Nisə Qasımova kimdir?  – Xəyanət və paxıllıqla üzləşən subay nənə
15 avqust 2024 20:15 (UTC +04:00)

Nisə Qasımova kimdir? – Xəyanət və paxıllıqla üzləşən subay nənə

Lent.az “Bioqrafiya” rubrikasında Azərbaycanın Xalq artisti Nisə Qasımovadan bəhs edir

- Nisə Qasımova harada və nə zaman anadan olub?

Nisə Fətulla qızı Qasımova 1954-cü ilin 13 fevralında Bakı şəhərində anadan olub. Atası Fətulla kişinin dövlət xidmətində çalışmasına baxmayaraq, milli musiqi və muğamların bilicisi və savadlı xanəndə olması Nisə xanımın elə ilk olaraq ailədən musiqi ilə tərbiyələnməsinə şərait yaradıb.

- Nisə Qasımova neçə yaşından oxumağa başlayıb?

8 yaşında Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" uşaq xorunun heyətinə qəbul olan Nisə Qasımova çox keçmir ki, peşəkar musiqi heyətinin diqqətini özünə cəlb edib. 9 yaşında olarkən xorun gənc solisti olur. "Günəş adlı yaxın dostum var mənim" mahnısı məxsusi olaraq onun üçün yazılıb.

1971-ci ilin əvvəlində Müslüm Maqomayev adına Dövlət Filarmoniyası nəzdindəki " Lalə qızlar ansamblı"na solist kimi dəvət olunur. Konsertlərin birində Nisə xanımın çıxışına valeh olan tanınmış bəstəkar Ələkbər Tağıyev elə həmin ərəfələrdə gənc sənətçiyə iş birliyi təklif edir. Bundan əvvəl SSRİ xalq artisti Zeynəb Xanlarovanı Azərbaycan səhnəsinə təqdim etmiş Ələkbər Tağıyev 1972-ci ildən Nisə Qasımova ilə yaradıcılıq birliyinə başlayır. Bəlkə də bu olay gələcəkdə hər iki xanım müğənni arasında yaranan və uzun müddət davam edəcək soyuq müharibəyə səbəb olub. Nisə Qasımova dəfələrlə Zeynəb Xanlarovanın şəxsinə və yaradıcılığına hörmət etdiyini deyib.

1975-ci ildə isə 21 yaşında olarkən Azərbaycan musiqisinin qızıl fonduna ifa etdiyi " Laylay" (Şəfiqə Axundova), "Sədaqətim var" (Ələkbər Tağıyev), "Bayatı Şiraz təsnifi" ilə daxil olan Nisə xanım artıq Azərbaycan Dövlət televiziyasının solisti kimi çalışmağa başlayır. Elə həmin illərdə SSRİ Dövlət elektro musiqi orkestrinin rəhbəri Vyaçeslav Mişşerinin dəvəti ilə Moskvaya gedən müğənni bu ansambla birgə "Gül bir az", "Gözləyəcəyəm", "Leyla" və. s. mahnılarından ibarət albom lentə aldırır. 

- Nisə Qasımovanın hansı mahnıları populyardır?

1972–1973 illərdə biri birinin ardınca "Ay ellər", " Sənsən Həyatım", "Eşqimi sönməyə qoymaram", "Gözləyəcəyəm", "Qəşəngdir" kimi mahnıları xalq tərəfindən sevilib və gənc müğənni tez bir zamanda uğur əldə edib. Elə həmin ildə Azərbaycanda çıxan plastinkalarla yanaşı Tiflisdə Nisə xanımın ilk kasetləri də işıq üzü görüb. Daha sonralar “Qayıtdım” mahnısı onun ikinci imzasına çevrilib.

- Nisə Qasımova milliyətcə kimdir?

Sarışın və yaşıl gözlü olduğu üçün onun azərbaycanlı olmadığı deyilirdi.
Kimi onu "Alman Gəlinciyi" adlandırır, kimi isə anasının alman və ya ukrain olması haqda fikirlər irəli sürürdü. Elə bütün bunlara cavab olaraq Nisə Qasımova dillər əzbərinə çevrilən "Azərbaycan qızıyam" mahnısını ifa edib. 

Yaradıcılığında Alla Puqaçova, İrina Alleqrova, Filipp Kirkorov kimi rus estrada ulduzlarına mahnı bəstələyən Nikolay məxsusi olaraq Nisə xanım üçün Azərbaycanda sonralar çox seviləcək "Xaxatunya", "Kaspiyskiy vals" və s. kimi mahnılar yazır. 1977-ci ildə ali təhsilini davam etdirmək üçün valideynlərinin təkidi ilə Bakıya dönən müğənni İncəsənət İnstitutuna daxil olub Moskvadakı fəaliyyətindən aralanmalı olur.

- Nisə Qasımovanın sənət yolunda ona əngəl törədənlər olub?

