Ağacların kəsilməsi problemi təkrar araşdırıldı
06 may 2019 11:45 (UTC +04:00)

Ağacların kəsilməsi problemi təkrar araşdırıldı

Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların kəsilməsi ilə bağlı sakinlər tərəfindən daxil olan şikayət təkrar araşdırılıb. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, əraziyə keçirilən baxış zamanı yaşıllıq sahəsində mülkiyyətçi Həzrət Temirov tərəfindən 25 meyvə ağacının kəsildiyi, 2 zeytun ağacının və 96 nar kolunun köçürüldüyü, 8 çoxillik şam və qovaq ağacının isə yerində qaldığı müəyyən edilib.

Kəsilən ağacların əvəzinə yeni ağacların əkilməsi, köçürülən ağaclara isə aqrotexniki xidmət göstərilməsi ilə bağlı torpaq mülkiyyətçisinə Nazirlik tərəfindən “məcburi göstəriş” verilib.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sözügedən ünvanda ağacların kəsilməsi ilə bağlı aprelin 16-da da şikayət daxil olub. Araşdırma zamanı M.Hadi küçəsi, 93/99 ünvanında 0,24 hektar yaşıllıq sahəsinin tikinti məqsədilə Bakı şəhər İcra Hakimiyyətinin 2013-cü il tarixli sərəncamı ilə vətəndaş Həzrət Temirova ayrıldığı müəyyən edilib.

Ərazidəki 131 müxtəlif cinsli ağac Nazirliyin əməkdaşları tərəfindən qeydiyyata alınaraq torpaq mülkiyyətçisinə təhvil verilib.

Qeyd edək ki, sözügedən ünvandakı ağacların kəsilməsi və köçürülməsi ilə bağlı 28 mart  tarixində mülkiyyətçinin oğlu Rüstəm Temirov, 3 aprel  tarixində isə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən Nazirliyin Dövlət Ekspertiza İdarəsinə müraciət olunub, lakin yaşıllıqların toxunulmaz qalması məqsədəmüvafiq hesab edilib, ağacların köçürülməsi və kəsilməsinə icazə verilməyib.

# 874
avatar

Aygün İbrahimli

Oxşar yazılar