İçdiyimiz suyun keyfiyyət normaları - ARAŞDIRMA
03 fevral 2011 11:53 (UTC +04:00)

İçdiyimiz suyun keyfiyyət normaları - ARAŞDIRMA

Hələ uzaq keçmişdə Azərbaycanda içməli suyu quyulardan götürərdilər və o zaman suyun keyfiyyətinə də insanlar özləri cavabdeh idilər. Dövr dəyişdikcə, sudan istifadə texnologiyaları da təzələndi. Sənayeləşmə su quyularını ucu-bucağı görünməyən su boruları ilə əvəzlədi. Amma o dövrdə bir məsələ hamını narahat edirdi – suyun keyfiyyətinə ciddi nəzarət gündəlik problemə çevrilmişdi. Həm də ona görə ki, mənbədən istifadəçiyə çatanadək uzun yol keçən içməli suyun keyfiyyətinə bir çox amillər, məsələn, su borusunun hazırlandığı materiallar təsir göstərə bilirdi.

Bəs, indi necə, suyun keyfiyyətinə nəzarət hansı səviyyədədir? Azərbaycanın özünün içməli suya dair milli standartları varmı?

Lent.az içməli suyun keyfiyyət standartları üzrə araşdırmasında bu sahədəki qanunvericilik bazasını, müvafiq qurumların nümayəndələrinin rəylərini öyrənməklə bu məsələlərə aydınlıq gətirməyə çalışıb.

Bəri başdan deyək ki, ötən ilin sonlarınadək paytaxt Bakının içməli su təminatı 4 mənbədən qidalanırdı – ümumi uzunluğu 187 kilometr olan Bakı-Şollar su kəməri, “Samur-Abşeron” kanalı, Kür çayı və Ceyranbatan Su Anbarı. 2010-cu ilin dekabrında isə ümumi uzunluğu 300 kilometr olan Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilib.

Suyumuz SSRİ-nin standartı ilə yoxlanılır

“Azərsu” ASC-nin Su-Kanal Elmi Tədqiqat və Layihə İnstitutunun direktor müavini Əhməd Məmmədov deyir ki, Azərbaycanda içməli suyun keyfiyyətinə nəzarət olunsa da, hələ ölkəmizin milli su standartları yoxdur. Bu səbəbdən də həm su kəmərlərinin tikintisi dövründə, həm də artıq istifadədə olan su ehtiyatlarında keyfiyyət üzrə nümunələr keçmiş SSRİ-nin qalmış standartlar əsasında analiz olunur: “Amma biz müvafiq dövlət qurumları qarşısında məsələ qaldırmışıq, təklif etmişik ki, özümüzün milli su standartlarımız olsun. Çünki içməli suya dair SSRİ-dən qalma həmin normativlər heç vaxt milli standart sayıla bilməz və o nə vaxtsa dəyişməlidir”.

Bununla belə, direktor müavini milli su standartlarının nə vaxt hazırlanacağını bilmir. Onun sözlərinə görə, hazırda müasir inkişaf metodologiyasına keçidlə əlaqədar bəzi qurumlar Avropa standartları ilə işləyir: “Amma suyun keyfiyyətinə dair ümumilikdə 10-15 standart var. Ümumdünya Səhiyyə Təşkilatının standartları isə bütün ölkələr üçün qanundur. Bu saat bizimkilər deyir ki, Avropaya inteqrasiya edirik, ona görə də keçirlər beynəlxalq standartlara. Lakin Firuz Mustafayev Nazirlər Kabinetinin sədri olduğu dövrdə qərar çıxartmışdı ki, keçmiş SSRİ-nin vaxtında qəbul edilmiş qərarların hamısı qüvvədədir. Yəni hansı sahədəki özümüzün milli qanun və normativ sənədlərimiz yoxdur, sovet dövründən verilən müvafiq qərar və qanunlar qüvvədə qalır”.

Standartlaşdırma Komitəsi tələsmir

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə deyir ki, hazırda Azərbaycanda içməli suyun keyfiyyəti “QOST 2874-82” standartları əsasında tənzimlənir. Həmçinin içməli suyun keyfiyyətinə dair yoxlamalar bu standartlardakı keyfiyyət göstəriciləri əsasında aparılır. Həmin standartların həm də artezian quyularına şamil olunduğunu deyən Fazil Talıblının fikrincə, bu normativlər Ümumdünya Səhiyyə Təşkilatının Standartlarına tam uyğundur.

“Bu standartlar dövlətlərarası standart olduğundan təkcə Azərbaycanda yox, MDB ölkələrinin hamısında tətbiq edilir. Bu sənəd Standartlaşdırma, Sertifikatlaşdırma və Akkreditasiya üzrə MDB-nin Dövlətlərarası Şurasında qəbul edilib. Azərbaycanın özünün isə Milli Standartları yoxdur” - deyə, komitə rəsmisi əlavə edib.

