15 yaşında evdən qaçan imam oğlu: "Anam məni öldürər..." - SİRLİ ULDUZLAR
26 dekabr 2019 16:51 (UTC +04:00)

15 yaşında evdən qaçan imam oğlu: "Anam məni öldürər..." - SİRLİ ULDUZLAR

Çox maraqlı həyat hekayəsi var - bataqlıqdan xilas olmağa çalışan uşağın zirvəni fəth edəcəyi qədər maraqlı. Həyatın hər üzünü görüb. Uşaqlıq illərində qatlaşdığı əziyyətlər onu dəmir kimi möhkəm edib. Həmin vaxtla indiki həyatı müqayisəyə belə gəlməz. Topun və xəyallarının dalınca düşməsinin hesabına daha nələr qazanmayıb ki... Var-dövləti başından aşsa da, xarakteri heç dəyişməyib. Qarşısına çıxan maneələri, yaşadığı çətinlikləri unutmur. Axı onu futbol azarkeşlərinin sevimlisi Sadio Mane edən elə məhz həmin günlər olub...

“Heç nədən qorxum yoxdur”

1992-ci il aprelin 10-da Seneqalda anadan olan Manenin uşaqlıq illəri ölkənin cənubunda yerləşən kiçik kənddə - Bambalidə keçib. Valideynləri, qardaşları və bacıları ilə yaşadıqları balaca evdə əmisi və dayısı da qalırdı. Müsəlman ailəsində böyüyən Sadionun atası kənd məscidinin imamı idi. Ailə başçısının qazancı çox olmadığından, külfət maddi baxımdan əziyyət çəkirdi. Bununla belə, valideynləri Sadio və digər övladlarının savadlı olması üçün çalışırdı. Ancaq uşaqlıqdan top Maneni özünə çəkirdi. Səhərdən axşama qədər küçədə futbol oynayırdı. “Yadıma düşdüyü qədər, topa sevgim 2-3 yaşımdan yaranıb. Düzdür, məktəbə getdiyim ilk vaxtlarda yaxşı şagird olmuşam. 4-cü sinifə qədər əla oxuyurdum. Sonra dərslərə ciddi yanaşmamağa başladım. Bunun üstündə anam məni o qədər döyüb ki... Məktəbdən qaçdığıma görə az sillə “yeməmişəm”. Valideynlərim məni tərbiyələndirmək üçün belə edirdilər. Buna görə də möhkəm böyümüşəm, heç nədən qorxum yoxdur”, - uşaqlıq illərini yada salır Mane.

Dünya çempionatından sonra qərar verir

2002-ci il. 10 yaşlı Manenin mavi ekran qarşısında seyr etdiyi Seneqal yığması dünya çempionatının açılış oyununda Fransaya qalib gəlməklə sensasiyaya imza atır. Növbəti xoş sürpriz qrupdan çıxmaq olur. 1/8 finalda boyundan bir qədər də yuxarı tullanan seneqallılar İsveç millisini mübarizədən kənarlaşdırırlar. Lakin növbəti mərhələdə Türkiyəyə uduzaraq yarımfinala çıxa bilmirlər. Buna baxmayaraq, komandanın mundialdakı çıxışı hamı tərəfindən yüksək qiymətləndirilir. Məhz dünya çempionatından sonra Sadionun bu idman növünə marağı daha da artır və o, futbolçu olmağa qərar verir: "Seneqalın Fransaya qalib gəldiyi oyunu heç vaxt unutmayacağam. Matçın mayın 31-də keçirildiyi də yadımdadır. Sonuncu dərs günü idi. Oyuna baxmağımız üçün məktəbdən bizi tez buraxdılar. Fransa və Türkiyə ilə matçlar məni elə ruhlandırdı ki, futbolçu olacağıma qərar verdim. El Hadji Diuf qəhrəmanım idi”.

“Az qalırdı ki, itləri üstümə buraxsın”

Konservativ ailədə böyüdüyündən, valideynləri onun futbolçu olmaq istəyinə qarşı çıxırlar. Atası hesab edirdi ki, Sadio məktəbi bitirməli və gələcəkdə əkinçiliklə məşğul olmalıdır: “Ailəm futbol oynamağıma qarşı idi. Buna görə də, özümü tənha hiss edirdim. Anam hər dəfə top dalınca düşdüyümü görəndə az qalırdı ki, itləri üstümə buraxsın. Mən isə futbolçu olacağıma əmin idim”.

“Etdiyim hərəkətə görə çox utanmışdım”

Mane valideynlərini onu futbol məktəbinə yazdırmağa razı salmağa çalışırdı. Ancaq atası və anası hər dəfə qarşı çıxırdı. Bundan təngə gələn Sadio 15 yaşında radikal addım atır: evdən qaçıb paytaxt Dakara getməyə, xoşbəxtliyini orada axtarmağa qərar verir. Çantasını yığan Sadio gedəcəyini nə atasına deyir, nə də anasına. Yol pulunu ən yaxın dostundan alır və avtobusla Dakara səfərə çıxır. Məqsədi futbol məktəbi tapmaq, özünü sınamaq idi. Atası, anası nə qədər axtarsalar da, Sadionu tapa bilmirlər. Sonda onların çox narahat olduğunu görən dostu hər şeyi açıb deyir. “Dakarda tanımadığım ailənin evində - dostumun qohumugildə yerləşdim. Həmin vaxt valideynlərim axtarışıma çıxmışdılar. Dostum əvvəlcə sirrimi deməsə də, hamı onun üstünə düşəndən sonra harada olduğumu açıqlamışdı. Valideynlərim mənimlə əlaqə saxlayaraq dərhal evə qayıtmağımı tələb etdilər. Etdiyim hərəkətə görə çox utanmışdım, amma qayıtmaq istəmirdim", - həmin anları təsvir edir Sadio.

Böyük qardaşı dalınca gedir

Buna baxmayaraq, Mane gedəndən 1 həftə sonra geri qayıtmalı olur. Atası söz verir ki, dərs ilinin sonunda oğluna xəyallarının dalınca getməsinə icazə verəcək. Böyük qardaşı Sadionun dalınca gəlir və onu evə aparır. Bu hadisədən az müddət sonra Manenin atası dünyasını dəyişir. Onun ölümü ailənin maddi vəziyyətini daha da çətinləşdirir. Faciə Sadionu əmisinə bir qədər də yaxınlaşdırır. Halbuki atasının ölümünə qədər əmisi də onun futbolçu istəyinə qarşı idi. “Bir dəfə dedi ki, əmi, vaxt gələcək, mən Fransada futbol oynayacağam. Güldüm ona, çünki inanmırdım. Amma Sadio özünə inanırdı”, - deyir əmisi.

“Deyirdim ki, pul qazanım, sonra duş qəbul edəcəyəm”

Mane qərarında qəti idi - futbolçu olacaqdı. “Bambalidə dostlarıma deyirdim ki, bütün günü futbol oynadığımdan, heç duş qəbul etməyə də vaxtım yoxdur. Məni ancaq futbol maraqlandırırdı. Deyirdim ki, kifayət qədər pul qazanandan sonra duş qəbul edəcəyəm", - dostları ilə dialoqunu yada salır Mane.

“O baxışı heç vaxt unutmayacağam”

Dərs ili bitdikdən sonra əmisi onu futbola yazdırmağa aparır, amma Dakara yox, Mbur şəhərinə. Həmin vaxt kənd camaatı pul yığıb Sadionun və əmisinin səfər xərcini düz-qoş edə bilir. Qarşılarına çıxan ilk futbol məktəbində görünüşü ilə dərhal məşqçinin diqqətini çəkir: “Stadiona təxminən 200-300 oğlan və qız toplanmışdı. Məşqçilərdən birinin mənə necə baxdığını heç vaxt unutmayacağam. Soruşdu ki, cırıq "krossovka"da futbol oynamağa gəlmisən? Həqiqətən də, idman ayaqqabım yaxşı halda deyildi, dəfələrlə cırılmış, amma mən onu tikib normal vəziyyətə gətirməyə çalışmışdım. Ona cavab verdim ki, nə bacardığımı meydanda göstərəcəyəm. Sınaq turunu keçdikdən sonra həmin məşqçi mənə yaxınlaşıb dedi: "Əla! Səni komandama götürürəm".

