[b]Tanrıdan güc alan şəhər: İslamabad – V YAZI[/b]
10 mart 2015 18:12 (UTC +04:00)

[b]Tanrıdan güc alan şəhər: İslamabad – V YAZI[/b]

Ruh, iman birliyi

 

Qardaş Pakistanın müstəqillik savaşı apardığı çətin günlərdə imanlı bir türk şairi olan

Ramazan Sağlam belə yazırdı:

 

Ansızın gəlir və sallanır torpaq,

Başını döndər də arxana bir bax.

Nə qalmış geridə, ümidlər çılpaq,

Qan ağlayır indi orda Pakistan...

 

Yıxıldı yuvalar, söndü ocaqlar,

Şaxtada titrəyir tir-tir cocuqlar.

Əlləri havada açıq qucaqlar

Bəkləyir bizləri zorda Pakistan...

 

       Köməyə, dost-qardaş sayğısına çağıran bu ağrılı misralar beləcə uzanıb gedir; misra

misranı, bənd bəndi əvəz edir...

         Düşünürəm; dəstək olmaq, himayədarlıq etmək Türk insanının ölməz ruhundan gəlir. O ruhdan gəlməyik, o ruha doğru gedənlərik. Diqqətə çatdırılan bu kitabın yazılma səbəbi də eynən dostluq, qardaşlıq istəyindən, ruh, iman birliyindən gəlir.

 

 

                                                

 

“Mehmanlar, siz bizə səfa gəldiniz...”

 

       Pakistanın müdrik oğlu Muhammed İkbal haqlıdı; “Hər hansı söhbət kitabdan öyrənilən elmdən daha gözəldir”. Bunun belə olduğuna şəhadət vermək üçün, yenə də Muhammed İkbalın fikrilə desək, “könül sahiblərinin nəzəri gərəkdi”.

         Təkcə könül sahibləri fərqinə yetər ki, bu qardaş ölkənin özünəməxsus tarixini, coğrafi varlığını, mədəniyyətini, milli yaşamını bütün aydınlığı ilə dərk etməyin ən asan yolu gəlib də bu yurdu görməkdən keçir. Heç bir röya, xəyal yaşantıları, sənədli film, kino bu deyilənləri bir gerçək baxışın, müsafirliyin gerçək təəssüratı qədə dolğunluqla ifadə edə bilməz. Gərəkdi ki, bir qardaş-dost sayğısı ilə müsafiri olasan, girib də könlünə nəzər edəsən.

         Pakistan həyatının, Pakistan yaşamının iç dünyasına varmaq, bu ölkənin insanda insan oyadan dəyərlərinə vaqif olmaq yolun doğrusuyla getmək cəhdidi. “Əvvəl özün özünü tanı, sonra elə nəzər eylə” buyruğuna səlim bir ruhla edilən əməl işidi. Bir ümmana dolmağın, bir gövhəri bulmağın yolu belədi.

         Şah babamızın “Mehmanlar, siz bizə səfa gəldiniz” qonaqpərvərliyi, dost-doğmalığı, məhəbbəti ilə qarşıladı bizi Pakistanın baş şəhəri İslamabad.

         Hər qədəmdə önümüzə çıxan müasirliyi, abad, fövqəladə gözəlliyi ilə könül açan varlığıyla İslamabad incə ruhu, zövqüylə bizə “xoş gəldin” etdi. Sanki keçdiyimiz hər cığır, aldığımız hər nəfəs, hava, su, güllər, çiçəklər, insanların xoş təbəssümü dil açıb deməkdəydi ki:

 

Yenə mehman gördüm, könlüm şad oldu,

Mehmanlar, siz bizə səfa gəldiniz.

Qar-qış yağar ikən, bahar-yaz oldu,

Mehmanlar, siz bizə səfa gəldiniz.

 

         Müsafiri “eşq qapısının dili” olaraq qəbul edən bir dünyadı İslamabad. Daim gəlmələri üçün hümmət eyləyib də gözləyər hər vaxt. Böyük-kiçik, hər kəs qonağı Xızır bilər, Xızır gözündə tutar İslamabadda. Əzəldən bilirlər: “Müsafir gəlir ki, qisməti bilə...”

 

“Gəl, a könül, xoş görəlim bu dəmi...”

 

         Bu sətirləri yaza-yaza heç unutmadığım bir şərqinin misraları keçir yaddaşımdan: “Nə qədər şəhərlər, kəndlər görmüşəm...” Hər yerin, məkanın insanlarının da öz xüsusi, spesifik təbiəti, xarakteri olur; qaynar təbiəti, coşqunluğu, soyuqluğu, ötkəmliyi ilə seçilənləri var. Pakistan insanını daha çox səbrli, sakit gördüm...

