir tarixi hadisənin - 27 aprel işğalının 98-ci ildönümüdür. Lent.az tarix üzrə fəlsəfə doktoru, APA TV-nin Xəbər müdiri Cavid Cabbaroğlunun Azərbaycan Xalq Cümhuriyyətinə de-yure son qoyan Azərbaycan Hərbi İnqilab Komitəsinin sədri Nəriman Nərimanov haqqında yazısını təqdim edir.

 

***

 

Uşaq olanda onu bizə "Şərqin Lenini" kimi təqdim edirdilər; biz də inanırdıq. Həm də sevinirdik ki, "Şərqin Lenini" başqa xalqların yox, məhz azərbaycanlıların içindən çıxıb. Fəxr edirdik ki, bizim Lenin əsl Leninlə eyni ildə və eyni ayda, hətta ondan 8 gün öncə dünyaya gəlib.

 

Yəqin ki, təxmin etdiniz - söhbət siyasi xadim, yazıçı, publisist və həkim Nəriman Nərimanovdan gedir. O Nərimanovdan ki, ona münasibət heç vaxt birmənalı olmayıb: istər sağlığında, istərsə də ölümündən sonra - istər sovet işğalı dövründə, istərsə də Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra. Xüsusən 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində Cümhuriyyətimiz və onun liderləri ilə bağlı tarixi həqiqətlərin üzə çıxmasından sonra ona, yumşaq desək, mənfi münasibət bəsləyənlərin sayı kəskin artıb. Səbəb bəllidir - Nərimanov Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinə son qoyan Azərbaycan Hərbi İnqilab Komitəsinin sədri olub.

 

Amma bəlkə də çoxları bilmir ki, 71 illik sovet işğalı dövründə Nəriman Nərimanovun adının bir siyasi xadim kimi anılması uzun illər qadağan olunub, barəsində yalnız ədəbiyyat xadimi, yazıçı kimi söz açılıb. Qəribədir, deyilmi? Bəs necə olub ki, sovetlərin ideoloji düşməni olan Cümhuriyyətimizin lideri Məhəmməd Əmin Rəsulzadə kimi, bu cümhuriyyətə son qoyan Nəriman Nərimanovun da adı yasaqlanıb?

 

Nərimanov kim idi və nə istəyirdi?

 

Bu suala cavab vermək üçün Doktor Nərimanovun uzun-uzadı tərcümeyi-halını yazmağa gərək yoxdur. İstəyən "Google"da axtarış verib tapa və oxuya bilər. Bizcə, yarımbaşlıqdakı suala ən yaxşı cavabı elə Nərimanovun özü verib - "Qafqaza hansı şüarlarla gedirik?", "Bəzi yoldaşlara cavab", "Qafqazın işğalına baxış" məqalələrində, Leninə və Stalinə ünvanladığı məktublarında, bir də oğlu Nəcəfə yarımçıq qalmış nəsihətnaməsində. Yeri gəlmişkən, "Ucqarlarda inqilabımızın tarixinə dair" adı ilə məşhur olan Mərkəzi Komitəyə və Stalinə məktub Azərbaycanın 1918-1923-cü illər tarixinə dair ən mükəmməl sənədlərdən biri sayılır.

 

Oğlu Nəcəfə yazdığı tamamlanmamış məktubunda Nəriman Nərimanov öz həyatını belə təsvir edir: "Mənim həyatım daim qayğılarla dolu olmuşdur. Mən iyirmi yaşımdan qardaş və bacılarımın ailəsinə baxmış, bu 30 ildə 11 adam tərbiyə etmişəm. Onlardan 8 qızı ərə vermiş, qardaşımın 3 oğlunu özümün az maaşımla böyütmüşəm. Bütün bunların hamısını icra etdikdən sonra mən yenə də təhsil almağa başladım. 30 yaşında universitetə daxil oldum, onu bitirdikdən sonra bütün qüvvəmlə qardaşım Salmanın uşaqlarının tərbiyəsi ilə məşğul oldum. Bütün bu işlərdən mən yalnız indi, qardaşımın sonuncu qızı Xanımı 1924-cü ildə ərə verdikdən sonra azad olmuşam. Mən bunu bir il keçəndən sonra, yəni 1925-ci ildə yazıram. Bütün bunları ona görə yazıram ki, sən məni bəşəriyyət üçün az iş gördüyüm üçün məzəmmət etməyəsən. Əgər mənim həyatımı araşdırsan, sən əmin olacaqsan ki, mən 1925-ci ilədək başqaları üçün yaşamışam".

 

Nərimanov bu məktubunda hakimiyyət adamı olmadığını da etiraf edir: "Mənim əziz Nəcəfim! Hakimiyyət dalınca qaçma, çünki o, adamı korlayır. Əgər sən adamı tanımaq, onun bütün daxili aləmini bilmək istəyirsənsə, həmin adamı bir müddət vəzifə başına qoy. Həmin adam bütün bacarığını və nöqsanlarını büruzə verəcəkdir" (Nəriman Nərimanov. Seçilmiş əsərləri. səh. 467-470).

 

Əslində Nərimanov haqlı idi - o, heç vaxt hakimiyyət dalınca qaçmadı, heç zaman da özü üçün yaşamadı, başqaları üçün yaşadı. Daha dəqiqi, lider kimi qəbul etdiyi Lenin üçün, cani-könüldən bağlandığı kommunizm ideyaları üçün yaşayıb-yaratdı. Doktor Nəriman kommunizm ideyasına o qədər aludə olmuşdu ki, 1918-ci ilin martında bolşevik-daşnak ermənilərin Bakıda və Azərbaycanın müxtəlif bölgələrində törətdiyi türk-müsəlman soyqırımı belə onu bu ideyadan vaz keçirə bilmədi.