Tez bir müddətdə belə uğurlar qazanan prespektivli sənətçi sənət yoldaşlarının sifarişi ilə dəfələrlə təqiblərə və qadağalara məruz qalıb. 1975-ci ildə "Leyli və Məcnun" operasının televiziya versiyasında Leylini məharətlə ifa edən Nisə xanım tezliklə Mehdi Məmmədov, Bəhram Mansurov, Nicat Məlikov kimi dövrün ziyalılarının təklifi ilə Opera və Balet teatrında Leyli rolunu ifa etmək üçün dəvət alır. Nisə xanımın hələ televersiyadakı uğurundan xoflanan səhnəmizin bəzi "Leyli"ləri bu səhnələşdirmənin qarşısını almaq üçün hər vasitəyə əl atırlar. Artıq yaradıcı heyətlə məşqlərə başlamalarına baxmayaraq yuxarı orqanların göstərişi ilə layihə dayandırılır. Dövrü mətbuatda bu layihəylə bağlı dərc olunan sifarişli yazılar və təzyiqlər sonda Azərbaycan Televiziyası arxivindən Nisə xanımın ifa etdiyi versiyanın yandırılması ilə nəticələnir.

Nəhayət 1979-cu ildə yeni plastinkası satışa çıxan müğənninin Azərbaycanın ən böyük konsert salonlarında böyük anşlaqla konsertləri baş tutur. Nisə xanım "Özbəkfilm"də çəkilən "Alovlu yollarla" bədii filmində çəkilib. Həmin vaxtlar Ələkbər Tağıyevin ölümü Nisə xanıma zərbə olur,  müğənninin fəaliyətində uzunmüddətli qadağalar dövrü başlayır. Sənətkarın televiziya çıxışlarına qeyri-müəyyən səbəblərdən məhdudiyyətlər qoyulsa da o, Azərbaycanın ən müxtəlif yerlərində, eləcə də sərhədlərimizdən kənarda Danimarka, İslandiya, Türkiyə, Dubay, Əfqanıstan, Ukrayna, Almaniya və digər ölkələrdə böyük uğurla konsertlər verir. 1989-cu ildə isə müğənni "Əməkdar artist" adını alır.

- Azərbaycanda əyləncə məkanlarında ,şou proqramlarda ilk oxuyan müğənni Nisə Qasımovadır?

Bəli. 1990-cı illərin əvvəlində isə daim yenilikçi olan sənətkar xanım Azərbaycanda əyləncə məkanlarında şou proqramlar hazırlamaq fikrinə düşür. Məhz müğənninin göstərişi ilə tikilmiş şəhərin ən böyük və sanballı əyləncə məkanlarının birində Nisə xanımın özünün və digər sənətçilərin səhnə aldığı şou proqram gerçəkləşir.

Çox keçmir ki, o, Azərbaycan televiziya məkanında daha bir yeniliyə imza atır. Bu dəfə isə sənətkar xanım dövlət televiziyasında ilk dəfə olaraq özünün aparıcılıq etdiyi " Ulduzlar görüşəndə" televiziya layihəsini gerçəkləşdirir. Bir müddət sonra sifarişlə onun verilini bağlayırlar. Qoyulan qadağalardan inciyən sənətkar xanım 1997-ci ildə Bakıda son konsertini gerçəkləşdirir və Moskvaya köçür. Bir də 3 il sonra dönür. "Yalandı dünya" albomunun möhtəşəm uğurunun ardınca "Yalvarıram", "Qayıtdım", "Məni satdın nəfsinə" xitlərinin dillər əzbəri olması ilə müğənni daha aktiv fəaliyyətə başlayır.

- Nisə Qasımova indi şou biznesdə baş verənləri necə qiymətləndirir?

O bu barədə bir müsahibəsində belə deyib: Ələkbər Tağıyev biz sənətçilərlə bu dəyərlər üzərində çalışırdı. Bir misal çəkim. O şəxsən məni həbsxana şəraitində saxlayırdı. Filan yeməyi yemək olmaz, isti, yaxud soyuq su içmək olmaz. Dükan, bazar, dayı, bibi evinə gedib-gəlmək olmaz.Məhbus həyatından sonra mən ekrana çıxanda çox azad olurdum. İnsanlarla ünsiyyət üçün can atır, onlara sevgimi göstərmək istəyirdim. O adətkarlıq məndə qalıb. Amma hərdən səhnədə "mən nə istəyirəm edirəm, əcəb edirəm" kimi danışan müğənniləri görəndə insan iyrənir. Harada görünüb ki, yaşca kiçik müğənni özündən böyüyün üstünə əl uzada? Yaxud yaşlı sənət adamı özündən kiçik mətbuat işçisi, yaxud müğənniyə "sən kimsən e, sən nə görmüsən?" desin. Sadə bir dialoqun özü də insanda ikrah hissi oyadır. Səhnənin idarəedici bir qüvvəyə ehtiyacı var”

- Nisə Qasımova plastik əməliyyat olunub?

Bəli. O bədənşəkilləndirmə və üzgərdirmə əməliyyatları keçirib.

- Nisə Qasımova ailə qurub?

- Yox. O qardaşının oğlunu övladlığa götürüb, böyüdüb. Hazırda nənədir. Şəxsi həyatı ilə bağlı verilən suala bir müsahibəsində “Mən hələ gənc yaşlarımda bir qohumumu sevmişdim. Amma alınmadı. Taleyimiz ayrıydı. Bəzi oxuduğum mahnılarda onun ünvanına sevgi mesajları göndərmişəm. Sonradan isə uzaqdan-uzağa sevdiyim, simpatiya bəslədiyim insan olub. Ümumiyyətlə, sevgi, ailə qurmaq haqqında düşünəndə həmişə məyus oluram. Ailə qurmadığıma, dünyaya övlad gətirmədiyimə görə çox peşmanam” deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 24672
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar