Kommunal sektorda müqavilə formaları dəyişə bilər
07 fevral 2011 14:08 (UTC +04:00)

Kommunal sektorda müqavilə formaları dəyişə bilər

Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin ekspertləri təbii qaz, elektrik enerjisi və içməli su təchizatı müəssisələri ilə məişət abonenti (əhali) arasında alqı-satqı müqavilələrinin layihəsini hazırlayıb. Hər 3 müqavilə formaları “Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi” layihəsi çərçivəsində hazırlanaraq müvafiq qurumlara göndərilib.

Lent.az-ın məlumatına görə, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev bu gün keçirdiyi təqdimat mərasimində bildirib. O qeyd edib ki, istehlakçılar və təchizatçılar arasında yeni, beynəlxalq standartlara müvafiq olan münasibətlərin yaradılması da layihədə nəzərdə tutulmuş fəaliyyətlər sırasına daxildir. Bu məqsədlə mövcud qanunvericilik və beynəlxalq təcrübə nəzərə alınmaqla Şəbəkə ekspertləri tərəfindən yeni müqavilə formaları hazırlanıb. Bu təşəbbüsün məqsədi isə kommunal sektorda istehlakçı hüquqlarının daha etibarlı müdafiəsi, istehlakçı və təchizatçı arasında tarazlıq yaradılması, xidmətlərin keyfiyyətinin yüksəldilməsidir.

Əliməmməd Nuriyev qeyd edib ki, elektrik enerjisi, təbii qaz və su ilə təminatında çox ciddi problemlərin çoxu bu sektorda fəaliyyəti tənzimləyən qanunvericilikdəki boşluqlardan və çatışmazlıqlardan qaynaqlanır: “Bizim beynəlxalq standartlara müvafiq münasibətlərin yaradılması məqsədilə hazırladığımız yeni müqavilələr qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ilk addımdır. Bu yaxınlarda kommunal sektorda fəaliyyəti tənzimləyən qanunvericiliyin ümumilikdə təkmilləşdirilməsi ilə bağlı Təkliflər Paketi də ictimaiyyətə və əlaqədar dövlət qurumlarına təqdim ediləcək”.

Şəbəkə koordinatoru deyib ki, bu müqavilə layihələri əlaqədar dövlət qurumlarına (“Azərenerji” ASC, “Azəriqaz” İstehsalat Birliyi, “Azərsu” ASC, “Bakıelektrikşəbəkə” ASC, İqtisadi İnkişaf Nazirliyi ) göndərilib. Həmçinin layihə çərçivəsində nəzərdə tutulmuş araşdırmaların aparılması üçün həmin qurumlara informasiya sorğuları da göndərilib.

Layihənin eksperti Ələkbər Ağasıyev isə deyib ki, həm təbii qaz, həm də elektrik enerjisi və suyun abonentə çatdırılması paylayıcı ilə istehlakçı arasında imzalanan alqı-satqısı müqavilə əsasında həyata keçirilməlidir. Onun sözlərinə görə, yeni müqavilələrdə istehlakçı hüquqları daha dolğun şəkildə nəzərə alınıb. Yeni müqavilələrə əsasən, elektrik enerjisi, su və təbii qazın əhaliyə verilməsi ilə bağlı keyfiyyət standartlarına riayət olunmadığı halda istehlakçıya ziyan dəyərsə, onun məsuliyyətini təchizatçı daşıyır. Həmçinin təchizatçı dəymiş ziyan haqqında istehlakçıdan daxil olmuş müraciətə 10 gündən gec olmayaraq baxmalı və qanunvericiliyə uyğun olaraq istehlakçıya ödəniş ödəməlidir.

Tədbirdə çıxış edən “Azərsu” ASC-nin su ölçmə cihazlarının istismar təsərrüfatı və su satışı müəssisəsinin abonent xidməti şöbəsinin rəis müavini Hikmət Qəhrəmanov da yeni hazırlanan müqavilələrin istehlakçı və təchizatçı münasibətlərinin tənzimlənməsində əhəmiyyətli olacağını söyləyib. O qeyd edib ki, mövcud müqavilələrdə istehlakçıların fasiləsiz su ilə təminatına dair öhdəlik olsa da, bu öhdəliyi tam şəkildə yerinə yetirmək mümkün deyil: “Çünki bu, real imkanlara uyğun deyil. Ancaq biz əhalinin fasiləsiz su təminatı ilə bağlı müəyyən işlərə başlamışıq və yaxın gələcəkdə buna nail olmaq olar”.

Hikmət Qəhrəmanov deyib ki, hazırda “Azərsu” abonentlərinin 80 faizə qədəri su sayğacları ilə təmin olunub. Hazırda həmin abunəçilər istifadə etdikləri suyun haqqını “Azərpoçt” vasitəsilə ödəyir.

Elxan SALAHOV
# 628

Oxşar yazılar