Aqil Abbas: “Tanrı sözünü geri götürə bilməz...” – YENİ LAYİHƏ
15 aprel 2013 18:00 (UTC +04:00)

Aqil Abbas: “Tanrı sözünü geri götürə bilməz...” – YENİ LAYİHƏ

Lent.az yeni layihəyə başlayır. Tanınmış yazar Aysel Əlizadənin təqdimatında “Ayrı adam” layihəsində tanınmışlar qonaq olacaq. İlk qonaq millət vəkili, yazıçı Aqil Abbasdır.

 

- Çox müsahibə verirsiz, yorulmursuz?

 

- Hə, çevir tatı, vur tatı. O gün biri zəng vurub ki, bir qız hansısa meyxanaçıya görə canına qəsd eləyib, buna necə baxırsız?

Dedim a bala, axmaq sualları axmaq adamlara verin. İkincisi də sevgiyə görə adam özünü öldürər? Sev də, özünü niyə dəliliyə qoyursan? Qızını Məcnuna verərsən, a qızım?

 

- Yox (bu cavabı istəyirdi)

 

- Vəssalam da, kişilər verməyib də. Gül kimi boy-buxunu, vəzifəsi, pulu, ağlı olan İbn Salamı qoyub, dəli-ifləməyə qız verərdi?

Füzulinin “Leyli və Məcnun”u Nizaminin “Leyli Məcnun”undan ona görə fərqlidi də, qızım. Nizamidə pis adamların içində Məcnun ilahi kimi görünür, Füzulidə bir nəfər pis adam yoxdu. Füzuli haqq qazandırır ki, elə düz eləyib Məcnuna qız vermirlər. İbn Salam da sevir də bu qızı.

 

- Leyli sevmir axı İbn Salamı

 

- Sevmir, amma sən İbn Salama da deyə bilməzsən ki, bu qızı sevmə.

 

- Sevgi nədi?

 

- O gün də demişəm, başqa cür yozublar. 60 yaşında adam sevgidən danışmaz, o mənada ki, 60 yaşlı adamın sevgidən danışmağı mədəniyyətsizlikdi.

 

- Siz yenə də danışın. Yazıçıya olar.

 

- Sevgi böyük bir elmdi. Kitab oxumayan adam heç cür sevə bilməz. “Leyli Məcnun”u oxumayan adam, gözəl filmlərə baxmayan adam, romanları, poeziyanı bilməyən adam sevə bilməz, qızım.

 

- Sevginin elmini bilmədən...

 

- İyrənc romanlar, iyrənc filmlər insanları çaşdırdı. Bildizmi?

 

- Bildim. Füzuli sevginin elmini yaradıb?

 

- Əlbəttə. Amma məsələn, Əli Əkbəri oxuyan sevə bilməz axı... Gör kimi kimlə müqayisə edirəm, yəni ümumiyyətlə deyirəm, dünya ədəbiyyatında da belə əsərlər var.

 

- Münasibətlər niyə alınmır?

 

- Çünki səndə 108 fm-i tutur, onda 109-u.

 

- Ayrı-ayrı dalğalarda olurlar...

 

- Əlbəttə. İndi gözümün qabağına gətirirəm ki, kənddən bir qohumumu alıb gətirmişəm, gözəl də bir xanımdı, anadı-filandı. Axşam oturmuşam Dostoyevskiylə bağlı nəsə danışıram, o da deyir ki, kənddə Həsənqulu vardı e, onun oğlu bilirsən də Moskvadadı. Tutalım deyirəm.

 

- İnsanları təkcə intellekt bir yerdə saxlaya bilər?

 

- Yox, ailə təkcə elmdən ibarət deyil ki! Bütün günü Dostoyevskidən danışmırsan axı. Gərək anlaya bilsinlər bir-birini, güzəştə gedə bilsinlər. Yoxsa dəqiqədə bir ailə dağılar. Mənə İradə nəsə irad bildirəndə deyim ki “ee...”? Belə olmur. Onda get “ee”yə də , İradənin yanında nə işin var? 

Get onda eləsinin yanına ki, o sənə bunları demir, deyir, Aqil, sən böyük yazıçısan, səndən yoxdu. İnsanları hətta övlad da bağlamır bir-birinə. Ən böyük bağ anlamaqdı.

Düzdü, mən ailə məsələləri üzrə professor deyiləm, adətən yazarlar bir az ayrı cür yanaşırlar ailəyə. Bir az özünü sevən olur yaradıcı adam. İstəyir ki, ancaq onu sevsinlər, bu sevməsin. Elə sənin borcundu ki, məni sevəsən. Bütün günahımı bağışlayasan, bütün ... bağışlayasan. Yazan adamların hamısında bu var.