Bununla belə, Fazil Talıblı deyir ki, yaxın gələcəkdə içməli suyun keyfiyyətinə dair Azərbaycanın özünün Milli Standartları olacaq. Onun sözlərinə görə, hazırda belə bir normativ sənədin işlənməsi istiqamətdə iş gedir və yaxın zamanlarda belə bir milli standart hazırlanacaq.

“Keyfiyyətə nəzarət var”

Səhiyyə Nazirliyinin Sanitar Epidemioloji Nəzarət İdarəsinin rəisi Viktor Qasımov deyir ki, son illər Bakının və regionların suyun keyfiyyətinin yüksəldilməsi istiqamətində addımlar atılır: “Bu sahədə görülən işləri danmaq olmaz. Ancaq yəqin ki, bir problem də bu işlərin miqyasında və sürətindədir”.

Nazirlik rəsmisi bildirib ki, beynəlxalq təşkilatlar 2007-ci ildən bəri regionlarda su təmizləyən 80 zavodun qurulmasına 12 milyon dollar veriblər. Azərbaycan hökuməti isə belə layihələrə təxminən 1 milyon manat xərcləyib.

Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) kommunal gigiyenası bölməsinin müdiri Leyla Tağızadə isə təmsil etdiyi qurumun mütəmadi olaraq, içməli suyun keyfiyyətinə nəzarət tədbirləri apardığını deyir. Bundan başqa, mərkəz respublika ərazisindəki bütün göllərdə də yelə yoxlamalar aparır. Onun sözlərinə görə, Oğuz-Qəbələ-Bakı kəmərinin tikintisi zamanı suyun keyfiyyəti analiz olunub və hazırda proses davam edir: “Kəmər istifadəyə verildikdən sonra həmin kəmərlə gələn suyun keyfiyyətinə bizim şöbə baxır. Artıq Oğuzdan gələn suyun tərkibinə baxmışıq”.

Leyla Tağızadə deyir ki, GEM-in nümayəndələri hər ay həm Ceyranbatan Su Anbarında, həm də Kürdə analizlər aparır. Onun sözlərinə görə, 3 saat müddətində anbardan və çaydan götürülən su nümunələri xüsusi soyuducularda GEM-in mərkəzi ofisindəki laboratoriyaya gətirilir, burada həmin nümunələr sanitar-kimyəvi, sanitar-bakterioloji müayinələrdən keçirilir. Həmçinin içməli suda rübdə bir dəfə radioloji və toksikoloji müayinələr də aparılır: “Əgər analizlər zamanı standartlara uyğun gəlməyən hallar üzə çıxırsa, “Azərsu”yun prezidentinə məktub yazırıq, yaxud da lazımi məqamlarda qanunvericiliyə uyğun olaraq yerindəcə protokollar hazırlanır və cərimələr yazılır”.

“QOST 2874-82”in tələbləri

Ümumilikdə isə hazırda Azərbaycanda içməli suyun bütün keyfiyyət göstəriciləri 1982-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə təsdiqlənmiş standartlar əsasında yoxlanılır. Məhz bu standartlardakı normativlərə uyğun suyun keyfiyyəti, iyi, dadı, çirklənmə səviyyəsi nəzarətdə saxlanılır. Bu zaman suyun tərkibində ammonyak və nirtilər, kalsi, maqnium, ferium – bütün metallar və qeyri-metallar, yodluq yoxlanılır. Həmçinin rübdə bir dəfə radioloji və toksikoloji müayinə aparılır. Hətta Kür-Araz boyu kəndlərdə qurulmuş 139 modul tipli sutəmizləyici qurğularda da suyun kefiyyəti mütəmadi şəkildə yoxlanılır. Ümumilikdə isə hazırda Azərbaycanda içməli suda 21 fiziki-kimyəvi göstərici, 5 toksikoloji, rentgenoloji, radioloji və 2 bakterioloji analizlər aparılır.

Leyla Tağızadə ölkə vətəndaşlarını əmin edir ki, içdiyimiz suyun keyfiyyətində insanların sağlamlığına ziyan vura biləcək heç bir qarışıq yoxdur. Onun sözlərinə görə, mövcud standartlarla yanaşı səhiyyə nazirinin “Əhalinin içməli su təchizatı və çirkab suların zərərsizləşdirilməsi üzərində dövlət sanitariya nəzarətin gücləndirilməsi barədə” 5 avqust 2010-cu il tarixli əmri ilə də suyun keyfiyyəti ciddi yoxlanılır: “Hətta bəzən bizim işçilərimiz rayonlara da çıxır. Məsələn, ötən ilin noyabrında əməkdaşlarımız Salyan, Sabirabad, Saatlı, İmişli, Göyçay, Ağdaş və digər rayonlarda olub. Onlar orada həm su qurğularını yoxlayıb, həm də sularda nümunələr götürüb. Yəni standartlarda hansı normalar varsa, onların hamısını yoxlayırıq”.