         Bunun belə olduğunu bilmək üçün ömründə bircə yol müsafiri ol İslamabad şəhərinin. Kirimişcə bir tərəfə çəkilib küçələrinə nəzər yetir: Eyni anda, eyni küçədə hər cür maşın, araba, motosikl, velosiped axını görəcəksiniz... O maşın-texnika qələbəliyi içində də ən fərqli məişət qayğıları ilə yaşayan, küçə alış-verişi yapan, başı üstündə böyük bir səbəti əmin-arxayın mənzilə götürən insan axını görəcəksiniz. Lap əlindəki ilməylə toxuduğu bir nimtənə üstündə naxış açan qadın da görə bilərsiniz bu qələbəlik içində... Hər kəs bu duruma alışmış... Hər kəs qos-qoca bu nəhrin sakit, dərin axışıyla keçib getməkdədi. Elə bil ətrafından keçib gedən qələbəliyin ona heç bir dəxli yoxdu. Bu insanlar dünyanın əbədi gəlim-gediminin ləngərinə, davamlı olmasına öyrəncli zamanı xatırladır; müdrik, səbrli və təmkinli.

   

Millətin xarakteri

 

         “Millətin xarakteri istiqlaliyyət qazananda üzə çıxır” deyirdi görkəmli fransız filosofu Madam dö Stel.

         Eyni zamanda müstəqillik millətin xarakterinin meyvəsi kimidi. Xarakter millətin “nə miqdar olması” meyarıdı.

         İslamabad küçələri boyunca gəzib-dolaşdıqca hər qədəmdə mən Pakistan insanının müdrik, səbrli, alicənab üzünü, sufi əxlaqını görüb sevindim.

         Hər qədəmdə bir istilik havası, unudulmazlığı var. İslamabadda tarixə dərin, heç vaxt bitib-tükənməyəcək bir ehtiram gördüm. Ölkənin azadlığı, müstəqilliyi yolunda çaba göstərmiş insanların xətri, xatirəsi burda əzizdən də əziz tutulur. Burda bilirlər ki, “vətən onu yaşadıb davam etdirən dirilər qədər, onun əsasını qoyan, bu yolda həyatlarını kayb etmiş müqəddəs ölülərdən ibarətdir”.

         Hər gün Minareyi-Pakistan adı ilə tanınan əziz məkandan keçib gedən insanlar dünyadan köçmüşlərin dünyada qoyub getdikləri haqlarını dönüb-dönüb yad etməkdədilər. Burası o məkandı ki, behiştlik Muhammed İkbal müstəqillik səslənişini məhz burada – Minareyi-Pakistanın qərar tutduğu məkanda etmişdi. İndi həmin məkanda Ay-ulduzlu Pakistan bayrağı vüqarla dalğalanır.

         Bu yerləri Əfqanıstan müharibəsi dönəmində və sonra cənab Prezidentin rəsmi səfəri zamanı heyətdə təmsil olunan  jurnalist sonra isə millət vəkili kimi ziyarət etdiyim anları hər zaman xatırlayıram.

         Bu ölkənin insanları “verdiyi ilqarı imandan, dərsini məktəbi-irfandan” alanlardı...

         Pakistanın baş şəhəri İslamabadda hər qədəmində “verdiyi ilqarı imandan alan”, sufi əxlaqıyla qloballaşan dünyaya dov gələn imanı kamil insanlara rast gəlirsən.

         İslamabaddayam... Dost-qardaş Pakistanın paytaxtından söz açıram sizə. Qərar tutub yerləşdiyi Pathohor yaylası boyunca ona göz yetirib baxır, baxıram. Duyğularım şeir-şeir tumurcuqlayır:

 

Parhohar yaylası, salam-əleyküm,

Erkən daş dövründən söz açıb danış...

Buzluq dönəminin sükut layına,

Soan çayı ilə göndər sifariş.

 

Burdan keçib gedib qoşun-ləşkəri

Böyük Çingiz xanın, Əmir Teymurun.

Pathohar yaylası, izn ver səndən

Əhməd şah Dürranı, Baburu sorum...

 

Sorum Sandpurun qalıqlarını,

Mənə Kəraçidən bir nağıl danış.

Pathohar yaylası, salam-əleyküm,

Ey islam əxlaqlı ən qədim tanış.

 

         Lap qonşuluğunda qərar tutan Ravalnindi şəhəri ilə bir arada 4 milyon yarım insan yaşayır İslamabad ərazisində. Ölkənin üçüncü böyük ərazisi hesab olunur.