“Salam, ana. Mən Fransadayam”

Bir dəfə fransalı futbol skautlarının yolu Mbur şəhərinə düşür. Onlar təkcə idman yox, həm də sosial missiya yerinə yetirirdilər: kasıb ailədən çıxan istedadlı uşaqlara öz potensiallarını açmaqda kömək edirdilər. Uşaqların arasında seçilən Maneni görməzdən gələ bilməzdilər. Nəticədə Sadio Dakarda yerləşən və Fransanın “Mets” klubu ilə yaxınlığı olan "Generation Foot" akademiyasına seçilir. 4 il bu akademiyada futbolun sirlərini öyrənir.

2011-ci ildə “Mets”in skautları "Generation Foot"da adından söz etdirən Sadio Manenin oyununu canlı seyr edirlər. Nəticədə 19 yaşlı Mane ilə müqavilə bağlamağa qərar verilir. Akademiya gələcəyin ulduzunun Fransaya köçməsi üçün lazım olan bütün maddi ehtiyacları qarşılayır. Beləcə Sadio başqa materikə köçməli olur, özü də anasından xəbərsiz. O, Fransaya yollandığını ancaq əmisinə deyir. "Mets"lə müqavilə bağlayıb yeni ölkədə tam yerləşəndən sonra anasına zəng edir: "Salam, ana. Mən Fransadayam". Anası oğluna inanmır. Axı o, Sadionun hələ də Dakarda məşq etdiyini düşünürdü. Anası Manenin yalan danışmadığını onu televizorda görəndən sonra anlayır.

“Dumanlı Albion”a açılan yol

1 il sonra Sadio 4 milyon avro qarşılığında Avstriyanın "Zalsburq" klubuna keçir. Yeni komandasında baş məşqçi Roсer Şmidt ona çox dəstək olur, çətinlik yaşadığı ilk vaxtlarda da Maneyə inandığını bildirir. Nəticədə çempionatda ilk mövsümdə 16 qol vurur. Növbəti mövsümü də yaxşı keçirən Mane Avstriya Bundesliqası və ölkə kubokunun qalibi olur və 2014-cü ildə İngiltərə klublarının maraq dairəsinə düşür. Adı "Suonsi" və "Vest Hem"lə birgə çəkilsə də, "Sauthempton"la müqavilə imzalayır.

“Dumanlı Albion”da da özünü yaxşı tərəfdən göstərən Mane “Liverpul”dan təklif alır və bu şansı qaçırmır. 2016-cı ildə 34 milyon funt-sterlinq qarşılığında Mersisayd təmsilçisinə keçir. Sadio “qırmızılar”ın heyətində qısa zamanda bütün potensialını aça bilir. Bunda komandanın baş məşqçisi Yurgen Kloppun də böyük rolu olur. “Kloppun rəhbərliyi altında oynamaq mənə zövq verir. O, futbolçuları çox yaxşı motivasiya edir. Hamı bütün gücünü meydanda qoyur, bacardığını yüz faiz yerinə yetirir. Klopp futbolçularını çox istəyir, biz də onu qiymətləndiririk”, - deyir Sadio Mane.

“Liverpul”da qazandığı uğurlar

“Liverpul”da Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olan Mane bu günlərdə Klublararası dünya çempionatının da kubokunu başı üzərinə qaldırdı. Bundan əlavə, “qırmızılar” uzun fasilədən sonra bu mövsüm İngiltərə çempionu olmağa çox yaxındırlar. Bunun üçün isə mövsümün sonuna qədər liderliyi qorumaq lazımdır.

Hərəyə ayda 70 avro

“Liverpul”un məşqçilər korpusundan tutmuş bütün futbolçularına qədər hamı Manenin necə peşəkar olduğunu yaxşı bilir. Çox punktualdır. Məşqə ən birinci gələn həmişə Sadio olur. Komanda yoldaşlarından 1 saat əvvəl bazaya girir. Qidalanmasına xüsusi diqqət ayırır. Sağlamlıqla bağlı kiçik problemi olanda da klubun həkimlərinə xəbər verir.