Təkcə kişiyə aid deyil, qadında da var. İstedadlı adamların öz dünyası olur, elə bilirlər həmin dünya onları xoşbəxt edəcək, sonra görürlər yox, eləmədi.

 

- Niyə eləmir?

 

- Ağzını ayırıb yaşayır, bir də görür yaş altmışı keçib, heç nə yoxdu ortada. Nə ailəyə yarayıb, nə bir iş ortaya qoyub, heç nədən yarımayıb. Birinci sözüm bu olur cavanlara: “içməyin”...

 

- Niyə qadın yazarlar içki düşkünü olmur?

 

- Qadın kişidən dörd dəfə, beş dəfə güclüdü. Bir evli kişinin qadını 3-4 gün yanında olmayanda qıraqdan baxsan, elə bilərsən bomj gəlir. Amma qadın kişidən ayrılsa da...

- ...qıraqdan baxanda bomja oxşamır.

 

- Ay sağ ol. Qadına Allah böyük səbr verib, müdriklik verib. Kişi öz ismətini qorumur. Amma qadın qoruyur. Kişiyə nə var, yanından bir gözəl qız keçən kimi ağzının suyu axır, qadın belə deyil axı.

 

- Aqil müəllim, bunları indi düşünürsüz, yoxsa həmişə belə düşünmüsüz?

 

- Həmişə belə düşünmüşəm. Düzdü, belə yaşamamışam, səhvlərim çox olub, amma belə düşünmüşəm.

 

- “Dolu” dan yorulmamısız?

 

- Mənim iki oğlum var, eləmi? Övladımdan niyə yorulmalıyam? Eləcə də yazılarım. Mümkün deyil ki, mən Tuncaydan, Toğruldan yorulum.

 

- Belə ajiotaj gözləyirdiz?

 

- Səs salacağını gözləyirdim. Çünki birinci qiyməti xanımım vermişdi. Mən onun intellektinə, ədəbi zövqünə çox arxayınam. O məndən çox oxuyub və ədəbiyyatı gözəl bilir. Bu mənada əsəri qəbul elədi.

 

- Aqil müəllim, nəyin qarşısında dizlərinizi yerə qoya bilərsiz?

 

- Çox şeyin, qızım. “Kürd-Ovşarı”ya qulaq asanda dizlərimi yerə qoya bilərəm, qoyuram da. “Sənsiz”ə qulaq asanda dəli oluram. Səttar Bəhlulzadənin, Mircavadın qarşısında diz çökürəm.

Qaldı ümumi mənada, bayrağın önündə diz çökərsən. Tanrının qabağında diz çökərsən. Mən çox vaxt dua edəndə diz üstə dayanıram. Duam da nədi? Günahlarımı bağışla, bir qələtdi eləmişəm.

 

- Çox eləmisiz?

 

- Çox. Məni gərək döyən ola. Atam rəhmətə gedib, döyən yoxdu. Məni ikinci döyə bilən adam Şahmar Əkbərzadə idi, rəhmətə gedib...

 

- Döymək mütləqdi?

 

- Mütləqdi. İndi onu xanımım əvəz edir. Mən beş il universitetdə oxudum, bir avara adama qoşulmadım. Saat yeddidən sonra evə gəlib kitab oxuyurdum. İçki içməmişəm həmin dövrlərdə, siqaret də çəkməmişəm. Amma sonra...

Sizə bir sirr açım? Rəşad Məcid çayxana uşaqlarıyla oturub-dururdu. Mən onu o çayxanadan çıxartdım gətirdim yaradıcı adamların çayxanasına. Onu da döyən mən oldum. Gördüm ki, istedadlı adamdı.

 

- Nədən gördüz?

 

- Söhbət eləyən kimi gördüm. Rəşad gözəl şairdi. Yazmır indi. Bilmirəm, bəlkə yazıb gizlədir. Onun 18-19 yaşlarında yazdığı şeirlər var ki, bu gün oxusan deyərsən ki, nə gözəl yazıb.

 

- Özü deyir, mən Ramiz Rövşəndən sonra şeir yaza bilmərəm.

 

- Səhvdir axı. Onda Ramiz Rövşən də Füzulidən sonra yazmayaydı. Düz söz deyil, onda heç birimiz yazmayaq ki, İsmayıl Şıxlı var?

 

- Ramiz Rövşəndə ən çox nəyi sevirsiz?

