Kürdə sərnişin daşınmasına start verilir
08 oktyabr 2010 23:30 (UTC +04:00)

Kürdə sərnişin daşınmasına start verilir

Lent.az-ın hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə, Kür çayında həyata keçiriləcək bu layihə Salyandan Yevlax rayonuna qədər bir ərazidə yaxtalarla sərnişinlərin daşınmasını və çay turizminin inkişaf etdirilməsini əhatə edəcək.

Artıq Kür çayında gəmiçiliyin yaradılması üçün bir neçə yerli və xarici şirkət tərəfindən araşdırmalar aparılaraq hökumət üçün müəyyən təkliflər hazırlanıb. Bu təkliflərə Kür çayında sərnişin daşınması üçün çay gəmilərinin alınması, Salyanda və digər bir neçə ətraf rayonda mini çay portlarının (körpülərin) tikintisi, gəmiçiliyin inkişafı üçün zəruri infrastrukturun yaradılması və s. yer alır.

Azərbaycan Dövlət Dəniz Administrasiyasında da hesab edirlər ki, özəl şirkətlər tərəfindən Kür çayında sərnişin-turist daşımasının həyata keçirilməsi mümkündür. Administrasiyanın mütəxəssislərinin fikrincə, ölkə daxili çaylardan yalnız Kür gəmiçilik üçün yararlıdır. Kürdə əvvəllər də paroxodlar hərəkət edib və sərnişinlərin daşınması üçün elə bir təhlükə yoxdur. Çay gəmiləri suya adətən 1 metr - 2 metr 20 santimetr oturduğundan Kürün Neftçala-Yevlax sahəsi gəmiçiliyə yararlı hesab olunur. Burada bəzi infrastruktur işlərinin həyata keçirilməsi, mənsəbə yaxın ərazilərin lildən təmizlənməsi və dərinləşdirmə işlərinin aparılması gələcəkdə Bakıdan belə Yevlaxa gəmi reyslərinin təşkilinə imkan yarada bilər.

Bundan başqa, hökumət hazırda Bakıdan Lənkəran və Nabrana da dəniz sərnişin reyslərinin açılması istiqamətində də mümkün variantları nəzərdən keçirir. Əsasən yay aylarında fəaliyyət göstərəcək bu ölkədaxili dəniz marşrutları dəniz-yaxta turizminin inkişafına yönələcək. Xatırladaq ki, 5-6 il əvvəl Bakı-Lənkəran gəmi reysini test olaraq reallaşdıran Xəzər Dəniz Gəmiçiliyi hazırda hər iki reysin iqtisadi imkanlarını öyrənir. Müvafiq qərar qəbul olunduqdan sonra, bu reyslərdə istifadə olunmaq üçün Xəzər Dəniz Gəmiçiliyi tərəfindən müasir sərnişin gəmilərinin alınmasına baxılacaq. Hökumətdə hesab edirlər ki, bu dəniz xətti özəl şirkətlərə də istifadəyə verilə bilər.

Rəşad
# 1252

Oxşar yazılar