ABŞ-da telekanal binasında insanları girov götürən şəxs öldürüldü
02 sentyabr 2010 11:24 (UTC +04:00)

ABŞ-da telekanal binasında insanları girov götürən şəxs öldürüldü

Sentyabrın 1-də axşam saatlarında Merilend ştatının Silver-Sprinq şəhərində yerləşən “Discovery” telekanalının binasına daxil olan və insanları girov götürən ekoloq Ceyms Li zərərsizləşdirilib. Lent.az-ın “CNN”ə istinadən verdiyi məlumata görə, radikal baxışları ilə seçilən 43 yaşlı Ceyms Li “Discovery” telekanalının proqram siyasətinə qarşı çıxması ilə tanınıb.

O tələb edib ki, bu telekanal doğumun səviyyəsinin aşağı salınması ilə bağlı proqramlar efirə verməlidir, çünki planetə artıq insanlar lazım deyil. Ceyms Li binaya tapança və bir qab benzin ilə daxil olub. Onun əlində əldə düzəltmə bomba olduğu da ehtimal edilir. Polisin girovları azad etmək üçün bir neçə saat ərzində ekoloqla apardığı danışıqlar nəticə verməyib. Telekanal ətrafındakı binalardan 2 minə yaxın sakin evakuasiya edilib və xüsusi təyinatlılar əməliyyat keçiriblər. Snayperin açdığı atəş nəticəsində ekoloq güllələnib. Ağır yaralı olan Ceyms Li xəstəxanada keçinib.

Girovlar arasında xəsarət alan yoxdur.

Qeyd edək ki, Silver-Sprinq şəhəri Vaşinqtonun yaxınlığında yerləşir.
# 663

Oxşar yazılar