Şöbə müdiri deyir ki, mərkəzləşdirilmiş su sisteminə malik 46 rayonun Gigiyena və Epidemiologiya Mərkəzləri rübdə bir dəfə içməli sudan nümunələr götürərək yoxlanmaq üçün baş idarəyə göndərir. Həmin nümunələr burada mərkəzləşdirilmiş qaydada yoxlanılır və nəticə barədə müvafiq qurumlara rəsmi məlumat verilir. Bakının rayon Gigiyena və Epidemiologiya mərkəzləri həftədə bir dəfə su qurğularından, məhəllədaxili nasosxanalardan analiz üçün nümunələr götürür.

ÜST-lə “QOST”un standart fərqi: birində 37, digərində 29

Bu normativlərin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) standartlarına uyğunluğuna gəlincə, GEM rəsmisi bildirir ki, keçmiş SSRİ-dən qalma “QOST 2874-82” standartı ÜST standartlarından daha sərtdir. Ancaq ÜST standartları ilə hazırda bizim faktiki istifadə etdiyimiz göstəricilər arasında müəyyən fərqlər var. Məsələn, ÜST standartlarından fərqli olaraq, Azərbaycanda içməli suda civə, trixolobinzol, nolaxloramin, benzol, etil benzol, moloxol benzol yoxlanılmır. Yaxud ÜST standartlarında nitratların və nitritlərin yol verilən miqdarı litrdə 50 milliqramdır. Azərbaycanda isə nitratlar 0 olmalıdır, nitritlərin maksimum səviyyəsinin litrdə 45 milliqram olmasına icazə verilir. Bütövlükdə isə ÜST standartlarında suyun keyfiyyəti 37, Azərbaycanda tətbiq olunan standartlarda isə 29 göstərici əsasında yoxlanılır.

Leyla Tağızadə hesab edir ki, ÜST standartlarında olan, lakin Azərbaycanda tətbiq olunmayan keyfiyyət göstəriciləri insan sağlamlığı üçün heç bir təhlükə yaratmır: “Bu göstəricilər əsasən, kimyəvi maddələrdir. Əgər haradasa qəzalı vəziyyətdə zavodlar, müəssisələr varsa və onlar səth sularına zərərli maddələr buraxırsa, onda suyun bu göstəricilərini də analiz edirik. Ancaq indi bizə bu lazım deyil. Çünki biz onsuz da Kürün suyunu həm radioloji, həm də toksikoloji göstəricilərinə görə mütəmadi şəkildə yoxlayırıq. İndi Sumqayıtdakı zavodlar işləmir və onlar nə Kürə, nə də Ceyranbatan Su Anbarına zərərli tullantılar buraxmır. Yəni o zavodlar suyun keyfiyyətinə təsir edə bilmir, ona görə də bəzi göstəricilər üzrə suyun keyfiyyətini yoxlamağa ehtiyac qalmır”.

Bununla belə, Leyla Tağızadə deyir ki, hazırda təmsil olunduğu qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Milli Su Standartlarını hazırlamağa başlayıb: “Çox güman ki, biz suyun keyfiyyət göstəricilərini Ümumdünya Səhiyyə Təşkilatının standartlarına yaxınlaşdıracağıq”.

Son olaraq, hazırda bütün ölkələrdə suyun keyfiyyət göstəriciləri xüsusi qanunvericilik əsasında tənzimlənir. Məsələn, İsveçrədə sudan istifadə məsələləri qida sənayesi məsələlərinin tənzimlənməsi ilə məşğul olan qanunvericilikdə, Almaniyada – sanitar-epidemioloji nəzarət üzrə federal qanunvericilikdə, ABŞ-da qanunvericiliyin ayrıca bölməsində (İçməli suyun sağlamlıq üçün təhlükəsizliyi haqqında akt) əks olunub. Bununla yanaşı tənzimlənmənin mahiyyəti hər bir halda təxminən eynidir. Adətən, belə normativlər iki hissədən ibarətdir. Birinci hissədə birləşmələrin (məsələn, mışyakın, qurğuşunun, pestisidlərin və s.) yol verilən maksimum və standart kəmiyyəti müəyyən edilir. İkinci hissədə hansı bioloji viruslar və mikroorqanizmlərin suda mövcud ola bilməsi və miqdarı müəyyən edilir. Həmin ölkələrdə bu tip normativlərin mövcudluğu 100 ildən çoxdur.

Elxan SALAHOV
# 3572

Oxşar yazılar