Telman İsmayılov Türkiyə vətəndaşı olacaq
25 may 2009 18:30 (UTC +04:00)

Telman İsmayılov Türkiyə vətəndaşı olacaq

Rusiyada yaşayan azərbaycanlı biznesmen Telman İsmayılovun Antalyada tikdirdiyi 7 ulduzlu otelin açılış mərasimi başa çatsa da, tədbir və qonaqlarla bağlı söz-söhbətlər davam edir.

Lent.az-ın məlumatına görə, Türkiyə mətbuatı möhtəşəm “Mardan Palace” oteli və açılışla bağlı bir-birindən maraqlı xəbərlər yayır. “İntenethaber”in yaydığı məlumata görə Telman İsmayılov Türkiyə vətəndaşlığına keçmək istəyir. İş adamının bunun üçün rəsmi müraciət etdiyi bildirilir.

Türkləri və Türkiyəni çox sevdiyini deyən İsmayılov özünün də türk olduğunu vurğulayıb: “Rusiya pasportu gəzdirirəm, amma soyadım İsmayılovdur. Oğlumun adı isə Sərxandır. Mən Türkiyəyə aşiqəm, bu səbəbdən Türkiyə vətəndaşı olmaq istəyirəm. Özümü sizə çox yaxın görürəm”.

İş adamı dünyanın ən bahalı otelini Antalyada tikdirməsini türklərə olan sevgisi ilə əlaqələndirib. “Antalyada gəzəndə burada otel tikdirməyə qərar verdim. Bu otel üçün 1.4 milyard dolar xərclədim, ən xırda detallarla özüm şəxsən maraqlandım”, - deyən İsmayılov Türkiyədə bundan daha böyük otel tikdirəcəyini söyləyib.
Telman İsmayılov dünyanın tanınmış ulduz sənətçiləri ilə dost olduğunu qeyd edib: “Şeronun (Şeron Stoun) açılışda Türkiyəni çox sevdiyini, uşaqları ilə Antalyaya gələcəyini deməsi məni kövrəltdi. Göz yaşımı saxlaya bilmədim. Onların Antalyaya gəlib Türkiyəni tərifləməsi mənim üçün mükafatdır”.
# 1173

Oxşar yazılar