Oda atılan şeytan nökəri, qeybə çəkilən qəhrəman, 600 ilin sirri... – TARİXİN SANDIĞINDAN

Janna d Ark Yüzillik müharibə zamanı ölkəsini xilas etmiş Fransa qəhrəmanıdır, katolik kilsəsinin müqəddəsləşdirdiyi simalardandır. Bəllidir ki, Janna 1412-ci il, yanvar ayının 6-da Lotaringiya ilə həmsərhəd olan Şampan əyalətinin Domremi kəndində anadan olub. O zamanlar Fransanın vəziyyəti çox acınacaqlı idi. 1338-ci ildə sülalə mübahisəsi müharibələrə səbəb oldu; dalbadal cərəyan edən müxtəlif hadisələr ona gətirib çıxardı ki, 1420-ci ildə ingilis kralı V Henrix və fransız kralı VI Karl Trua şəhərində fransızlar üçün son dərəcə acınacaqlı olan müqavilə imzaladılar. Həmin müqaviləni kraliça Bavariyalı İzabella və ingilisləri dəstəkləyən edən burqundiyalılar müdafiə edirdi.

 

Müqavilə imzalanandan iki il sonra, hər iki kral - həm ingilis, həm fransız - dünyasını dəyişdi. İzabella isə elan etdi ki, Fransa taxtının varisi dofin Karl kralın doğma oğlu deyil və bu səbəbdən, taxta çıxmağa haqqı çatmır. Müqaviləyə əsasən, İngiltərə və Fransa kralı V Henrixin oğlu, azyaşlı VI Henrix oldu; onun qəyyumu isə əmisi hersoq Bedford təyin edildi. Fransa, faktiki olaraq, öz müstəqilliyini itirdi.

 

Bu hadisədən sonra fransız dofini Luare çayı üzərində yerləşən Orlean şəhərindəki Şinon qəsrinə salınmışdı. O zamanlar Karla ölkənin yalnız ayrı-ayrı kiçik əyalətləri sadiq qalmışdı. Jannanın böyüyüb boya-başa çatdığı Domremi kəndi yaxınlığındakı Bokuler qəsəbəsinin qarnizonu da Valua sülaləsinin tərəfində durmuşdu. Qızın atası Jan d Ark heç də adi kəndli deyildi. Belə bir versiya var ki,  onun əcdadları zadəganlıqlarını neçə onilliklər qabaq itirmişdilər; Janın özü isə həm kəndxuda, həm də yerli silahlı dəstələrin komandiri idi.

 

Janna müəyyən qəribəlikləri olan bir uşaq idi; 13 yaşından etibarən qarabasmaları olur, qulaqlarına cürbəcür səslər gəlirmiş. Sonralar onun özü deyirmiş ki, qeybdən gələn bu səslərlə müqəddəslər ona yol göstərir, vətənini xilas etməyin vacib olduğunu söyləyirlərmiş. Həmin səslər qızın doğma şəhərli Orleanın ingilis-burqund mühasirəsinə düşdüyü vaxtdan bəri daha müntəzəm, daha inadla eşidilir, onun yaxasından əl çəkmirmiş. Janna Vokulerdəki hərbi qarnizonun komandiri Rober de Bodrikurla məhz elə bu səbəbdən görüşə can atırdı. Görüş baş tutur. Janna öz istəyini dilə gətirir: o istəyirdi ki, Orleandakı hərbi dəstənin başında dofinin görüşünə getsin. Kapitan əvvəlcə qızın bu sözlərini ciddi qəbul etmir; Jannanın xahişini iki dəfə - 1428-ci ilin mayında və 1429-cu ilin yanvarında rədd edir. Lakin elə həmin ilin fevralında Bodrikur naməlum səbəblərdən, qəflətən qərarını  dəyişir və Jannaya Sinona getmək üçün müşayiətçilər verir; qız əyninə kişi paltarı geyərək, dofinin görüşünə yollanır.