 

Mart soyqırımı və Nərimanov

 

Nəriman Nərimanov bizim üçün təkcə ictimai-siyasi xadim və yazıçı-publisist deyil, həm də Azərbaycan tarixşünaslığı üçün 1918-ci ilin mart soyqırımı ilə bağlı çox qiymətli bir mənbədir. 1923-cü ildə Mərkəzi Komitəyə və Stalinə yazdığı "Ucqarlarda inqilabımızın tarixinə dair" adlı müraciətində Doktor Nərimanov o günləri belə təsvir edir: "Vətəndaş müharibəsi ərəfəsində mənim mənzilimdə müsəlman kommunistlərin yığıncağı keçilirdi ki, mərhum yol. Şaumyan da bura dəvət edilmişdi. Yaranmış vəziyyət haqqında məsələnin uzun sürən müzakirəsindən sonra mən sübut etməyə çalışırdım ki, vətəndaş müharibəsini indiki vaxtda başlamaq təhlükəlidir, belə ki, o, milli qırğına çevrilə bilər. Mən bunu ona görə deyirdim ki, o zaman Bakıda ancaq daşnaklardan ibarət olan çoxsaylı erməni hərbi milli hissəsi yerləşirdi. Yol. Şaumyan bu dəlillə razılaşdı. Lakin iki saatdan sonra biz deyil, müsavatçılar tərəfindən vətəndaş müharibəsi başlandı. Qüvvəmizin zəifliyini nəzərə alaraq, çətin dəqiqədə yol. Şaumyan erməni hissəsinin Sovet hakimiyyətini müdafiə etməsinə razılıq verdi. O biri gün saat 12-yə qədər vətəndaş müharibəsi düzgün aparılırdı, lakin saat 12-dən mənə məlumatlar çatmağa başlayır ki, müharibə milli qırğın şəkli alır. Burada olduqca çoxlu xarakterik səhnələr var ki, mən onlar haqqında susuram...

 

Nəhayət, müsəlmanların deputatlar heyəti yanıma gəlir və özlərini məğlub edilmiş hesab edərək müharibəni dayandırmağı xahiş edir. Mən dərhal yol. Caparidzeyə zəng edirəm. O, deputatlar göndərməyə söz verir. Bu vaxt daşnaklar mənim mənzilimə basqın edirlər.

Mən qaçıb gizlənirəm. Mənim qardaşımı tutub aparırlar. Bir saatdan sonra yol. Şaumyan

məni ailəmlə birlikdə “Sovet hakimiyyətinin müdafiəçiləri” olan daşnaklardan xilas edir. Bundan sonra Bakı şəhəri üzrə üç gün vəhşiləşmiş daşnakların dəhşətli azğınlığı baş verir. Nəticədə daşnaklar, yəni “Sovet hakimiyyətinin müdafiəçiləri” əliuşaqlı müsəlman qadınları əsir edirlər...

 

Burada bizim müdafiəçilərimiz daşnaklar tərəfindən qadınlar üzərində törədilən alçaq təhqirlər haqqında susmaq lazım gəlir. Bu haqda susmaq daha yaxşıdır. Lakin belə bir dəhşətli hadisədən sonra onun qəzalar üzrə həyata keçirilməsini davam etdirmək nəyə lazım idi? Bax, bu suala 1918-ci ildə Bakıdakı Sovet hakimiyyəti cavab verməlidir" (Nəriman Nərimanov. Seçilmiş əsərləri. səh. 436-437).

 

Bu, Nərimanovun mart soyqırımına 5 il sonrakı baxışıdır. 1919-cu ilin fevralında, yəni soyqırımdan təxminən on ay sonra yazdığı "Qafqaza hansı şüarlarla gedirik?" başlıqlı məqaləsində isə o, hadisələrə daha geniş toxunub. Təbii, qanlı olayların məsuliyyətini yenə də Müsavat Partiyasının ayağına yazıb. Amma beş il sonra yazdıqlarına baxanda hadisələrə 1919-cu ildəki baxışlarını daha az daxili senzuraya məruz qoyduğu ciddi şəkildə hiss olunur: "Ermənilər müsəlmanları qrup şəklində əsir alır və öz qərargahlarına aparırdılar. Yolda onları güllələyirdilər. İş o yerə çatmışdı ki, müsəlmanın bolşevizmə aid olması da onu xilas etmirdi. Daşnaklar deyirdilər: "Biz heç bir bolşevik tanımırıq. Əgər sən müsəlmansansa, bu kifayətdir". Kimi istəyirdilər, güllələyirdilər. Elə bir vəhşilik yox idi ki, müsəlmanlar üzərində tətbiq etməsinlər. Bolşevik bayrağı altında daşnaklar müsəlmanlara hər cür zorakılıq göstərirdilər. Nəinki kişilərə, hətta hamilə qadınlara da rəhm etmirdilər".

 

Daha sonra "Şərqin Lenini" qanlı mart günlərində Bakının müxtəlif millətlərə məxsus olan burjuaziya nümayəndələrinin davranışlarına toxunur: "Hamıya aydın idi ki, müharibəni burjuylar başlamışdı, zərərçəkən isə müsəlman yoxsullar oldu. Rus, erməni və yəhudi burjuaziyası sanki bu müharibəyə qarışmırdı və neytral idilər. Halbuki Bakı Dumasının iclaslarında digər millətlərin burjuaziyaları bolşeviklərin üzərinə müsəlman burjuaziyası ilə birlikdə hücum edirdi. O zaman bir-birini dəstəkləyən burjuylar müharibə vaxtı müsəlmanları tərk etdilər. Ermənilər isə müsəlman burjuaziyasını nəinki meydanda tək qoydu, hətta daşnaklarla birlikdə müsəlmanlara hücum etdilər" (Rudolf İvanov. "Smertelnaya sxvatka". səh. 26-33).

 

Qırğınların artıq ikinci günündə müsəlmanların patronlarının qurtardığını və ağ bayraq qaldırdığını vurğulayan Nərimanov bu məqaləsində müsavatçılara qarşı ağır ittihamlar irəli sürür, onları rus inqilabının ruhunu duymamaqda, türklərə arxalanaraq Bakıda Şaumyanın başçılıq etdiyi sovet hökumətinə və daşnaklara qarşı çıxmaqda, daşnakların erməni xalqının başına gətirdiyi oyunları müsəlmanları başına açmaqda suçlayır. Ciddi ittihamlardır, deyilmi?

 

Amma bu cür ciddi ittihamlar səsləndirən bir şəxs mart soyqırımından heç bir ay keçməmiş bu qanlı hadisələri törədən Stepan Şaumyanın təşkil etdiyi hökumətdə - Xalq Komissarları Sovetində vəzifə tutmağa razılaşır. Halbuki "Hümmət" qəzetinin 5 aprel 1918-ci il tarixli sayında Nərimanovun Şaumyana açıq məktubu dərc olunmuşdu. Həmin məktubda Doktor Nəriman yazırdı: "Bu hadisələr sovet hökumətini ləkələdi, onun üzərinə qara kölgə atdı. Əgər yaxın vaxtlarda bu kölgəni və ləkəni təmizləməsəniz, bolşevik ideyası və sovet hakimiyyəti burada möhkəmlənə və davam edə bilməyəcəkdir" (Eldar İsmayılov. "Stepan Şaumyan. Obreçennıy na zabvenie". səh. 42-43).