 

- Həm şəxsiyyətini, həm poeziyasını. Amma istəmərəm ki, Ramiz siyasətdə olsun.

 

- Niyə?

 

- Kim harda daha çox xidmət edə bilər millətə orda lazımdı.

 

- Niyə məşğul olur siyasətlə?

 

- Ziyalıdı da, bəzi şeylərlə razılaşmır, əsəbiləşir. Dediyim nədi, ölkədə siyasətçi çoxdu, amma Ramiz Rövşən yoxdu axı. Siyasətdə də daha çox xidməti olan başqa adamlar var. 

 

- Hansı siyasətçinin adını çəkə bilərsiz bu mənada?

 

- İsa Qəmbəri normal siyasətçi hesab edirəm.

 

- Bəs qarşı tərəfdə? Dövlət başçısından başqa.

 

- Ramiz Mehdiyev dövlətçiliyi bilən bir siyasətçidi. Rasim Musabəyov. İmkanım olsa onu xarici işlər naziri qoyaram. Mirmahmud hamının sevdiyi adamdı. Asim Mollazadə, məsələn. Çox yaxşı siyasətçidi.

 

- Hər iki tərəfdə bəyənmədiyiniz nədi?

 

- İkisində də bəyənmədiyim şeylər var. Müxalifət ölkədə işıqlı heç nə görmür, yaxşı heç nəyi qəbul eləmir. Doğrudanmı hər şey qapqaradı? Belə ola bilməz axı. İqtidar da müxalifətdə yaxşı heç kimi görmür.  Doğrudanmı müxalifətdə müsbət adam yoxdu, onlarla münasibət qurmaq olmaz? Belə də olmur axı. Bir millətin iki ziyalısı bir masa arxasına gələ bilməz? Tutaq ki, Kamil Vəli Nərimanoğluna kim deyə bilər ki, sən alim deyilsən?

 

- Bir araya gəlsələr problemlər çözülər?

 

- Daha tez çözülər. Namusunu millət özü qoruyur. O bir qız vardı e, amerikalı (Enn Dersini deyir) bura gələndə çarşıdan paltar alıb geyirdi, gedəndə brilyant içində getdi. Brilyantları verərəm xalqıma da. Guya onun çox elə vecinədi mənim ölkəmin vəziyyəti?

 

- Aqil müəllim, Brayzanın axırı nə oldu?

 

- Nə bilim, kərtənkələ deyirəm mən belə adamlara. Gəlib gedirlər yalandan. Onların nəyinə lazımdı Azərbaycan?

 

- Birmənalı olaraq düşünürsüz ki, hərbi yolla həll etməliyik Qarabağ problemini?

 

- Elə də olacaq da. Əvvəla dünyaya kimin haqsız olduğunu sübut eləməlisən. Azərbaycan hökumətinin də siyasəti budu. Avropası da, Amerikası da qəbul eləməlidi ki, ədalət Azərbaycanın tərəfindədi. Bunu qəbul edəndən sonra biz deyəcəyik ki, erməni çıxsın torpaqlarımızdan. Çıxmır ki? Onda başqa yol qalmır, özüm çıxarmalıyam. Bu halda sən mənə embarqo qoya bilməzsən, təcrid edə bilməzsən, hücum edə bilməzsən. Qəbul elədin ki, haqq sənin tərəfindədi, erməni çıxmalıdı torpaqdan? Elədin. Çıxmır, indi neyniyək? Hələ siyasi yol bitməyib, davam edir. Azərbaycanın sərhədlərini, Xocalı soyqırımını tanımağa başladılarmı? Sən iki il müharibə edə bilərsən. Bütün dünya sənə taxıl verməsə, kömək eləməsə çətinlik çəkərsən axı. Ehtiyatın olmalıdı. Ona görə də hazırlaşmalısan. Qarabağ savaşında biz güllənin birini 3 manata alırdıq. İndi Azərbaycan həm istehsal edir, həm də xaricə satır silah-sursatını. Tankdan başqa bütün hərbi maşınlarını özü istehsal edir. Sabah savaş olsa kiməsə yalvarmayacağıq ki, bizə güllə ver. İqtisadiyyat yerində olmalıdı, əhalinin ruhu yerində olmalıdı, sonra müharibə.

 

- İqbal Ağazadənin “Türkiyəylə Ermənistan sərhədləri açılsa problem həll olunar” fikrinə necə yanaşırsız?

