Mingəçevir şəhərində yerləşən məktəbdə şagirdlərin qumar oyunları oynamaları iddiaları ilə bağlı yayılan görüntülər əsasında şəhər polis şöbəsində araşdırma aparılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, videoda görüntülənən məktəblilərin XI sinif şagirdləri olduqları və dərsdən sonra sinif otağında pulla kart oyunları oynadıqları məlum olub:
"Valideynlərinin iştirakı ilə onlarla müvafiq izahat işləri və profilaktiki söhbətlər aparılıb. Valideynləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin 189-cu (Uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsi ilə protokol tərtib olunub".