 

"Bakı Kommunası" kimi tanınan hökumətdə cəmi üç azərbaycanlı təmsil olunmuşdu. Məşədi Əzizbəyov Bakı quberniyasının komissarı, Mirhəsən Vəzirov torpaq komissarı, Nəriman Nərimanov isə şəhər təsərrüfatı komissarı idi. Bəli, "Şərqin Lenini" əslində Şaumyanın qurduğu oyuncaq hökumətdə 27-ci Bakı komissarı idi. Lakin onun taleyinə digər komissarlarla birlikdə Ağcaqum çölündə güllələnmək yazılmamışdı. Niyə? Sovet dövründə yazılan rəsmi bioqrafiyasına və sonradan Nərimanovla bağlı araşdırma aparan tarixçilərə inansaq, 1918-ci ilin iyununda Nərimanov ağır xəstələnir və bolşeviklərin nəzarətində olan Həştərxana aparılır. Hətta onun Bakıdan xərəkdə aparıldığı da iddia edilir. Müalicə məkanı olaraq Həştərxanın seçilməsi isə təsadüfi deyildi. Çünki Nərimanov 1909-1913-cü illərdə bu şəhərdə sürgündə olmuşdu. Sürgündə olduğu illərdə o, Həştərxanın ictimai və mədəni həyatında yaxından iştirak etmiş, həkim kimi əhalinin xidmətində dayanmış, nəticədə yerli sakinlər arasında böyük nüfuz qazanmışdı. Həştərxanda ilk teatr truppasını yaradan və ilk dəfə olaraq türk dilində tamaşanı səhnələşdirən doktor burada Xalq Universitetləri Cəmiyyətinin də sədri seçilmişdi. Bu səbəbdən Həştərxan Nərimanov üçün nəinki yad yer sayılmırdı, hətta güvənilən və təhlükəsiz yer idi.

 

Bizim fikrimizcə, Nərimanovun məhz xəstələndiyinə görə Bakı Kommunasının süqutundan bir az əvvəl Həştərxana getməsi heç də xəstəliklə bağlı olmayıb. Axı necə olur ki, ağır vəziyyətdə, hətta iddia olunduğu kimi, xərəkdə Həştərxana aparılan bir adam qısa müddət sonra qollarını çırmayıb orada partiya və dövlət strukturlarında çalışır, Həştərxan İcraiyyə Komitəsinin maarif şöbəsinin müdiri təyin olunur? Deməli, Nərimanovu müalicə adı ilə Həştərxana getməyə məcbur edən daha ciddi səbəb vardı. Bu səbəb isə ilk növbədə mart qırğınlarına görə vicdanının ona rahatlıq verməməsi, soyqırım ləkəsini öz üzərindən atmaq istəyi ola bilərdi. Eyni zamanda mart soyqırımı günlərində daşnakların Nərimanovun mənzilinə basqın etməsi haqqında özünün yazdıqlarını nəzərə alsaq, bu addım şəxsi təhlükəsizliyini təmin etmək zərurətindən də doğa bilərdi. Amma Bakıdan hansı səbəbdən getməsindən asılı olmayaraq, istənilən halda mart soyqırımı Nərimanovun tərcümeyi-halında qara ləkədir. Ermənilərin bolşevikinin də, menşevikinin də, eserinin də, daşnakının da, hətta özü yazdığı kimi, burjuaziyasının da fəal iştirakı ilə törədilən bu qırğınlardan sonra onun soyqırımın birbaşa təşkilatçısı olan Şaumyanın hökumətində təmsil olunması və üstəlik, bu hadisəyə görə Müsavat Partiyasını ittiham etməsi cinayətə bərabər bağışlanmayacaq bir səhv idi. Təkcə Nərimanova yox, həm də Məşədi Əzizbəyova və Mirhəsən Vəzirova bağışlanmayacaq səhv! Axı bu qırğınlar təkcə erməni millətçiliyinin deyil, həm də bolşevizmin iç üzünü açırdı.

 

Yeri gəlmişkən, Bakı müsəlmanlarının liderlərindən olan Əlimərdan bəy Topçubaşov mart qırğınları vaxtı Şaumyanın quldur dəstələri tərəfindən əsir alınmış və bir neçə ay həbsdə saxlanılmışdı. O, yalnız 1918-ci ilin avqust ayında Bakını tərk edə bilmişdi. Bu səbəbdən 1918-ci ilin iyun ayında Bakını tərk edən Nərimanovun guya Topçubaşovun həyatını xilas etməsi haqda deyilənlər və yazılanlar nağıl və ya arzudan başqa bir şey deyil.

 

Eyni zamanda Azərbaycanın sabiq xarici işlər naziri Həsən Həsənovun "N.Nərimanov gənclik illərində dostluq etdiyi, sonralar fərqli siyasi əqidələrinə görə yolları ayrıldığı M.Ə.Rəsulzadənin millətimiz qarşısında xidmətlərini nəzərə alaraq onu həbsdən azad etdirib, şəxsən özü Moskvaya yola salmışdır (bu hadisədə Stalinin də müsbət rolu olmuşdur)" fikri ("Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti", səh. 64) də bu qəbildəndir. Rəsulzadənin "Stalinlə ixtilal xatirələri" əsərini oxuyanlar bunun belə olmadığını çox yaxşı bilirlər.

 

Nərimanov və Xalq Cümhuriyyəti

 

Nərimanovun Bakıdan getməsindən ayyarım sonra - iyulun 31-də Şaumyanın Xalq Komissarları Soveti süquta uğrayır, yerində Sentrokaspi diktaturası elan edilir. Sentyabrın 15-də isə Qafqaz İslam Ordusu və Azərbaycan Ordusu Bakını işğaldan azad edərək, Xalq Cümhuriyyəti hökumətinin sərəncamına verir. Açıq etiraf etmək lazımdır ki, Bakının azad olunmasından sonra Nərimanovun Cümhuriyyət hökumətinə qarşı nəzərəçarpan siyasi fəaliyyətinə rast gəlinmir. Amma Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nərimanov siyasi müxalifətdə olsa da, pyesləri Azərbaycan teatrının səhnəsində oynanılırdı.

 

Məhəmməd Əmin Rəsulzadə İstanbulda çap etdirdiyi "Azərbaycan Cümhuriyyəti" əsərində Nərimanova bir dramaturq kimi yüksək qiymət vermişdi: "Mirzə Fətəli Axundzadə ilə başlayan teatro ədəbiyyatı Nəcəf bəy Vəzirov, Əbdürrəhim Haqverdiyev, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə kimi mühərrirlər tərəfindən tənzir və idamə edildi" (səh. 15).