 

Karl Valua qızı sınamaq qərarına gəlir – Janna dofini çoxsaylı təbəələri arasında tanımalı idi. Qız bu işin öhdəsindən asanlıqla gəlir, sonra da, dofindən təkbətək görüş tələb edir. Onların öz aralarındakı məxfi görüşdə nə barədə danışdığını yalnız təxmin etmək mümkündür. Amma Karlın adamları həmin tarixi görüşdən sonra da Jannanı xeyli müddət sorğu-suala tuturlar - əvvəlcə, Şinonda, sonra Puatyedə. Və nəhayət, qıza inanırlar.

 

Bir ay sonra kralın əmri ilə Janna üçün böyük bir dəstə yığılır. O, bəyaz zireh geyib, Orleanı xilas etməyə yollanır. O vaxt mühasirədə olan şəhərin əhalisi çox əziyyət çəkirdi.

 

Haşiyə: Yüzillik müharibə əslində, müharibələr silsiləsi idi. Bu müharibə 1338-ci ildə başlanıb, müəyyən fasilələrlə, 1452-ci ilədək davam etdi. Bu arada elə illər olurdu ki, hərbi əməliyyatlar, ümumiyyətlə, aparılmırdı. Jannanın qəhrəmanlıqları 1415-ci ildə - fransızlar üçün uğursuz olan Azenkur döyüşündən etibarən başlanan ikinci mərhələyə aiddir. 

 

Maraqlıdır ki, heç bir hərbi təcrübəsi olmayan Janna çox gənc yaşlarında, qəribə bir istedad və sağlam məntiq nümayiş etdirirdi. O, ingilis qoşunları üzərinə, müdafiə istehkamları qurulmayan şimal tərəfdən hücum edir və düşmən tezliklə şəhərin mühasirəsini açmağa məcbur olur; Janna Orleana qalib kimi girir. Bu əlamətdar hadisə 1428-ci il mayın 8-də baş vermişdi. İlk qələbənin dalınca qoşun onun rəhbərliyi altında dalbadal, daha bir-neçə qələbə qazanır və iyun ayının axırlarında şimala istiqamət götürür. Həmin gündən etibarən onun şöhrəti bütün Fransaya yayılır, xalq onu “Orlean qızı” kimi tanınmağa başlayır.

 

Dofin Karl fransız krallarının tacqoyma mərasiminin keçirildiyi Reymsə gəlir. 1429-cu il iyulun 17-də onu VII Karl adı ilə taxta çıxarırlar. Janna bu mərasimdə kralın yanında idi.

 

Lakin cəbhədə vəziyyət artıq dəyişməyə başlamışdı, Jannanın qoşunu uğursuzluqlarla üzləşirdi. 1429-cu il sentyabrın 8-də Parisə hücum zamanı Janna yaralanır. Xalqın ona inamı azalmağa başlayır, lakin Janna öz hədəfindən əl çəkmək fikrində deyildi; sona kimi getmək, Fransanı tam azad etmək istəyirdi. Onun növbəti addımı burqundiyalıların mühasirəyə aldığı Kompyen şəhərinin köməyinə yetişmək olur. Qoşun mühasirəni yarıb, şəhərə girir, lakin 1430-cu il mayın 23-də, növbəti əməliyyat zamanı qız burqundiyalıların əlinə keçir; onlar Jannanı xeyri pul müqabilində buraxmağa razılıq verirlər və bəyan edirlər ki, əks-təqdirdə, onu ingilislərə satacaqlar. Qədirbilməz VII Karl tələb olunan məbləği verməkdən imtina edir və Janna 10 min livr pul müqabilində ingilislərə təslim edilir.

 

Janna məhkəmə qarşısında durmalı olur. Onun baş ittihamçısı Karlın yeparxiyadan qovduğu yepiskop Bove Pyer Koşon olur. Hakimlər sübut etməyə çalışırdılar ki, Jannanın eşitdiyi səslər Tanrının yox, İblisin səsi imiş. Müttəhim öz müdafiəsini nə qədər ağıllı qursa belə, bu məhkəmənin çıxaracağı hökm əvvəldən bəlli idi. Nəticədə, Jannanı kafirlikdə ittiham etdilər. O, əvvəlcə sağ qalmaq üçün günahlarını etiraf etməsi barədə sənədi imzalayır, lakin sonra nə olursa, ifadəsindən boyun qaçırır və ölüm cəzasına məhkum edilir. Əslində, bu prosesin məqsədi VII Karlın taxt-tacı kafir və cadugər bir qadının vasitəsilə ələ keçirdiyini isbat etmək, onu bir hökmdar kimi etibarsız elan etmək idi.

