Şəhid Rəşad Mikayılzadə
14 yanvar 2021 13:54 (UTC +04:00)

Şəhid Rəşad Mikayılzadə

Şuşada şəhid olan qəhrəmanımızın anası danışır: “Mənə ən sonda dedilər”

Vətən Müharibəsinin 25 yaşlı qəhrəmanlarındandır şəhid Rəşad Mikayılzadə. Ailənin tək övladı olan Rəşad orta məktəbi bitirdikdən sonra Sumqayıt Dövlət Universitetində ali təhsil alıb.

APA TV-nin xəbərinə görə, daha sonra Vətənə olan borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb, Qazaxda qulluq edib.

Vətənə olan tükənməz sevgisi səbəbindən 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsinə cani-könüldən qatılıb. Şəhidin atası İlham Mikayılov deyir ki, oğlu Füzuli, Şuşa və Xocavənd istiqamətində gedən döyüşlərdə şücaətlə vuruşub: “Komandirləri deyib ki, evin tək uşağısan, getmə. Deyib ki, yox, mən əsgər yoldaşlarımdan ayrıla bilmərəm. Füzuli istiqamətində döyüşüb. Füzulini alandan sonra Xocavənd, Şuşa istiqamətində döyüşüb. Çox vətənpərvər uşaq idi. Bunu bütün məktəb, sinif yoldaşları deyirdi”.

İlham kişi deyir ki, ailəsini nigaran qoymamaq üçün imkan olduqca zəng edirmiş. Noyabrın 7-də Rəşadın ailəsi ilə sonuncu danışığı olur. Noyabrın 9-da isə Şuşa uğrunda gedən döyüşlərdə komandirini döyüş bölgəsindən çıxararkən snayper gülləsi ilə başından vurulur və şəhid olur: “Ayın 7-si idi mənimlə danışanda, saat 9-un yarısı olardı. Füzulidə idilər. Vəziyyəti soruşdum, dedi, ata, hər şey yaxşıdır, məndən nigaran qalmayın, gedirik qabağa. Dedim, hara? Dedi ki, narahat olmayın, hər şey yaxşıdır. Ayın 9-da Şuşa istiqamətində şəhid oldu. Vətən sağ olsun!”


Gözünün ağı-qarası olan bircə övladının şəkilləri ilə ovunur anası Nailə xanım indi. Rəşadın yoxluğu boğazını düyünləsə də, qələbəmizdə payı olduğu üçün qürur duyur oğlunun şəhadəti ilə: “Rəşad çox sakit, təmkinli uşaq idi. O, məktəbdə də incitməyib bizi. Oxuduğu müddətdə də şərəf lövhəsində olub şəkli. Vətənpərvər idi, həmişə hərbçi olmaq istəyirdi. Amma mən istəmirdim tək uşaqdır, yanımızda olmasını istəyirdim. Avropa Oyunlarına da qatılmışdı qrup yoldaşları ilə birlikdə. Axıra özü qalmışdı, Prezidentimiz təşəkkürnamə ilə təltif etmişdi onu. Şəhid xəbərini mənə ən sonda dedilər. Hami bilirdi, mən bilmirdim”.

Bibisi Güldərən Mikayılova da qardaşı oğlunun vətənpərvər biri olduğunu deyir: “Keçən il bu vaxtı bayrama gəlmişdi. Hamımız başına yığışdıq. Amma onun fikri orda qalmışdı. Hərbi xidmətə qayıtmaq istəyirdi”.

Kiçik çavuş Rəşad İlham oğlu Mikayılzadə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

FATMA ZAHİDQIZI

FAİQ HƏSƏNOV

APA TV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4518
avatar

Oxşar yazılar