Manenin insani keyfiyyətləri də yüksəkdir. Doğma kəndi üçün az iş görməyib: Bambalidə xəstəxana, məktəb və stadion tikdirib, atasının vaxtilə imamı olduğu məscidi təmir etdirib. Yoxsulluqdan əziyyət çəkən kəndçilərinə dəfələrlə ərzaq və paltar göndərib. Bundan əlavə, Bambalidə yaşayan hər bir insana ayda 70 avro verir.

"10 "Ferrari", 20 brilyant saat və 2 təyyarə nəyimə lazımdır?”

“Bir vaxtlar çətin günlər yaşadığıma görə indi qazandıqlarımdan başımı itirmirəm. Düzgün tərbiyə almışam. "10 "Ferrari", 20 brilyant saat və 2 təyyarə nəyimə lazımdır? Bunların məndə olması dünyaya nə verəcək? Mən aclıq görmüşəm, tarlada çalışmışam, çətin günlərdən sağ çıxmışam, ayaqyalın futbol oynamışam. Məhz həmin günlərin hesabına indi insanlara kömək edə bilirəm”, - deyir Mane.

“Bircə gün danışmasam, məni öldürər”

Anasını çox istəyir Sadio. Atası onun hazırkı şan-şöhrətini görmədiyindən, ona olan mənəvi borcunu da anasına qaytarmağa çalışır, bir sözünü iki etmir: “Anam hələ də Bambalidə yaşayır. Dakarda da evim var. Deyirəm ki, ana, istədiyin vaxt köçüb paytaxtda yaşaya bilərsən. Amma istəmir, özünü kənddə daha yaxşı hiss edir. Əvvəl anam üçün futbol vaxt itkisindən başqa bir şey deyildi. Fikrimcə, artıq futbola münasibəti dəyişib (gülür). Hər gün onunla əlaqə saxlayıram. Mütləq səsimi eşitməlidir. Bircə gün danışmasam, məni öldürər”.

“Allah velosipedin əvəzinə mənə sürət verib”

Sadionun fikrincə, ən böyük üstünlüyü sürətidir: “Həmişə hər yerə hamıdan tez çatmışam. Heç vaxt velosipedim olmayıb. Ancaq onun əvəzinə Allah mənə sürət verib. Meydanda da, ondan kənarda da sürətliyəm”.

Sosial şəbəkədən az-az istifadə edən Manenin aşpazlıq bacarığı zəifdir: sıyıq bişirməkdən başqa mətbəxdə əlindən bir iş gəlmir. Özünün dediyinə görə, dünyada yeganə futbolçudur ki, “PlayStation”ın nə olduğunu bilmir: “Çünki heç vaxt oynamamışam və oynamaq həvəsində də deyiləm. Coystik işlətmək mənlik deyil”.

“Heç vaxt alkoqola toxunmuram, çünki müsəlmanam”

Mane İslam dininə bağlı insandır. “Spirtli içki qəbul etmək? Nə danışırsınız? Mən heç vaxt alkoqola toxunmuram, çünki müsəlmanam. Mümkün qədər İslam dininin qayda-qanununa uyğun yaşamağa çalışıram. Gündə 5 dəfə namaz qılır, Quran oxuyuram. Seneqal əhalisinin 90 faizi müsəlman, 10 faizi isə xristiandır. Buna baxmayaraq, orada hamı dostluq içində yaşayır. Mənim ən yaxın dostum Lyuk xristian idi. Tez-tez bir-birimizin evinə qonaq gedirdik”, - jurnalistin sualını belə cavablandırır Mane.

2018-ci ildə internetdə Manenin tualet təmizlədiyini əks etdirən video yayılır. Məlum olur ki, həmin yer Liverpulda yerləşən məsciddir və Sadio orada işləyən qanalı dostuna kömək etmək üçün bu addımı atıb.

Rizvan Babayev

 

 

# 19905
avatar

Rizvan Babayev

Oxşar yazılar