         Aşiqdi Pakistan əhli bu yerə. Pakistan hökuməti burda yerləşir. O cümlədən, Prezident sarayı...

         Ötən əsrin 60-cı illərində Pakistanın paytaxtı olan Kəraçi şəhərini əvəz etmək məqsədilə tikilib. Belə deyək ki, az qala mənim özümün də mənsub olduğum nəslin yaşdaşıdı bu şəhər.

         Tələbələrinin sayına görə dünyanın ən böyük təhsil ocaqlarından hesab olunan Əllamə İkbal Açıq Universiteti burda – İslamabaddadır. Üst-üstə paytaxt İslamabadda 16 universitet fəaliyyət göstərir. Pakistanın iki milli abidəsindən birinə ev sahibliyi edir İslamabad.

        

Bir İslam şəhəri, İslam yurdudu,

Adından bəlidi dost İslamabad...

Feysəl məscidindən Lok Virsayacan

Yazım bircə-bircə, deyim adbaad.

 

Marğalla təpəsi, mənə qar göndər

Himalay dağının ucalığından.

Gəncliyi bəllidi İslamabadın,

Yazım Kəraçinin qocalığından.

 

Laylam Kuranqçay çalsın bu dəfə,

Ziyarət eyləyim Bari İmanı...

Boylanım Margalla yüksəkliyindən,

Daman-e Koh səmtdə salım axşamı...

 

         Dedim axı, paytaxt İslamabadın yerləşdiyi Pathohar yaylası Asiyada ən erkən insan məskənlərindən biri sayılır. Tarixi yüz və yaxud beş yüz min illə ölçülən arxeoloji abidələr məhz bu səmtdə aşkar edilmişdir. Hər saxsı parçası, çanaq qırığı, hər daş qırıntısı buzlaq dövrünün qədim sakinindən söz açmaqdadı.

         Eradan əvvəl 3-cü minillikdə kiçik qəbilələr yaşamış burda. Tarixi məxəzlər bölgədə mövcud olmuş buddist şəhərindən bəhs etməkdədi. Zahiruddin Babur, Çingiz xan, Teymurləng və Əhməd şah Durrani kimi bir çox böyük sərkərdələr İslamabaddan Hindistan yarımadasının ərazilərinə səfər etmək məqsədilə dəhliz kimi istifadə etmişlər. Britaniya müstəmləkəçiliyinin acısını 1849-cu ildə çəkməli olmuşdu bu gözəl məkan.

 

İlin hər fəslini yaşayan şəhər

 

         İslamabadda ilin beş fəsli müşahidə olunur; burda noyabrdan fevraladək qış keçir, şaxta-qar olur. Mart-aprel arası yaz aylarıdı. Mayıyla iyunu yazdan sayılır. Yağışlı mussondu iyulla avqust. Payız sentyabr girəndən başlar, gedər oktyabrın sonuna qədər.

         Dörd fəslin dördünü də saydıq beləcə...

 

 

     

 

Elə ki, yetişdin İslamabada

 

         Gərək baş çəkəsən Pakistan abidəsinə, Milli Assambleya binasına, Feysəl məscidinə... Pakistan abidəsinin böyük gül yarpaqlarının içərisindəki divar naxışları İslam memarlığının incə, zərif zövqünü yaşadacaq sənə. Şah Feysəl məscidi isə daha çox müasir memarlıq üslubu ilə süslənib; ənənəvi böyük üçkünclü ibadət salonu və dörd minarədən ibarət varlığı ilə göz çəkir. Dizaynı türk memarı Vedat Dalonay tərəfindən verilib. Maliyyə dəstəyi ilə Səudiyyə Ərəbistanı kralı Feysəldən gəlib.

         İslamabadda əsasən urduca danışırlar. İngilis dili isə çox yayğındır və insanların bir çoxu bu dildə rahat danışır.

         Sufi mistiki Pir Meher Ali şahın ziyarətgahı burda – İslamabada bağlı Golra şəhərində yerləşir.

         Moğol imperatoru Aurangzeb tərəfindən inşa etdirilmiş Beri–İmam ziyarətgahına baş çəkməyin öz savabı var.

         Səkkiz bölgəsi var İslamabadın. Bu bölgələr içində siyasət, ticarət, təhsil bölgələri ön sıradadı. Hər bölgənin özünə aid park və dükanları düzüm-düzümdü.

