20 ildən sonra
15 iyul 2018 01:51 (UTC +04:00)

20 ildən sonra

DÇ-2018-in bu gün keçiriləcək final oyununda üz-üzə gələcək Fransa və Xorvatiya 6-cı duelə çıxacaq. Apasport.az saytının məlumatına görə, komandalar indiyədək 5 dəfə görüşüb.

 

Əvvəlki qarşılaşmalarda uduzmayan Fransa 3 qələbə qazanıb və 2 heç-heçə edib. Top fərqi də bu üstünlüyü əks etdirir – 9:3.

 

Rəqiblərin ilk oyunu 20 il öncəyə təsadüf edib. Mundiallardakı hələlik yeganə qarşılaşma yarımfinala təsadüf edib. 2:1 hesabı ilə qalib gələn fransalılar evdəki mundialın finalına yüksəlib və tarixinin ən böyük uğuruna çempionluğa sevinib.

 

20 il əvvəlki tarixi nailiyyətini bu il təkrarlayan Xorvatiya sonrakı iki matçda da rəqibinə uduzub. 1999-cu ildə üç, 2000-ci ildə iki cavabsız qol vuran fransalılar yoxlama oyunlarında çətinlik çəkməyib.

 

AVRO-2004-də yolları kəsişən rəqiblər qalibi müəyyənləşdirə bilməyib – 2:2. 2011-ci ildəki yoxlama matçı da sülhlə bitib – 0:0.

 

20 ildən sonra yenidən DÇ-də qarşılaşan komandaların son iki duelində qalib müəyyənləşməyib. Fransa tarixinin ən böyük uğurunu təkrarlamaq, Xorvatiya isə eyni nailiyyətə ilk dəfə imza atmaq üçün mübarizə aparacaq.

 

 

# 295
avatar

Oxşar yazılar