Bataqlıqların günü
01 fevral 2011 10:31 (UTC +04:00)

Bataqlıqların günü

Fevralın 2-si Ümumdünya Su-Bataqlıq Əraziləri Günüdür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Respublikasında ümumi sahəsi 200 min hektardan artıq olan su-bataqlıq əraziləri mövcuddur.


Respublikamızda sahəsi 1000 hektardan böyük olan su-bataqlıq sahələrinin sayı 17-yə yaxındır (Böyük və Kiçik Qızılağac körfəzləri, Ağ göl, Mahmudçala, Hacıqabul gölü, Kür çayının deltası, Sarısu, Dəvəçi limanı, Xəzər sahili boyu ərazilər və s.). Həmin ərazilərə qışlama və köç mövsümündə 100 minlərlə müxtəlif növ quş toplanır.


“Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan su-bataqlıq yerləri haqqında” Ramsar Konvensiyası 1971-ci il 02 fevral tarixində İranın Ramsar şəhərində imzalanıb. Konvensiya Azərbaycan Respublikası tərəfindən 2001-ci il 18 iyul tarixində ratifikasiya edilib.
Ağ göl, Böyük və Kiçik Qızılağac körfəzləri mühüm su-bataqlıq əraziləri kimi 2001-ci il 25 may tarixindən Ramsar Konvensiyasının “Ramsar Siyahısı”na daxil edilib və hazırda digər böyük su-bataqlıq ərazilərinin də bu siyahıya daxil edilməsi nəzərdə tutulur.


Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 05 iyul tarixli Sərəncamı ilə Ağ göl Dövlət Təbiət Qoruğunun sahəsi 17924 hektara qədər genişləndirilərək ona Milli Park statusu verilib. Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin də genişləndirilərək Dənizkənarı Milli Parkın yaradılması nəzərdə tutulur.


Qeyd edək ki, su-bataqlıq quşlarının mühafizəsi məqsədilə hər il 2 fevral “Ümumdünya Su-bataqlıq Əraziləri Günü” kimi qeyd olunur. BMT tərəfindən 2011-ci il “Beynəlxalq Meşələr İli” elan edildiyindən, cari ildə “Ümumdünya Su-bataqlıq Əraziləri Günü”nün “Bataqlıqlar və Meşələr” mövzusu altında qeyd edilməsi nəzərdə tutulub. Eyni zamanda bu il Ramsar Konvensiyasının imzalanmasının 40 ili tamam olur.
# 761

Oxşar yazılar