         Öncə Daman-e Gohu ziyarət edirik. Burası ağlasığmaz dərəcədə böyük, bənzərsiz gözəlliyə malik bir parkdı. Dəyərli səfirimiz Daşqın bəy və onun ömür-gün yoldaşı Ülviyyə xanımla bərabər bu füsunkar bağı ziyarət edirəm. Bu gözəl parkda insanlardan sonra ən çox meymunların diqqəti cəlb etdiyini görürəm: Ürkək, çəkingən görkəmi ilə hər biri qərib bir yolçuya bənzəyir elə…

         Daman-e Goh bir bağ ki, durur Magillanın yüksəkliyində. Farcadan çevirəndə adı ayaq təpələri mənasını verir. Dəniz səviyyəsindən 2400 fut, İslamabad şəhərindən 500 fut yüksəklikdə qərar tutub.

          Daha yüksəklikdə isə Pir Sohava qərar tutub. Dam-e Gohan Pir Sohavaya qədər liftin tikintisi planlaşdırılır.

         Hələ bu yerlərə qışda gələsən. Qar uçqunları zamanında görəsən meymunlar Murree təpəsindən dərəyə doğru necə köç edirlər hay-həşir ilə...

         Arada yanaşın teleskoplara... Reval gölünü görə bilməyin, Feysəl məscidinə nəzər salmağın ayrı ləzzəti var bu ucalıqdan...

         41 mərtəbəli bir göydələndən dünyaya boylanıb baxmaq istəsən buyur gəl arada İslamabada.

         Margalla təpəsi, səndən söz açdım; ən fərqli heyvanlar gəzib-dolaşır, coluq-cocuğuyla gəlir gələnlər... Elə ki, qoynuna mən qədəm basdım, qərib bir səs duydum, eşitdim eyzən... Hansı musiqiydi, hansı nəğməydi, hansı səs-sədaydı? – bilə bilmədim. Dərk etdim ilahi səda duyuram, dərk etdim Allahdan gəlir bu nida...

         Faysal Camini ziyarət edirik. Gerçəkdən, çox gözəl bir sənət abidəsidir. Memarının türk oğlu Vedat Dalakoy olduğunu az öncə demişəm. Maraqlı bir tarixçəsi var; Əslində bu cami Ankaradakı Kocatəpə Camisinin olduğu yer üçün nəzərdə tutulubmuş. Sonra bəzi səbəblərdən fikir dəyişib. Vedat bəy də məlum layihəni 1969-cu ildə Kral Faysalın elan etdiyi müsabiqəyə təqdim etmiş və birincilik qazanmışdır. Beş min kvadrat metrlik ərazini qapsayan camidə eyni vaxtda 74 min adam ziyarət namazı qıla bilir.

         Heç ola bilməz ki, İslamabada səfər edəsən, ancaq Faysal Camini ziyarət etməmiş bu gözəl abidənin ruhçəkici nəfəsini duymamış olasan.

         O möhtəşəm camidə dua edib ziyarətində bulunduğum anları elə hey anır, anıram... Eyni zamanda xatırlayıram ki, həmin anda Pakistanın böyük oğlu Muhammed İkbalın müdrik kəlamları yaddaşımdan qıpır-qıpır keçməkdəydi: “Eyni göydə uçarlar, amma quzğunun dünyası başqa, şahinin dünyası başqadı... Haşa, mən ölümdən qorxmuram. Çünki mən müsəlmanam. Müsəlmana yaraşan da ölümü təbəssümlə qarşılamaqdır...”

 

Bu da Lok Virsa...

 

         Sonsuz bir maraq hissi, duyğusallıqla qədəm qoyuram Lok Virsaya... Hər kəsin ziyarət etməsi də arzum, istəyimdi. Bu istəyin səbəbini dilə gətirməyi savab bilirəm; Pakistanın keçmişini, çağdaşlığını görə bilmək istəyirsinizsə, mütləq Lok Virsanı ziyarət edin. Əntik, nadir hədiyyələr almaq istəyiniz varsa, Lok Virsaya gəlin. Ən fərqli çeşidlərlə işlənmiş əl işlərinə tamaşa etməyin, zəngin rəsm dükanlarına baş çəkməyin yolu Lok Virsadan keçir...

         Lok Virsa İrs kitabxanası bu bənzərsiz muzeydən çox da uzaqda deyil. Kitabxana ən çeşidli mədəniyyət sahələrini əhatə edən resurs məlumatlarla zəngindir.

 

 

        

 

 

Şakarparian özəlliyi

 

         İslamabadın bu gözəl guşəsi təpə və yerli parklardan ibarətdir. Haqqında dönə-dönə söhbət açdığım Pakistan abidəsi Şakarparianda yerləşir. 1947-ci ilə qədər qədim Gakhar qəbilə başçıları burada məskunlaşmışlar. Amma ölkənin yeni yaradılan paytaxtı üçün parkın yaradılması səbəbindən köçürülmüşlər.