 

Akif Aşırlı "Nərimanovun Kremldə qətli" əsərində bildirir ki, sovet tarixçilərinin guya Nərimanovun Azərbaycan Xalq Cümhuriyyətinə qarşı ardıcıl mübarizə aparması haqda yazdıqları heç bir dəlilə əsaslanmır: "Nərimanov milli hökumət dönəmində Azərbaycanda yaranmış vəziyyət barədə baş nazir Nəsib bəy Yusubbəyliyə açıq məktub ünvanlamış, fikirlərini açıq şəkildə bildirmişdir. Bu məktubla yanaşı, bir-iki məqalədən başqa milli hökumət barədə tənqidi fikirlər səsləndirməmişdir. Müstəqil Azərbaycan Cümhuriyyətinin yıxılmasını, bolşeviklərin hakimiyyətə gəlməsinin səbəblərini Nərimanovun fəaliyyətinin nəticəsi kimi qiymətləndirmək tarixi gerçəklərə uyğun deyil" (səh. 21).

 

Eyni fikirlərə Həsən Həsənovun "Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti" əsərində də rast gəlirik: "O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə... çox məhdud siyasi mübarizədən o yana keçməmişdir. N.Nərimanov AXC-nin süqutu yolunda heç bir fəaliyyət göstərməmişdir. AXC-nin yıxılmasını, bolşeviklərin Azərbaycanda hakimiyyətə gəlməyini N.Nərimanovun fəaliyyətinin nəticəsi kimi qiymətləndirmək tarixi həqiqətə uyğun deyildir, qeyri-elmidir" (səh. 53).

 

Bəs Nərimanov vaxtilə İsmayıl bəy Qaspıralının qızı Şəfiqə xanıma görə düşmən olduğu Nəsib bəy Yusifbəyliyə 16 iyul 1919-cu il tarixli məktubunda nə yazmışdı? Gəlin oxuyaq: "Siz və həmfikirləriniz mənimlə siyasi düşmən olduğunuza baxmayaraq, mən sizə qarşı nəzakətlə hərəkət edirdim. Nə qədər ki, siz “millət” və “din” sözlərini tez-tez təkrar etməklə məşğul idiniz, mən öz nöqteyi-nəzərimdən sizə geridə qalmış adamlara baxan kimi baxırdım... İngilislər sizə gələnə qədər, necə deyərlər, İngiltərə ilə durub-oturmağa başladığınız vaxta qədər sizin dilinizdən eşidilən “pantürkizm”, “panislamizm” sözlərinin mənim üçün mənası var idi, lakin, bağışlayın, siz İngiltərənin çəkmələri altında əzilə-əzilə onu müsəlman kütləsinə tərifləməyə başladıqdan sonra isə daha mənim nəzərimdə ideyalı adamlar, milləti və xalqı sevən adamlar deyilsiniz (sizi müsəlman meşşanları arasında nüfuzlu edən də məhz bu idi), bir ovuc zavod sahibinin və mülkədarın mənafeyini müdafiə edənlərsiniz".

 

Bu tarixi məktubdan digər seçmələr də maraqlıdır:

 

- Siz mənim birinci Qafqaz qurultayında dediyim sözləri istehza ilə qarşıladınızsa da, güman etmirəm ki, mənim sözlərim indi də sizdə təbəssüm oyatsın. Bütün siyasətiniz üçün Zaqafqaziya müsəlman fəhlə və kəndlilərinin məhkəməsi qarşısında cavab verməli olacaqsınız. Müdhiş saat yaxınlaşır.

 

- Bütöv bir xalqın həyatı ilə, qızıl əsgərləri xarüqələr yaradan bütöv bir dövlətin həyatı ilə oynamaq olmaz, amma siz cinayətkarcasına bu cür oynadınız, qonşularınız isə sizi dar bir dalana soxaraq sizə gülürlər. Məsələn, Ermənistanı götürün. O, daim İngiltərə ilə, indi də Denikinlə əlaqə saxladığı halda, öz agentlərini Moskvaya göndərir və artıq orada Sovetlərə tərəfdar olmaqdan danışılır.

 

- Qulaq asın, Nəsib bəy! Bilmirəm, bu məktub sizə çatacaqmı, amma bilirəm ki, bu sətirləri yazmağa məni vadar edən hislər mənə əzab verməyəcəkdir, ona görə ki, mən nə etməli idimsə, onu etmişəm. Siz və həmfikirləriniz mənim həyatıma bələdsiniz. Mən həyatımın ən yaxşı illərini Zaqafqaziyaya, xüsusilə də Bakıya vermişəm. 25 illik ictimai-ədəbi fəaliyyətimdən sonra lap əldən düşmüşəm və bir ayağım gordadır. Mən tam inamla deyirəm: bütün bəşəriyyətin nicatı kapitalın məhvində və əməyin təntənəsindədir. Zülm altında inləyən və təbiətlə mübarizədə geri qalmış müsəlmanların buna hamıdan çox ehtiyacı vardır.

 

- Belə bir ciddi dövrdə, dünya inqilabının alovları ayaqdəyməz adaları belə bürüdüyü bir zamanda mən sizi və sizin həmfikirlərinizi qəbirqazan rolundan əl çəkməyə çağırıram. Mərd-mərdanə deyin: "Biz Rusiya inqilabının xarakterini anlamamışıq, biz dağıdıcı imperialist müharibəsinin bütün nəticələrini nəzərə ala bilməmişik, biz meydandan çəkilirik, Azərbaycanda qoy Sovet hakimiyyəti olsun!" Mən əminəm ki, bununla siz rus proletariatı qarşısında təqsirinizi yüngülləşdirmiş olarsınız, bununla da müsəlman kütlələrini yaxın gələcəkdə gözlənilən yeni ağır sınaqlardan qurtarmış olarsınız".

 

Bu məktubu şərh etməyi oxucuların ixtiyarına buraxırıq. Necə deyərlər, nöqtə, nöqtə və nöqtə...

