Məhbuslar jurnalistlərə “şans vermədi”
04 oktyabr 2010 14:07 (UTC +04:00)

Məhbuslar jurnalistlərə “şans vermədi”

Lent.az-ın məlumatına görə, tədbir Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Milli Olimpiya Komitəsi və “Olimpiya Dünyası” qəzeti təşkilatçılığı ilə baş tutub.

Mərasimi giriş sözü ilə Bakı Şəhər Gənclər və İdman baş İdarəsinin rəisi Raqif Abbasov açdı. İdarə rəisi məhbuslara tezliklə doğmalarına qovuşmağı arzuladı: “Biz sizlərlə artıq bir neçə dəfə görüşmüşük. Futbol oyunlarında, başqa yarışlarda bir yerdə olmuşuq. Bütün bunları etməkdə məqsədimiz cəmiyyətin bir parçası olan məhbəsdəkilərin asudə vaxtlarını səmərəli keçirməsidir. Çalışırıq ki, günü-gündən biliklərinizi artırasınız, öz üzərinizdə işləyəsiniz. Hər birinizin üzünə bağlı qapıların açılmasını arzulayıram”.

Milli Olimpiya Komitəsinin məsul işçisi və “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev isə bu tip görüşlərin ənənəvi xarakter daşıdığını dedi: “Komitə ilə Penitensiar xidmət arasında ilin əvvəlində müqavilə bağlanılıb. Müqaviləyə əsasən, iki ayda bir dəfə cəzaçəkmə müəssisələrində görüşlər, yarışlar təşkil edirik. Hər bir insan həyatda səhvə yol verə bilər, sınaqla üzləşər. Əsas odur ki, dözümlü olub bu sınaqlardan üzüağ çıxmağı bacarasan. Hər birinizə gələcək həyatda uğurlar arzulayıram”.

Daha sonra media nümayəndələri ilə məhbuslar arasında “Breyn Rinq” intellektual yarıması keçirildi. Media işçilərinin “Mətbuat” komandası yarımfinalda məhbusların “Kəpəz” kollektivinə məğlub olaraq, mükafatçılar sırasına düşmək şansını əldən verdi.

Digər yarımfinal cütlüyündə isə 2 məhbus komandası üzləşdi ki, burada da, “Kainat” “Oderlər”i məğul etdi. Rəmzi əhəmiyyət daşıyan yarışmanın qalibi adını isə “Kəpəz” kollektivi qazandı. Qaliblərə təşkilatçılar tərəfindən idman alətləri hədiyyə olundu.

Nizam Rza
# 706

Oxşar yazılar