Bir dənə qara çörək, bir dənə limon...

Günel Mövlud
Yarım saat əvvəl xəbər almışam – nənəm dünyasını dəyişib. Ağlamadım – dünyada çox az adam tapılar ki, nənəsinin ölümünə ağlasın. Yaşı səksəni ötmüş nənən varsa, deməli sən onun ölümünə çoxdan hazırsan...


Tez redaksiyaya gəldim. Nənəmin arxasınca nəsə demək, nəsə yazmaq istədim və evdə yaza bilmədim. İnsan itirəndə tək qala bilmirəm mən, insan itirəndə tənhalığa dözə bilmirəm. Bu yazını yazanda hələ yanımda olan, hələ mənimlə olanların arasında olmaq istədim.


Nənəm dünyada tanıdığım ən bədbəxt qadın idi. Atasını da, anasını da hələ körpə vaxtı itirmişdi. Anasının üzünü güclə yadına sala bilirdi. Dörd qardaşı, bir bacısı varmış. Qardaşlarının ikisi Böyük Vətən müharibəsində itkin düşmüşdü. Nənəm onların sorağını ömrü boyu gözləsə də, o soraq heç vaxt çıxmadı. Böyük qardaşının həyasız arvadının zülmünə dözə bilməyib, 13 yaşında babama ərə gəlmişdi nənəm. Qardaşı arvadından betər zülmkar qaynananın, əsəbi ərin əlinə düşmüşdü. Dalbadal on uşaq doğmuşdu – altı qız, dörd oğlan. Cavan vaxtı bir qardaşını, sonra da tək bacısını itirmişdi. Bacısı öləndə dəhşətdən qulaqları tutulmuşdu. Taa ölənə qədər yanındakı bağırtını belə güclə eşidirdi. Dünyada bir bacı bir qardaş qalmışdılar. Qardaşı ilə də ölənə qədər küsülü idi.



Ağlım kəsəndən babamı nənəmi döyən görmüşdüm. Lap qoca vaxtı da, beyninə düşən kimi, çomağı əlinə alıb, hirsi soyuyana qədər nənəmi döymək vərdişi vardı kişinin. Nənəm heç vaxt səsini çıxarmaz, ağlayanda da dinməzcə, səs çıxarmadan ağlayardı. Onun fağırlığı yadıma düşəndə ürəyim parçalanırdı həmişə...Amma babam öləndə həmişəkindən çox ağladı «bala, elə bil, təzədən yetim qaldım» dedi...


Ağlım kəsəndən hamıdan qorxan görmüşdüm nənəmi. Əvvəl qardaşı arvadından, sonra qayınanasından, sonra ərindən qorxa-qorxa, həmişəlik qorxmağı öyrənmişdi. Vərdiş eləmişdi qorxmağa. Qızlarının, oğullarının qayınanalarından, gəlinlərindən, kürəkənlərindən də qorxurdu.


«Qəhrəman ana» idi nənəm. Amma o «qəhrəmanlığını» heç doğma balalarına da göstərə bilmirdi – onlardan da qorxurdu. Heç biri sevmirdi nənəmi. Biri fağırlığına əsəbiləşirdi, biri tör-töküntülüyünə... Birinin başı öz balalarına, öz iş-gücünə qarışırdı. Eləsi də vardı ki, heç ana sevməyi-zadı bilən deyildi. Öz anam qarışıq...


Özümü yetkin adam biləndən yaxşı baxmışam nənəmə. Sevdiyim üçün yox – mən bioloji bağlılığa görə adam sevən deyiləm. Bir az yazığım gəlirdi, bir az da ona anamın eləyə bilmədiyi övladlığı eləməyə çalışırdım. Onsuz da ona yaxşı davranmağa nə vardı ki. Bir umacağı, bir istəyi olmazdı. Qan təzyiqi, şəkəri vardı – qara çörək, limon alıb aparanda elə bil dünyaları verirdin. Əynində-başında bir şeyini köhnələn görəndə təzəsini alırdım, xırda xərclik verirdim – min dəfə dua eləyirdi. Hərdən aldığım hədiyyələri – ucuzvarı yaylıqları, muncuqları qoynuna qoyur, evə kimsə gələndə qoynundan çıxarıb sevinə-sevinə «bunu da o gün nəvəm alıb ee» deyirdi. Bu dünyada onun qayğısına qalan bir adamın olduğunu göstərmək istəyirdi...


Ömründə bircə dəfə məndən nəsə istədi nənəm. On uşaq anası baxımsızlıqdan köhnəlmiş jaketini göstərib, «bala, bunun tay canı qalmayıb, gör bir ucuzvarı təzəsin ala bilirsən?» demişdi. Səhəri gün alıb-aparmışdım, təzə jaketi sığallaya-sığallaya «sağ ol, qızım, səndən çox razıyam» demişdi...


Açıqlığıma, əhli-kefliyimə heç vaxt hirslənməzdi nənəm. Nə bir dəfə açıq geyinməyimə qarışdı, nə ordan vurub burdan çıxmağıma bir söz dedi. Əksinə, onun da mənə yazığı gəlirdi – gecələr saat dörddə yatmağımı, əsəblərimin xəstə olduğunu özünə dərd eləyirdi. Evində qalanda yerimi yanından salır, səhərlər səs çıxarmırdı ki, doyunca yata bilim. Bir dəfə günorta oyananda, nənəmin ayaqlarımın yanında oturub, oyanmağımı gözlədiyini görmüşdüm. Səhər ertədən oyanmışdı, amma məni oyatmağa qıymayıb, ayaqlarımı sığallaya-sığallaya gözləmişdi. Nənəmin tənhalığına, fağırlığına, yetimliyinə, xəstəliyinə o vaxt ağlamışdım, indi ağlaya bilmirəm...


Dünən gecə dayımla, qardaşımla görüşdüm. Şəhərdə oturub, qardaşımın oğlunun doğulmağını qeyd elədik. Ağlımda idi ki, qalxanda qara çörək, limon alıb nənəmə göndərim. Amma çox içmişdik deyə, yadımdan çıxmışdı...


Yarım saat əvvəl ölüm xəbəri gəldi. Bir azdan qalxıb öldüyü evə gedəcəm. Bəlkə meyiti hələ ortada olacaq. Bəlkə üzünü ölmüş olsa da, axırıncı dəfə görə biləcəm. Nənəmin yanında vicdanım rahatdı – məndən razıydı. Amma çox şeyə görə özümü bağışlaya bilmirəm – onu sevməyən laqeyd qızına, yəni anama görə, ona daha çox, tənhalığını, bədbəxtliyini, fağırlığını unutduracaq qədər çox diqqət ayıra bilməməyimə görə, dünən gecə yadımdan çıxarıb, almadığım bir dənə qara çörəyə, bir dənə limona görə...


Ruhun şad olsun, nənə... Allaha, cənnətin varlığına inananlar bilir ki, sən indi mütləq ordasan...

LENT

25 May 2019

Digər xəbərlər >>>