 

Nərimanovun anti-Cümhuriyyət fəaliyyətinə təkcə Sovet imperiyası daxilində deyil, beynəlxalq miqyasda da rast gəlinir. 1922-ci ildə Sovet nümayəndə heyətinin tərkibində Genuya konfransına qatılan Nərimanov Azərbaycan, Gürcüstan və Ermənistanın Avropadakı mühacir nümayəndəliklərinin rəhbərləri Əlimərdan bəy Topçubaşova, İrakli Sereteliyə və Aleksandr Xatisova açıq məktub ünvanlayır. Məktubda Nərimanov onların heç də iddia etdikləri kimi, öz xalqlarının qanuni nümayəndələri olmadığını bildirir: "Mən sizi və öz şəxsi mənfəətlərinə görə bilavasitə sizləri Cənubi Qafqaz xalqlarının nümayəndələri kimi görmək istəyən keçmiş və indiki qəyyumlarınızı məyus etməliyəm. "Xalq" və "əhali" sözlərinin altında siz kimləri nəzərdə tutursunuz? Əgər "əhali" sözünün altında bir neçə yüz bəy, xan, knyaz, bir neçə min tacir və tüccarı nəzərdə tutursunuzsa, onda keçmiş fəaliyyətinizə görə sizə nifrət edən fəhlə və kəndlilərdən ibarət milyonlarla zəhmətkeş kütləni hara qoyaq? Onlar bizim - bolşeviklərin arxasınca gedirlər, Cənubi Qafqazda sovet quruculuğunu bəyənirlər".

 

Nərimanov uzun illər ərzində çar istibdadına qarşı mübarizə aparmış Qafqazın keçmiş dövlət başçılarını ağılsızcasına çar Nikolayın siyasətinə uymaqda, öz hakimiyyətlərini saxlamaq üçün milli qırğın salmaqda, Zəngəzur, Qarabağ və Zaqatalada qarşıdurma siyasəti yeritməkdə və digər mənasız ideoloji məsələlərdə ittiham edirdi: "Siz Rusiyada sovet hakimiyyətini məhv etmək istəyirsiniz. Bu şəraitdə hadisələrin sonrakı gedişini nəzərə alırsınızmı? Biz nəzərə alırıq, elə ona görə də nəinki Sovet Rusiyası ilə əməkdaşlıq edirik, eyni zamanda onun möhkəmlənməsi, həyatının davam etməsi üçün qurbanlar veririk. Belə ki, bizim həyatımız ondan asılıdır" (Cəmil Həsənli. "Tarixi şəxsiyyətin tarixi", səh. 496-497).

 

Sovet Azərbaycanının rəhbəri

 

1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal olunur. Uzun sürən müzakirələrdən sonra Cümhuriyyət parlamenti Nəriman Nərimanovun (o vaxtadək Lenin Nərimanovu Həştərxandan Moskvaya çağıraraq əvvəlcə RSFSR-in Xarici İşlər üzrə Xalq Komissarlığında Yaxın Şərq şöbəsinin müdiri, daha sonra isə Millətlərin işi üzrə xalq komissarı Stalinin müavini təyin etmişdi - C.C.) başçılıq etdiyi Azərbaycan Hərbi İnqilab Komitəsinin ultimatumunu qəbul edərək, hakimiyyəti bolşeviklərə təhvil verir. Halbuki bu komitə elə həmin gün Lenin tərəfindən Moskvada yaradılmışdı. Tərkibinə Nərimanovdan başqa Qəzənfər Musabəyov, Həmid Sultanov, Dadaş Bünyadzadə, Mirzə Davud Hüseynov, A.Alimov və Əliheydər Qarayev daxil idi. Komitənin yalnız azərbaycanlı kommunistlərdən təşkil olunması təbii ki, gözdən pərdə asmaq məqsədi güdürdü.

 

Nərimanov Bakıya işğaldan 20 gün sonra gəldi. Onun Moskvada bu qədər ləngiməsinin səbəbləri hələ də məlum deyil. Baxmayaraq ki, "Qafqaz canişini" Serqo Orconikidze Leninə həm işğaldan bir neçə gün əvvəl, həm də sonra teleqram vuraraq Nərimanovu tezliklə Bakıya göndərməyi tələb etmişdi.

 

Mayın 16-da Bakıya varid olan Nərimanovu dəmiryolu vağzalında hərbi məktəbin kursantlarından ibarət fəxri qarovul qarşıladı. Həmin gün və ondan sonra baş verənləri Nərimanovun öz dilindən eşidək: "Biləcəridə məni bəzi yoldaşlar qarşıladılar, görünür, mənim gəlişimə çox sevinirdilər. “Bəlkə Sizə qədər olan biabırçılıqlara son qoyulacaqdır”. Onlar belə dedilər. Mən onları sakitləşdirdim və gələcək çətin işdə mənə kömək etməyi xahiş etdim. İnqilab Komitəsinin Rəyasət Heyəti o zaman məndən (sədrdən), Mirzə Davud Hüseynovdan (müavindən) və bir nəfər üzvdən - Qarayevdən ibarət idi. “Azərbaycanı başdan-başa qarət edirlər, sağa və sola güllələyirlər”. Bəzi yoldaşlar məni (onların arasında nə Qarayev, nə Hüseynov var idi) bu sözlərlə qarşılamışdılar.

 

İşlərlə tanış olduqdan sonra mən İnqilab Komitəsinin Rəyasət Heyətinin iclasını təyin etdim və o zaman faktiki olaraq hər şeyi idarə edən yol. Pankratovu dəvət etdim. Mən belə bir məsələ qoydum ki, İnqilab Komitəsinin sanksiyası olmadan heç kim güllələnməsin. Mirzə Davud Hüseynov və Qarayev bunun əleyhinə çıxdılar. Beləliklə, hər şey əvvəlki kimi davam edirdi".

 

Nərimanovla məsləkdaşları arasında növbəti fikir ayrılığı Azərbaycanın müstəqilliyi məsələsində yaranır: "Sonra Moskvaya yola düşməzdən əvvəl yol. Orconikidze nəyə görə isə Mərkəzi Komitədə belə bir məsələ qoydu: “Azərbaycan Respublikası müstəqilmi yaşamalı, yaxud tərkib kimi Sovet Rusiyasına daxil olmalıdır?” MK üzvləri - Qarayev, M.D.Hüseynov belə bir fikir irəli sürürdülər ki, bizə heç bir müstəqillik lazım deyil, biz Azərbaycanı Sovet  Rusiyasına birləşdirməliyik".