 

 

 

 

Pakistan abidəsi

 

         Dost-qardaş ölkənin gücünü, etnik qruplarını, mədəniyyət və inkişafını əks etdirmək amacıyla yapılan Pakistan abidəsini ziyarət etmək imandandı; İmkan var ki, həm abidəni ziyarət edəsən, həm alt qatında yaradılmış muzeyi gəzib-dolanasan, həm də abidəətrafı guşələrdə əyləşib könül söhbətləri edə biləsən.

 

“Surəti-rəhman gəlmişlərdəniz”

 

         Golra Şərif isə Margalla yüksəkliyi yaxınlığında, Taxila şəhərinin 17 km-də yerləşir. Meher Əli şah mavzoleyi Golra Şərif Pathohar yaylası sakinləri üçün mühüm əhəmiyyət kəsb edir və hər il qeyd edilən Pir Mehmet Ali şaha öz ehtiramlarını bildirmək üçün buraya minlərlə adam gəlir. Könülləri, imanları isə bu unudulmaz beytin ifadə etdiyi böyük fikir havasıyla başdan-başa dolu olar:

 

Kainatı surəti-rəhmanə təsfir etməyə,

Ruhi-qüdsi surəti-rəhman gəlmişlərdəniz...

 

Bir iman sahibi, bir Həcc aşiqi

 

         Sufi böyüklərindən Bari İmam, yəni “yerin rəhbəri” titulu almış, əsl adı şah Abdul Lətif Kazimidən söz açıram sizə... İslamabadın və Pathohar regionunun baş müqəddisi idi. Vaxtın, zamanın o çağları idi ki, Nurpur Şahan şəhəri hələ Çurpur Şahan adı ilə tanınırdı və oğrular, dələduzlarla dolu idi. Bari İman bu duruma biganə qala bilməmişdi. Barışığa, dincliyə səsləmişdi hər kəsi. Və istəyinə nail olmuşdu. Sonra buradan Ghor Ghuehtiyə - zamanının ən böyük tədris mərkəzinə getmiş, burada fiqh, hədis, məntiq və İslamla bağlı başqa elmləri öyrənməyə başlamışdı. Sonra Kəşmiri, Bədəxşanı, Buxaranı, Bağdadı gəzib-dolanmış, Dəməşqi ziyarət etmişdi.

         Təkcə səyahət, təkcə dini təhsilini artırmaq olmamışdı ki, amacı... Bunlar öz yerində! Ən fərqli düşüncə sahibi olan alimlərlə qonuşur, müzakirələr aparırdı. Həcc ziyarəti onun taleyində yeni bir mərhələnin başlanğıcını qoymuş, “mənliyi də yeni bir mən doğurmuşdu”.

         Məhz mənliyindən zühr edən bu yeni, böyük mənin kəramətindən idi ki, Moğol imperatoru Aurangzeb Almagir Bari İmamı ziyarət etmiş, ehtiramını bildirmişdir. Sonra da bu böyük könül dostunun gümüş güzgüdən ziyarətgahını yapdırmışdır. Bu gözəlim mavzoley o çağdan – bu çağa öz varlığını hifz etməkdədi. Dövlət tərəfindən qorunur. Mavzoley daxilində böyük müqəddəslərin qəbri olan yerə yalnız kişilər daxil ola bilir.

         Hər il müqəddəs Urs (doğum) gününün qeyd edilməsi bayramında minlərlə zəvvar Marğalla yüksəkliyinə axışır və öz ehtiramlarını bildirmək üçün Nurpur Şahanda toplaşırlar. İl boyu dünyanın müxtəlif ölkələrindən də zəvvarlar gəlir.

         Bütün bu olmuşları sonsuz ehtiram hissilə ana-ana Bari İmam mavzoleyini ziyarət edirik. Yerli sakinlər haralı olmağınızla maraqlanırdılar.

         Türk olduğumuzu dediyimiz zaman dərin bir səmimiyyətlə bizə yaxınlaşır, birgə şəkillər çəkdirmək arzularını bildirirdilər. Bu doğmalığı Pakistana qədəm basdığımızı ilk andan hiss etmişdik. Bilirdik ki, Pakistan xalqı türkləri ürəkdən, candan sevirlər və bu sevginin qos-qoca bir ənənəsi var...

# 295
avatar

Qənirə Paşayeva

Oxşar yazılar