 

1431-ci il mayın 30-da Janna d Arkı Ruan şəhərinin mərkəzi meydanında tonqalda yandırırlar. Bu hadisə bütün fransızları səfərbər edir, onlar müzəffər yürüşlərini inamla davam etdirirlər. Beləliklə, 1453-cü ildə Yüzillik müharibə başa çatır; ingilislərin əlində yalnız Kale şəhəri qalır...

 

İki ildən sonra VII Karlın təşəbbüsü ilə Janna d Arkın cinayət işinə yenidən baxılır, onun üzərindən bütün ittihamlar götürülür. 1920-ci il, may ayının 16-da isə katolik kilsəsi Janna D Arkı müqəddəs elan edir.

 

Yaxşı, bəs görəsən, bu hadisə  əslində necə olub? Məsələ bundadır ki, edamdan dərhal sonra ölkədə bir şaiyə dolaşmağa başladı: Jannanı tonqalda yandırmayıblar, o, sağdır. Və bu şayiə əsassız deyildi.

 

Məsələn, Orlean şəhərinin qeydiyyat kitablarında Jannanın öz qardaşı ilə apardığı yazışmalara dair qeydlər var və o qeydlər 1436-cı ilə aiddir. Kitabdakı məlumatlardan bəlli olur ki, qardaşı 1437-ci ildə Lüksemburqa, bacısının ziyarətinə yollanıb. 1439-cu ildə isə doğma şəhərinə dönən qadını bütün Orlean əhalisi öz xilaskarı kimi təntənə ilə pişvaz edib; şəhərə gələndə Jannanın yanında onunla birlikdə döyüşən cəngavərlərdən bir neçəsi də varmış . Düzdür, onun adı artıq başqa idi – Janna dez Armuaz, lakin şəhərlilərdən kimsə qarşısında məhz Fransa krallığının xilaskarı olan Orlean qızının durduğuna qətiyyən şübhə etmirmiş. Həmin qarşılanma mərasimində Jannaya şəhər başçıları adından mükafat olaraq, 210 livr pul da bağışlanmışdı. Qeydiyyat kitablarında həmin mükafat barədə də yazı var.

 

Bütün bu məlumatlar bu gün belə müəmmalı görünən tarixi faktlar barədədir. Bəlkə o vaxt şəhərə gələn Jannanın adından istifadə etmək istəyən bir fırıldaqçı olub? Bu suala da birmənalı cavab vermək mümkün deyil. Çünki həmin vaxt Jannanın anası İzabella Buve də şəhərdə olub və öz qızını tanıyıb. Bundan başqa, həmin pişvaz mərasimi zamanı  Janna d Arkı şəxsən tanıyan kral da şəhərdə idi.

 

 

Bu hadisələrin davamı isə daha çox sual doğurur. Bir ildən sonra, Janna dez Armuaz Parisə getmək istəyəndə onu tutaraq, yalançılıqda ittiham edir, lənət sütununa bağlayırlar. Qadın öz günahlarını boynuna alır; onu şallaqlayıb sərbəst buraxırlar. Janna öz əri, cəngavər Rober dez Armuazla birlikdə, onun ata-baba malikanəsinə qayıdır.

 

Orleandakı hadisələr, həmin hadisələrin iştirakçısı olmuş şəxslərin ifadələri, xatirələri daha çox, madam dez Armuazın fırıldaqçı olmadığına dəlalət edirdi. O vaxt xalqın inandığı belə bir versiya da var ki, guya kral azadlıq savaşının şanlı qəhrəmanının cəmiyyət arasında üzdə olmasını qətiyyən istəmirmiş.