 

Doktor Nərimanovu silkələyən üçüncü hadisə isə siyasi yox, məişət zəminində baş verir: "Daha bir hadisə məni vadar etdi ki, ətrafımdakılara, Azərbaycanın taleyini həll edənlərə diqqət yetirim. Bir dəfə məşhur hörmətli bir qadın gözüyaşlı yanıma gəlib ailəsinin namusunu qorumağı xahiş etdi. O, aşağıdakıları danışdı: “Hökumət üzvü M.D.Hüseynov qızıma evlənməyi təklif etmiş, lakin qızım ona rədd cavabı verib başqa birisinə, elə onun yoldaşına ərə getməyə hazırlaşır. İndi hər gecə Fövqəladə Komissiyanın agentləri evimə girib axtarış aparır və mənim evimdə gələcək kürəkənimi axtarırlar. Uşaqlar tamam əsəbi olublar və demək olar ki, gecələr yatmırlar. Mən bildirirəm ki, bu M.D.Hüseynovun işləridir, xahiş edirəm, məni müdafiə edin”. Onu sakitləşdirib, Hüseynovu yanıma çağırdım və bu əhvalatı ona danışdım. O, qıpqırmızı oldu, başını aşağı saldı və mənim qəti xəbərdarlığımdan sonra dedi: “Arxayın olun, daha bu təkrar olmayacaqdır”. Bir müddət keçdikdən sonra yenə bu qadın gəlib onu daha heç kimin narahat etmədiyini bildirdi və mənə təşəkkür etdi. Bu əhvalat məni belə bir sual üzərində düşünməyə məcbur etdi: mən kimlərlə işləyirəm və Azərbaycanın taleyi kimlərin əlindədir?" (Nəriman Nərimanov. Seçilmiş əsərləri. səh. 419-421).

 

Az sonra Nərimanova aydın olur ki, əslində Azərbaycanı ətrafındakı satılmış soydaşları yox, ruslar, gürcülər və ermənilər idarə edir. Anlayır ki, keçmiş daşnak Anastas Mikoyan “Biz Nərimanovu İnqilab Komitəsinin sədri seçərik və onu elə mühasirəyə alarıq ki, o çox da öz nüfuzundan istifadə edə bilməsin” deyərkən nəyi nəzərdə tuturmuş. Elə ona görə də Mərkəzi Komitəyə və Stalinə müraciətində Kremlin ermənipərəst siyasətini açıq dilə gətirir: "Mikoyandan sonra BEKA-nın (Bakı şəhər Partiya Komitəsinin - C.C.) katibi Sərkis olur, Sərkisdən sonra isə Mirzoyan. Çox güman ki, Mirzoyandan sonra Kasparov olacaq və i.a. Mən bildirirəm ki, bu, ağılla düşünülmüş və düzgün hesablanmış bütöv bir plandır. Lakin işimin elə ilk günlərindən mən açıq deyirəm: Bir çox mülahizələrə görə hələlik erməni yoldaşların görkəmli, məsul vəzifələrdə təyin edilməsini dayandırmaq vacibdir" (Nəriman Nərimanov. Seçilmiş əsərləri. səh. 435).

 

Firdovsiyyə Əhmədova "Nəriman Nərimanov - ideal və gerçəklik" əsərində yazır ki, Nərimanovun xalq kütlələri arasında olan nüfuzu ilə idarəetmədəki səlahiyyətləri arasında tərs mütənasiblik vardı. Birinci nə qədər yüksəkdə dayanırdısa, digəri o qədər məhdud idi. Mərkəzin planında o, təlimatlandırılmış icraçı kimi qiymətli sayılırdı (səh. 34).

 

Bu cür məhdud səlahiyyətli icraçılıq, Anastas Mikoyan, Sarkis Danielyan və Levon Mirzoyan kimi ermənilərlə milli müstəviyə qalxan mübarizə Nərimanova millətçi damğasının vurulması ilə nəticələnir. Artıq Nərimanov Sovet Azərbaycanında "Nərimançılıq" və ya "Nərimanovçuluq" kimi tanınan cərəyanın banisi kimi qəbul edilir. Sonradan bu cərəyana milli təmayül adı da verilmişdi. Məmməd Səid Ordubadi "Nərimançılıq" adlı xatirəsində bu barədə belə yazırdı: "Nəriman deyirdi ki, xalqların irq və adətləri müxtəlif olduğu kimi, düşüncə və zehniyyətləri də bir-birindən ayrıdır. O isbat etmək istəyirdi ki, hər mədə hər bir qidanı həzm edə bilməz. Buna görə də Nəriman öz nəzəriyyəsində kommunizmi şərqləşdirməyi təklif edirdi. Yaxud o, Şərqə məxsus bir kommunizm tərtib etməyi düşünürdü. Onun nəzəriyyəsində kommunizm ilə islamiyyəti barışdırmaq fikri mühüm bir yer tuturdu. Nərimançılıq eyni zamanda siniflərin təsviyyə etmək məsələsini kommunizm ilə burjuaziyanı barışdırmaqla həll etmək istəyirdi. Nərimançılıq sosializm və kommunizmə sinfi mübarizə yolları ilə deyil, barışdırıcılıq yolları ilə getməyi tövsiyə edirdi. Lakin bu qədər müxtəlif və bir-birinə zidd olan fikirləri vahid bir qəlibə salmağı bacarmırdı, o, həmişə düşünür və çapalayırdı. Hərdən də bir köməksizliyindən şikayət edərək "Məni anlayan yoxdur" - deyirdi. Ancaq nərimançılığı bir nəzəriyyə olaraq təhlil etdiyimiz zaman millətçiliyin qarmaqarışıq və mürəkkəb bir şəkli olduğunu görə bilərik. Nərimançılıq bir xülyadan ibarət olsa belə, özlüyündə çox qərib bir nəzəriyyə idi. Doktor Nəriman bütün ziyalı təbəqəni öz ətrafında mərkəzləşdirmişdi. Buna görə də nərimançılığa olan bir hücum avam xalq tərəfindən Azərbaycan xalqına olan bir hücum kimi məna edilirdi. Nəriman öz nəzəriyyəsi ilə sovet üsul-idarəsindən razı qalmayanları da öz tərəfinə çəkmişdi" (Akif Aşırlı. "Nərimanovun Kremldə qətli". səh. 29-31).

 

Getdikcə Lenin tərəfindən vəd edilən müstəqilliyin formal xarakter daşıdığını anlayan Doktor Nərimanovu ətrafındakı azərbaycanlı kommunistlərin satqınlığı da məyus edir. Üstəlik, onu tərcümeyi-halına 1 dekabr 1920-ci il tarixli bədnam bəyanatı da yazmağa məcbur edirlər: "Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının bölünməz ərazisidir, Qarabağın dağlıq hissəsində isə referendum nəticəsində ermənilər öz taleyini müəyyən etməlidir". Atatürkün ciddi tapşırığı və Türkiyə nümayəndə heyətinin israrı nəticəsində Naxçıvan Ermənistan SSR-ə birləşdirilmir, 1921-ci ilin iyulunda isə Nərimanov Qarabağla bağlı bəyanatından imtina edir və Qarabağ da Azərbaycanın tərkibində qalır.

