İşğaldan azad olunan rayonlara səfər etmək hər bir vətəndaşımızın ən böyük arzusudur. Çünki bu torpaqların havası, suyu, dəyişkən iqlimi ruhumuza doğmadır. Qarabağımızı bizə doğmalaşdıran, əbədi bağlayan vacib amillərdən biri də yaşı çox qədimlərə dayanan mədəni-tarixi abidələrlə zəngin olmasıdır.
Həm maddi irsimizin araşdırılması zərurəti, həm də insanların bu sahəyə olan marağını nəzərə alaraq APA TV-nin çəkiliş qrupu “Zəfərin izi ilə” layihəsi çərçivəsində Füzuli rayonunun Qarğabazar kəndində olub.
Qarğabazar kəndi Füzuli rayonundan 8 kilometr cənubda yerləşir. Tarixi mənbələrdə kəndin qədim yaşayış məntəqələrindən biri olduğu əksini tapıb. Şərqi Qərb ölkələri ilə birləşdirən tarixi İpək Yolunun Azərbaycan ərazisindən keçməsi ölkəmizdə karvansaraların tikilməsi üçün ciddi zərurət yaratmışdı. Elə Qarğabazar kəndindəki 1681-ci ildə inşa olunmuş Şah Abbas Karvansarası da bu qəbildəndir.
Əsas kütləsi yonulmamış daşdan tikilən karvansara uzunsov, düzbucaqlı formasındadır. Müxtəlif təyinatlı otaqlar, geniş eyvan, səliqəli həyət quruluşu memarlıq abidəsinin əsas xüsusiyyətlərindəndir. Bəzi mənbələrdə memarlıq abidəsinin Şah Abbas tərəfindən inşa edildiyi deyilir.
1993-cü ildə Füzuli rayonunun ermənilər tərəfindən işğalı nəticəsində Qarğabazar kəndində yerləşən, Azərbaycan memarlığının çox dəyərli nümunəsi hesab olunan Şah Abbas Karvansarası da dağıdılıb.
XVII əsrdə Şah Abbas tərəfindən inşa edilmiş gözəl, möhtəşəm bir karvansara idi bura. Şah Abbas bura daha çox istirahət məqsədilə gələrdi. Bu səbəbdən həm məkan, eyni zamanda interyer baxımından karvansara çox möhtəşəm tikilib. Təəssüflər olsun ki, karvansaranı işğaldan azad olunduqdan sonra bu görmək bizə nəsib oldu. Gördüyümüz mənzərə isə budur ki, ermənilər bu karvansarada mal-heyvan, donuz saxlayıblar. Bura karvansaranın hücrələridir. Girişdə ilk hücrə buradır. Buradan başlayaraq biz sizə hücrələri göstərəcəyik. Baxın, bu otaqda donuz saxlayıblar. Ora yəqin ki, yataq otağı, qonaq otağı kimi yerdir. Oranı söküb dağıdaraq ot bağlamaları yığıblar.
Erməni təxribatının bizi qarabaqara izlədiyini nəzərə alaraq, mina təhlükəsi səbəbindən karvansaranın içəri hissələrinə daxil ola bilmədik. Təkcə bir neçə hücrəyə baş çəkməklə bu möhtəşəm memarlıq abidəsini çöldən doyunca seyr etdik.
Qonaq qəbul etmək üçün və ya ailəsi ilə yaşadığı otaq ola bilərdi, lakin buradan ermənilər tövlə kimi istifadə ediblər. Mən indi otağa daxil oluram. Baxın, geniş və gözəl bir otaqdır. Həm tarixilik, həm də yaşayış yeri kimi olduqca möhtəşəm otaqdır.
Lakin təəssüflər olsun ki, erməni vəhşiləri, vandalları Azərbaycanın bu cür tarixi-mədəni irsini tam yararsız hala salıblar. Buradan ən iyrənc məqsədləri üçün istifadə ediblər. İnsanda belə bir təəssürat yaranır ki, istifadə etmədikləri tullantıları gətirib bu karvansaranın içərisinə atıblar.
Şah Abbas Karvansarasından yuxarıda Qarğabazar məscidi yerləşir. Tarix üzrə elmlər doktoru Qasım Hacıyevin sözlərinə görə, məscidin inşa olunma tarixi tam dəqiq bilinməsə də, elmi ədəbiyyatlarda Hacı Qiyasəddin məscidi kimi adı keçir. Həm karvansaranın, həm də məscidin inşası eyni dövrlərə təsadüf edir: “Ticarət məqsədilə yaranan karvansaraların çoxu qədim karvansaraların üzərinə tikilib genişlənirdi. Qarğabazardakı karvansara Şəki karvansarasına oxşayan tikililər 18-ci əsrdən başlayaraq tikilməyə başladı, genişləndi. Bu karvansaralar daha qədim karvansaralardan böyükdür”.
Hər daşının altında bir tarix gizlənən Qarğabazar kəndi erməni vəhşiliyinin hər üzünü görüb. Bütün evlər yandırılıb, ağaclar kəsilib. Bir zamanlar karvan yolçularının ümid yeri olan bu məkan indi xarabalığa çevrilsə də, öz doğma sakinlərinin dönəcəyi günü səbirsizliklə gözləyir.
Xələf Xələfov
Faiq Həsənov
Musa Qulammirzəyev