Manısın və jurnalistin oğlu
15 iyun 2013 19:30 (UTC +04:00)

Manısın və jurnalistin oğlu

Nadir Bayramlı deyib ki, oğlu müğənni olmaq istəyir. Əflatun Qubadov isə toylara gedəndə oğlunu da özü ilə aparır. Mən, bu adamın əlinə düşən mikrofonu dərhal oğluna ötürdüyünün dəfələrlə şahidi olmuşam.

 

Yusif Mustafayev də oğlunun müğənni olmasını arzulayır. Əflatun Qubadov kimi, o da qonaq olduğu efirlərdə oğlunun təbliğatını aparır. Aybəniz Haşımova da qızını səhnəyə çıxarmaq üçün çox əziyyət çəkdi. Övladlarını müğənni edə bilməyən qoca xanəndələr isə öz sənətlərinin sirrini nəvələrinə öyrətməya çalışırlar. Bir müddət əvvəl yaşlı xanəndələrdən biri belə demişdi: “Əlində mikrofon tutan adamın çörəyi var”.

 

Yazmaqdan fərqli olaraq, oxumaq var-dövlət, sərvət gətirir. Buna görə də müğənnilərin övladları həvəslə atalarının yolunu davam etdirmək istəyirlər. Hətta səsi olmayan gənclər də oxumağa can atırlar. Onlar yaxşı başa düşürlər ki, atalarının əlindi mikrofon olmasaydı, geniş evlərdə yaşaya, bahalı avtomobillər sürə bilməzdilər. Görünən kəndə bələdçi lazım deyil...

 

Mənim oğlum isə mənim sənətimi davam etdirmək istəmir. Uşaq vaxtı Şahin təhlükəsizlik zabiti olmaq istəyirdi. Bir qədər böyüyəndən sonra həkim olmaq fikrinə düşdü. İndi isə bank sektoruna meyl edir. Bəlkə də bir-iki il sonra fikrini dəyişib, polis olmaq istəyəcək. Amma yüz faiz əminəm ki, Şahin heç vaxt jurnalist olmayacaq. Çünki o, jurnalist olan atasının ötən illər ərzində hansı iztirablara qatlaşdığını hamıdan yaxşı bilir...

 

Yataqxanada yaşayanda Şahin tez-tez məndən soruşurdu: “Ata, nə vaxt bizim evimiz olacaq?” Mən heç vaxt onun bu sualına cavab verə bilmirdim. Çünki bu sualın cavabı mənim özümə də aydın deyildi.

 

Nə vaxtsa bu barədə bir dəfə də yazmışam. Hər dəfə göydələnlərin yanından keçəndə, Şahin ayaq saxlayıb, sual dolu baxışlarını üzümə zilləyirdi: “Ata, bu binalarda varlı adamlar yaşayır?” Hələ məktəbə getməyən oğlumun jurnalistlərin kasıb təbəqəyə aid olduğunu dərk etməsi mənə əzab verirdi. 13 yaşlı oğlumun jurnalistikadan başqa bütün sahələrə həvəs göstərməsi də yəqin ki, bu amillə bağlıdır. Etiraf edim ki, heç mən də onun seçiminə təsir göstərmir, onda yazı-pozuya maraq oyatmaq istəmirəm. İstəmirəm ki, gələcəkdə oğlum da mənim kimi məişət qayğılarının əlində əsir-yesir qalsın...

 

Bunu hansı ata istəyər?..

# 1281
avatar

Seymur Verdizadə

Oxşar yazılar