 

- İqbal Ağazadə bir siyasətçi kimi o yolu görür. Amma Rusiya qoyarmı ki, Ermənistan Türkiyəylə bütün münasibətlərini qursun? Erməninin hər şeyi Rusiyayla bağlıdı. Heç cür mümkün deyil ki, Türkiyə Ermənistanı ələ alsın. Türkiyə heç öz torpaqlarını saxlaya bilmir. Əvvəlki Türkiyə deyil ki qüdrətli ordusu ola. İtdi getdi hamısı. 450 generalın 130- u türmədədi. Nə qədər böyük alimləri var hamısı həbsdədi. Adama deyərlər, bilmirdin ki, bütün or generalları həbsxanaya yığandan sonra Öcalanla bir masaya əyləşəcəksən? Öcalanın boynundan tutub gətirən oğlana ömürlük həbs cəzası vermisən. Bir albay əsəbdən intihar elədi. Türkiyə üçün ürəyimiz gedir, Türkiyə olmasa heç Azərbaycan da olmaz bəlkə. Amma Türkiyədə bugünkü siyasi vəziyyət Ermənistanla əlaqələr qurmağa imkan vermir. Sərhədlər açılsa deyəcək Qars, İqdır bizimdi. Onda da Sərkisyanla oturmalı olacaqsan ki, bəlkə sizə muxtariyyət verək?.. İkincisi də Türkiyəylə Ermənistanın sərhədi bağlıdı ki?

 

- Deyirlər bağlıdı...

 

- Bağlı deyil, qızım. Həftədə dörd dəfə təyyarə reysi var. Deyirlər, guya Türkiyə Yerevan- İstanbul reysini dayandırıb. Bu qədər yalan olmaz da, niyə gop eləyirsiz axı? Artıq dünyanın bir çox ölkələrinə Ermənistandan təyyarə uça bilmir, Ermənistanın milli aviaşirkəti "Armavia" iflasa uğrayıb ona görə. Gedin Gürcüstan sərhədində müşahidə edin, Türkiyədən gələn bir yol Bakıya gedir, bir yol Yerevana, baxın, görəcəksiz Tiflisə çataçatda, nə qədər türk TIR-ları Ermənistana keçir. 

 

- Siyasət nədi, Aqil müəllim?

 

- Bu suala çətin cavab verərəm. Bu sualdan mənə iki yaz.

 

- Ədəbiyyatdan sual verim?

 

- Oo...ədəbiyyat tamam ayrı dünyadı. Bir Tanrının yaratdığı dünya var, bir də yazıçının. Qəribə bir dünya var, o qədər təmiz, o qədər gözəl...bir Allahın yaratmaq qabiliyyəti var, bir də yazıçının, şairin, rəssamın... “Səfillər”i açırsan...bir dünya yaradıb da.

Allahın insanlara deyəcəyi sözlər bitmir axı. Özü də deyib ki, Məhəmməddən sonra peyğəmbər olmayacaq. Sözünü geri də götürə bilməz. Bəs neynəsin? Sokratla, Aristotellə, Şekspirlə, Hüqoyla, Tolstoyla, İsmayıl Şıxlıyla çatdırır sözünü.

 

- Bu qədər mövzudan danışdıq, dünyada bu qədər mövzu var, hadisə var. Bütün bunların içində rahat yaşamaq mümkündü?

 

- Rahat adam yalnız və yalnız özü üçün yaşayan adamdı. Mən rahat insan çox görməmişəm sözün düzü. Özüm narahatam, narahatlarla da oturub-dururam, bəlkə ona görə. Dünya narahatdısa, Tanrının özü narahatdısa, cəmiyyət narahatdısa sən necə rahat ola bilərsən?

 

- Siz nədən narahatsız?

 

- Qarabağdan. İndi pafosa çevrilib, gələn-gələn Qarabağdan danışır.

 

- Bəs özünüzlə bağlı?

 

- Özümlə bağlı bu dəqiqə elə bir narahatlığım yoxdu. Ola bilər ki, uşaqların xətrinə dəyməkdən, yoldaşımın xətrinə dəyməkdən narahat olaram. Sonra o rahatlığı təmin eləməkdən ötrü bir il, iki il vaxt lazım olur.

 

- Gec bağışlayır?

 

- Kim?

 

- İradə xanım

 

- İradə, ümumiyyətlə, bağışlamır... 

 

- Bəs 30 il  necə bir yerdə yaşamısız?

 

- O mənada bağışlamır ki, heç vaxt unutmur. Bağışlayar, amma unutmaz.

 

- Beyniniz bütün günü nə ilə məşğuldu?

 

- Beynim yaradıcılıqla çox məşğul ola bilmir. Filankəsin filan işi qaldı, filan seçici filan sözü demişdi, filankəs xəstədi.