 

Janna üzərində aparılan məhkəmə prosesinin özü də xeyli şübhələr doğurur. Proses düz bir il sürmüşdü, amma sənədlərdən dəqiq bəllidir ki, bu boyda müddət ərzində Jannaya bir dəfə də işgəncə verilməmişdi. Cadugərlikdə ittiham olunan bir şəxsə qarşı belə humanist davranış inkvizisiya məhkəməsi üçün; həmin məhkəməni aparan inkvizitorlar üçün ağlasığmaz bir şey idi. Bunun səbəbi nə idi görəsən? Görünür, belə yumşaq rəftarın da səbəbi Jannanın şəxsiyyəti olub. Tarixdən bəllidir ki, Janna d Ark sadə kəndli qızı imiş. Amma onun mənşəyi barədə belə bir versiya da var ki, o, əslində, VII Karlın ögey bacısı; Bavariyalı İzabellanın gizli doğulmuş qanunsuz qızı olub. Mötəbər sənədlərdən bəllidir ki, Fransanı az qala məhv etmiş kraliça təxminən 1407-ci ildə bir qız uşağı dünyaya gətirmiş; körpə az sonra ölmüşdü. Bəlkə İzabellanın qızı heç ölməyibmiş? Bəlkə o körpəni söz-söhbət yaranmasın deyə, saraydan uzaqlaşdıraraq, Orleandakı etibarla adamlara tapşırıblar; qız orada böyüdüb, tərbiyə ediblər? Bunu da nəzərə almaq lazımdır ki, Janna özünü heç vaxt rəsmi atasının adı ilə - Janna d Ark kimi təqdim etmir, özünü həmişə “Orlean qızı” adlandırırdı və bu da təkzibolunmaz faktdır. Bununla bağlı inandırıcı görünən bir versiyaya əsasən, bəlkə Janna Valua sülaləsinə qohum olan Orlean nəslindən idi? Hər halda, adi bir kəndli qızının kralın yanına yol tapması, onun sonsuz etimadını qazanması o dövrün Fransasında ağlabatan görünmür.

 

Belə bir versiya da var ki, Jannanın Karlla görüşünü kralın qaynanası, kürəkəninin taxt-taca yiyələnməsində maraqlı olan kraliça Anjulu İolanda təşkil etmişdi. Amma kraliçanın bu məqsədlə təsadüfi bir kəndli qızından istifadə etməsi qəti inandırıcı deyil.

 

Jannanın cəngavər silahı olan uzun nizədən istifadə etmək bacarığı, saray etiketini gözəl bilməsi də adamı çaşdırır. Bir sözlə, Jannanın mənşəyi hələ də bir sirr olaraq qalır.

 

Onun elə edam olunması faktı da həmin dövrü araşdıran tarixçilər tərəfindən şəksiz həqiqət kimi qəbul edilmir. Ruandakı edam mərasimində Janna d Arkın yandırılacağı tonqal ingilislərin ikiqat halqası ilə üzük qaşı kimi əhatə olunmuşdu; şəhərlilər məhkumun sifətini görə bilmirdilər. Bəlkə də tonqalda tamam başqa adam yandırılmışdı. Bir çox tarixçilərin fikrincə, Jannanın edamı qurama imiş; gizli anlaşmaya əsasən, o, Fransa krallığını tərk etməli, ingilislərə qarşı döyüşlərini davam etdirməməli imiş. Həmin tarixçilərə görə, “edam tamaşasından” sonra, Janna Lotaringiyaya yola salınıb və orada Rober dez Armuaza ərə gedib. Onların nikah müqaviləsinin surəti də qalır və maraqlı burasıdır ki, həmin nikaha şahidliyi Orlean qızının yaxın silahdaşları edib. Lakin bir neçə ildən sonra Janna verdiyi vədi pozaraq, döyüşlərdə iştirak edib, Orleana gəlib, sonra da Paris səfərinə çıxıb; tutularaq, yalançı elan edilib, çünki o vaxt müharibə hələ bitməmişdi...

 

Orlean qızının reabilitasiyası Yüzillik müharibənin qələbə ilə başa çatmasından və Rober dez Armuazla xanımının bir-birinin dalınca vəfatından sonra baş tutdu, çünki o, bütün hallarda, vətəninin nicatı üçün canından keçməyə hazır olan bir qəhrəman idi...

LENT

19 Aprel 2019
18 Aprel 2019

Digər xəbərlər >>>