 

Öz milli dövlətini erməni və gürcü kommunistlərindən daha tez Sovet Rusiyasının ayağına verən Nərimanov artıq aldandığını başa düşür və bunu Leninə məktubunda açıq dilə gətirir: "Əziz Vladimir İliç, məgər “Müstəqil Azərbaycan” Sizin dilinizdən çıxmamışdırmı? Axı məhz buna əsaslanaraq biz Müsavatın qurduğu fitnəkarlığı məhv edə bildik. İndi vəziyyət belə bir şəkil alır: həmişə Denikini müdafiə etmiş Ermənistan müstəqillik qazanmış və üstəlik də Azərbaycanın ərazilərini almışdır. İndiyə qədər ikili siyasət aparan Gürcüstan müstəqillik əldə etmişdir. Üç respublikadan birinci olaraq Sovet Rusiyasının qoynuna atılmış Azərbaycan isə həm ərazisini, həm də müstəqilliyini itirir. Vladimir İliç! Çoxmillətli əhalinin hüquq və hissləri ilə belə zarafat etmək olmaz". (Nəriman Nərimanov. Seçilmiş əsərləri. səh. 466-467).

 

Nərimanov düz deyirdi: o, yerli kommunist məsləkdaşları ilə birlikdə Azərbaycanı əxlaqsız qadın kimi Sovet Rusiyasının ağuşuna atmışdı. Bakını işğal edən XI Qızıl Ordunun komandiri Levandovskiyə üzərində "minnətdar Azərbaycan xalqından hədiyyə" yazılmış qılıncı da Nərimanov hədiyyə etmişdi. Bu ordunu gətirən zirehli qatarın komandiri Yefremova isə "Qızıl Ulduz" ordeni vermişdi "Şərqin Lenini" - Gəncə üsyanını yatırdığına görə (Rəna Bayramova. "Azərbaycan rəhbərliyində ixtilaflar və daxili siyasi çəkişmələr (1920-1925-ci illər)". səh. 21)

 

Məhəmməd Əmin Rəsulzadə yazırdı: "Nərimanov və yoldaşları ruslara satmadıq bir şeyi buraxmadılar. Onlar hər şeyi verdilər. Maddi-mənəvi nə varsa, həpsini təslim etdilər" ("Azərbaycan Cümhuriyyəti", səh. 69).

 

Kremldə sirli ölüm

 

"Müstəqil Sovet Azərbaycanı", "Şərqdə sosializm qurmaq", "İslamla kommunizmi barışdırmaq" xülyaları ilə öz milli dövlətinə son qoyan və Sovet Rusiyasının əlində oyuncağa çevrilən Nərimanov 1922-ci ildən nəinki ölkəsinin, heç öz taleyinin də sahibi ola bilmir. 1922-ci ilin martından Nərimanov "yüksək vəzifəyə təyinat" adı ilə Azərbaycandan uzaqlaşdırılır. Əvvəlcə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) İttifaq Sovetinin sədrlərindən biri, SSRİ-nin 1-ci Sovetlər Qurultayında (1922, dekabr) yaradılmış Mərkəzi İcraiyyə Komitəsinin ilk sessiyasında isə ZSFSR təmsilçisi kimi SSRİ MİK-in dörd sədrindən biri seçilir. 1925-ci ildə Nərimanovun ictimai-siyasi və elmi-ədəbi fəaliyyətinin 30 illiyi təntənə ilə qeyd olunur. Amma vətəni Azərbaycanda deyil, Moskvada, Tiflisdə və Həştərxanda. Əleyhdarları belə tədbirlərin Bakıda keçirilməsinə imkan vermirlər. Stalinə ünvanladığı məktubda “Sınanılmış adam” kimi qiymətləndirdiyi Mövsüm İsrafilbəyov Qədirli Nərimanova teleqram vuraraq vəziyyəti anladırdı: “Bakı şəhərində yubileyinizin qeyd olunması qeyri-mümkündür. İclaslarda adınızın çəkilməsinə yol verilmir”.

 

Doktor Nərimanov Stalinə məktub yazaraq, ailəsini dolandırmaq üçün sırf ədəbiyyatla məşğul olmaq istədiyini bildirir və Azərbaycana qayıtmasına icazə verilməsini istəyir. Lakin bu istəyi də qulaq ardına vurulur. Aldadılmağa, xəyanət və satqınlıqlara dözməyən Nərimanov 19 mart 1925-ci ildə Moskvada müəmmalı şəkildə vəfat edir, Kreml divarları yanında dəfn olunur. Bundan sonra Nərimanov 30 ildən çox bir müddət ərzində tarixdə, sadəcə, ədəbiyyat xadimi kimi qalmağa məhkum edilir: "N.Nərimanovun vəfatından sonra həyat yoldaşı Gülsüm xanım azyaşlı oğlu Nəcəf ilə Bakıya köçmək fikrinə düşür. Lakin onların “həyatı təhlükə qarşısında ola biləcəyindən” bu fikirdən çəkinir. N.Nərimanovun qardaşı qızı İltifat xanım dəfələrlə Kommunist Partiyasına daxil olmaq istəyini bildirsə də, ona “olmaz” cavabı verilir. Səbəbi isə N.Nərimanovla qohumluğu olmuşdur. 1957-ci ildə SSRİ-də baş verən bəraətlərdən sonra ona partiyaya daxil olmaq təklif olunsa da, o, artıq bu təklifdən imtina etmişdi" (Həsən Həsənov. "Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti", səh.69).

 

Heydər Əliyev və Nəriman Nərimanov

 

Nəriman Nərimanovun tarixdə yenidən dirçəlişi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik edən Heydər Əliyev SSRİ rəhbərliyinin Nərimanova münasibətini dəyişməyə nail ola bilir. Amma bu ona heç də asan başa gəlmir. Bəs Heydər Əliyev buna necə nail olur? Bu barədə o, mərhum jurnalist Elmira Əmrahqızına geniş müsahibəsində ətraflı məlumat verib. Müsahibə 1990-cı ildə "Ulduz" jurnalında dərc olunub. Gəlin o tarixi həqiqətləri Heydər Əliyevin öz dilindən eşidək:

 

"- 1970-ci ildə N.Nərimanovun 100 illik yubileyi ərəfəsində materiallarla tanış olanda onun həyatının son dövrlərinin nə qədər faciəli olduğu məni çox ağrıtdı. N.Nərimanovun 100 illiyi 1970-ci ildə tamam oldu, yubileyini isə 1972-ci ildə keçirdik. Soruşa bilərsiniz ki, niyə? Çünki bu yubileyi keçirmək üçün iki il mübarizə aparmaq lazım gəldi. Çünki N.Nərimanova “millətçi” damğası vurulmuşdu.

