Uzan ailəsini güldürən, Türkiyəni şoka salan xəbər
25 avqust 2010 16:15 (UTC +04:00)

Uzan ailəsini güldürən, Türkiyəni şoka salan xəbər

Avropa İnsan Haqları Məhkəməsi Uzan ailəsinin “Çukurova Elektrik və Kepez Elektrik” şirkəti ilə bağlı Türkiyəyə qarşı iddiasını baxılmaq üçün qəbul edib. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Strasburqda bu iddia ilə bağlı ilk məhkəmə prosesi noyabrın 30-da keçiriləcək.

Avropa İnsan Haqları Məhkəməsi yalnız önəm verdiyi şikayətlərlə bağlı məhkəmə prosesi keçirmək barədə qərar verir.
Qeyd edək ki, “Çukurova Elektrik və Kepez Elektrik” şirkəti ilə bağlı Türkiyədə mülkiyyət hüquqlarının pozulması və ədalətli müdafiə hüquqlarının pozulmasını iddia edən Uzan ailəsi 2003-cü ildə Türkiyədən Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib. Uzan ailəsi Türkiyə Nazirlər Kabinetinin Çukurova Elektrik Stansiyası və Kepez Elektrik Stansiyasının bu ailədən alınması barədə 2003-cü il 17 iyun tarixli qərarının Avropa İnsan Haqları Məhkəməsi tərəfindən ləğv edilməsini tələb edir.

Xatırladaq ki, Uzan ailəsi Türkiyədən Parisdə yerləşən Beynəlxalq Arbitraj Məhkəməsinə də şikayət edib. Başqa sözlə, bu ilin aprelində “Çukurova Elektrik və Kepez Elektrik” şirkətinin ortağı olduğunu, zərərə uğradığını iddia edərək Parisdə yerləşən Beynəlxalq Arbitraj Məhkəməsinə üz tutan və Türkiyədən 10,1 milyard, faizi ilə birgə 21,5 milyard dollar təzminat istəyən Cənubi Kipr əsilli iş adamı Libananco təzminat tələbini rekord səviyyədə artırıb. Libananconu pərdə arxasında idarə edən isə türkiyəli iş adamı, bir zamanlar siyasi partiya da yaratmış, hazırda Türkiyədə haqqında cinayət işi qaldırılan Cem Uzandır. Cem Uzan məsləhətçilərinə və mütəxəssislərinə təzminatın miqdarı ilə bağlı yeni hesablama apartdırıb.

10,1 milyard dolların ödənməsinin gecikməsinə hər bir ay üçün 2,5 faiz hesablatdıran Cem Uzan Çukurova Elektrik və Kepez Elektrik” şirkətinin “Çukurova” və “Kepez” elektrik stansiyaları üzərində 2058-ci ilə qədər nəzərdə tutulmuş, ancaq sonradan Türkiyə hökuməti tərəfindən birtərəfli ləğv edilmiş imtiyazını da nəzərə alıb. Həmin elektrik stansiyalarında enerji istehsal olunmalı və 2058-ci il qədər Çukurova bölgəsinə satılmalı idi. Cem Uzan təzədən hesablama apartdıraraq 100 milyard dollar təzminat tələbini irəli sürüb. Beynəlxalq Arbitraj Məhkəməsi avqust-sentyabr aylarında qərarını verməlidir.

Qeyd edək ki, bu, Türkiyədə “Libananco davası” kimi məşhurlaşıb.
# 733

Oxşar yazılar