 

- Yormur sizi?

 

- İt kimi, eşşək kimi yorur. Niyə yormur ki?

 

- Qaçmaq istədiyiniz an olur? Hər şeyi atıb qaçmaq.

 

- Olur. Amma hara gedəcəksən? Hara getsən yenə bura qayıdacaqsan.

 

- Geri çəkilmək istədiyiniz anlar necə, olur?

 

- Nədən?

 

- Aqil Abbasdan.

 

- Aqil Abbası sevmədiyim anlar olur...amma geri çəkilmək...bu mümkün deyil axı. O genetik koddu, ondan geri çəkilmək olmur.

 

- Özünüz özünüzü yorursuz?

 

- Çoox...Nəsə yazmaq istəyirəm birdən hansısa günahım yadıma düşür, bir səhvim yadıma düşür, ayılırsan ki, mövzu çezdi getdi.

 

- Günah çoxdu?

 

- O qədər.

 

- Ağır hissdi?

 

- Əlbəttə, düşünəndə ağırdı.

 

- O hissdən necə qurtulmaq olar?

 

- Bilsəm özüm qurtulardım. O hissdən qurtulmaq yəqin sonra günah eləməməkdi.

 

- Bu günə qədər eşitmədiyiniz hansı sualı gözləmisiz?

 

- Mən çox istəyərdim ki, uşaqlığım haqqında, kəndimiz haqqında sual versinlər. Anam haqqında danışım, atamı soruşsunlar. Mən çox istəyərdim atama oxşayım. Dayılarım qoymadı. Dayılarım avara adamlar idi. Atam onlarla söhbət eləyə bilmirdi.

 

- Atanızın daha çox hansı xüsusiyyətinin özünüzdə olmasını istərdiz?

 

- Daha çox müdrikliyinin. Atam çox gözəl insan idi, qeyri-adi insan idi. Yüksək intellekti, savadı olan, Nizamini orijinaldan oxuyan, dünya ədəbiyyatını bilən adam idi. Həmişə atamla fəxr eləmişəm. Ədəbiyyata sevgim ordan gəlir. O vaxt bir dəfə Anar müəllim Kamal Abdullayla söhbətində demişdi ki, bunun elə gözəl, müqəddəs atası var, bilmirəm özü kimə oxşayıb.

 

- Bəs ananız?

 

- Anam ümumiyyətlə savadsız qadın olub, adın yaza bilmirdi anam. Amma səkkiz uşaq böyüdüb, hamısını oxudub. Atamız bizimlə yaşamırdı. Ağcabədidə işləyirdi, biz Ağdamda yaşayırdıq. Hər gün səksən kilometri gəlib-gedə bilmirdi. Bizi anamız tərbiyə eləyib.

 

- Sizi seçirdi uşaqlardan?

 

- Məni çox istəmirdi anam. O biri qardaşlarımı məndən yüz dəfə çox istəyirdi. Amma mənimlə fəxr eləyirdi. O birilərin nəyiylə fəxr edəcəkdi? Azərbaycanlı təfəkkürüdü də, şöhrətpərəstik axı. Xəstə yatanda çarpayısını böyük kitabxanamız vardı, ora keçirib orda yatırdı. Həkimlər gələndə kitablarımla forslanırdı. 

Amma bir şey var, anam inanırmış ki, məndən nəsə olacaq. Onuncu sinfi qurtaranda bildim ki, birinci sinifdən sonuncu sinifə qədər bütün dəftərlərimi saxlayıb.

 

- Nəsə tapdız o dəftərlərdə?

 

- Dördüncü sinifdə “kim olmaq istəyirsən” inşasında mən yazmışam ki, jurnalist olacam. Anam həmin inşanı saxlamışdı.

 

- 3 önəmli missiyanız nədi?

 

- Birincisi nəsə yaratmaq, ikincisi insan olmaq, üçüncüsü ata olmaq.

 

- Bəs həyat yoldaşı?

 

- Qadınınla bağlı danışmaq bir az düz deyil. O mənim hər şeyimdi, sevgi mələyimdi, dayağımdı, həyatımdı. Mənə məndən çox düz yol göstərən adamdı.

Mən yolumu azan adamam. O məni azmağa qoymur. Ya insanlara çox inanıram məni aldadırlar, məndən möhkəm istifadə edirlər. Sonra da gec olur. İnsan öz səhvini görə bilmir.

 

- Aqil müəllim, namərdi qovub mərd eləmək olar?

 

- Olar və lazımdı...

# 2339
avatar

Aysel Əlizadə

Oxşar yazılar