 

- Stepan Şaumyanın oğlu tərəfindən təqiblər olurdu?

 

- Məni təqib etməyə onun iqtidarı çatmazdı. Moskvada olanda Azərbaycandan çıxmış ermənilərlə, o cümlədən Şaumyanın ailəsi ilə görüşüb söhbət etmişdim, əhval-ruhiyyələrini bilmişdim. Şaumyanın ailə üzvlərinin bu barədə fəaliyyət göstərməsi haqqında məndə məlumatlar yox idi. Ancaq millətçi ruhlu ermənilər açıq yox, gizli maneələr törədirdilər, cürbəcür kanallarla Mərkəzi Komitədə elə rəy yaradırdılar ki, guya N.Nərimanov böyük səhvlər buraxıb və bu səhvlər millətçilik nəzəriyyəsindən irəli gəlib, guya o, yubileyi keçirilməyə layiq şəxsiyyət deyil. Nərimanovun abidəsini qoymaq bizim üçün nə qədər çətin olub! Mənim sinəmdə çox sirlər var! Heç kəsə demədiklərimi indi sizə açıram. Qoy xalqım bilsin! Bəzilərini indi açıram. İki dəfə Suslovun, Brejnevin yanına getdim, ancaq onlara Nərimanov barədə başqa informasiyalar vermişdilər. Əjdər İbrahimov İsa Hüseynovla birlikdə “Mosfilm”də N.Nərimanova həsr olunmuş dəyərli film çəkmişdi. Bizdən qabaq həmin filmə Moskvada baxmışdılar və ermənilərin təsiri altında olan Mərkəzi Komitənin bəzi məsul işçiləri həmin filmi qadağan etmişdilər. Bir sözlə, filmi buraxmırdılar, nə yubiley keçirməyə, nə də abidəni qoymağa imkan vermirdilər. Çalışdım, mübarizə apardım, neçə adamı inandırdım və axır ki, istəyimə nail oldum. Mərkəzi Komitədə N.Nərimanovun 100 illik yubileyinin keçirilməsinə dair qərara nail oldum. “Pravda” qəzetində N.Nərimanovun 100 illik yubileyinə həsr olunmuş böyük məqaləm getdi. N.Nərimanovun yubileyini böyük təntənə ilə keçirdik. Bakıda möhtəşəm abidəsini ucaltdıq. N.Nərimanov haqqında gözəl filmə də icazə aldıq. Təəssüf ki, Moskvada filmi müəyyən qədər ixtisar etdilər, adını da dəyişdirdilər. Əvvəl adı “Doktor Nərimanov” idi. N.Nərimanovun adı geniş yayılmasın deyə, adını “Ulduzlar sönmür” qoydular. Onun ev-muzeyini yaratdıq. N.Nərimanovun yubileyinə hazırlıq dövründə biz Ulyanovsk vilayətinin rəhbərliyinə müraciət etdik. N.Nərimanov Leninin silahdaşı olduğu üçün onun xatirəsinin Leninin vətənində əbədiləşməsi haqqında təklif verdik. Razılıq aldıq. 1979-cu ildə Ulyanovsk şəhərində N.Nərimanovun böyük abidəsi ucaldı. Şəhərin böyük bir prospektinə N.Nərimanovun adı verildi. Ulyanovska getdim, abidənin təntənəli açılışında iştirak etdim.

 

Bu niyə yadıma düşdü? Mən istəyirəm ki, xalqımızda birlik olsun. Kim idi N.Nərimanovun ayağının altını qazanlar? Bizim azərbaycanlılar, onun öz silahdaşları. Onlar (adlarını tarixçilərimiz daha düzgün deyə bilərlər) Levon Mirzoyanla, Mikoyanla, Sarkislə birləşib, Kirovu yoldan çıxarıb, N.Nərimanov əleyhinə blok düzəltmişdilər. Bax, bizim xalqın ən böyük bəlası bundan ibarətdir. N.Nərimanovun Leninə məşhur məktubu çox gözəl məktubdur, tarixdə ifşaedici bir sənəd kimi qalmışdır. N.Nərimanov məktubda deyirdi ki, Azərbaycan Respublikasında sosializm quruluşu gərək Azərbaycan xalqının milli xüsusiyyətləri, milli ənənələri ilə əlaqədar olsun. Rusiyada olan üsulu burada kor-koranə tətbiq etmək olmaz... Sonra həmin məktubu Moskvaya gətirdim. Dedim: Burada nə var? Güman edirəm ki, tarixçilərimiz elmi surətdə tədqiq edib, ona qiymət verməlidirlər".

 

Son söz yerinə

 

Bu yazı əslində Nəriman Nərimanovun doğum günündə - aprelin 14-də işıq üzü görməli idi. Sadəcə, məqalənin obyektiv alınması üçün əlavə kitablar mütaliə etmək zərurəti onun işıq üzü görməsini bir qədər ləngitdi. "Şərqin Lenini"nin fəaliyyətində qırmızı xətlə keçən Zəngəzurun Ermənistana verilməsi məsələsi üzərində iki səbəbdən çox dayanmadıq. Birincisi, yazının həcmi çox böyük alınacaqdı, ikincisi, Azərbaycan ərazilərinin Ermənistana verilməsi ilə bağlı geniş məqaləni bu yaxınlarda oxuculara təqdim edəcəyik. Ümid edirik ki, Nərimanovun faciəsini daha çox öz yazdıqları əsasında işıqlandıra bildik.

 

İstifadə olunmuş ədəbiyyat:

 

1. Nəriman Nərimanov. Seçilmiş əsərləri.

2. Rudolf İvanov. "Smertelnaya sxvatka".

3. Eldar İsmayılov. "Stepan Şaumyan. Obreçennıy na zabvenie".

4. Həsən Həsənov. "Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti".

5. Akif Aşırlı. "Nərimanovun Kremldə qətli".

6. Məhəmməd Əmin Rəsulzadə. "Azərbaycan Cümhuriyyəti".

7. Cəmil Həsənli. "Tarixi şəxsiyyətin tarixi".

8. Firdovsiyyə Əhmədova "Nəriman Nərimanov - ideal və gerçəklik".

9. Rəna Bayramova. "Azərbaycan rəhbərliyində ixtilaflar və daxili siyasi çəkişmələr (1920-1925-ci illər)".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14653
avatar

Cavid Cabbaroğlu

Oxşar yazılar