“Ayaqyalın gedəcəm” - Qubadlılar şad xəbəri belə qarşıladı - VİDEO
02 noyabr 2020 18:39 (UTC +04:00)

“Ayaqyalın gedəcəm” - Qubadlılar şad xəbəri belə qarşıladı - VİDEO

“Oktyabrın 23-ü idi. Ali Baş Komandan, hörmətli prezidentimiz İlham Əliyev çıxışında Qubadlının Zilanlı kəndinin işğaldan azad olunduğunu elan eləmişdi. Bu xəbəri alar-almaz uca səslə “Yaşasın Azərbaycan!”,-deyib qışqıdığımı xatırlayıram”.

Bunu Qubadlının Zilanlı kənd sakini, şəhid xanımı Yazgül Rəhimova deyir. Yazgül xanım rayondan 16 yaşında çıxıb. “Xəbəri eşidəndə sanki yenidən 16 yaşıma qayıtdım”, - deyir. Hər gün Prezident İlahm Əliyevin çıxışını izlədiyini vurğulayır: 

“Həmin gün evə qonaq gəlmişdi, televizoru söndürdüm. Mənə zəng gəldi, dedilər ki, kəndiniz alınıb. Baxmadım evdə qonaq var, ya səsim harasa gedər. Möhkəm səslə “Yaşasın Azərbaycan!" dedim. Möhtərəm prezidentimiz İlham Əliyevə, ordumuza təşəkkür edirəm”.

Yazgül xanım deyir ki, bu illər ərzində hər an rayonda keçirdiyi günləri xatırlayıb:

“Gözəl çaylarımız, bol məhsulumuz, dadını heç yerdə ala bilmədiyimiz yeməklərimiz var idi. Xatirələr çoxdur, danışmaqla bitməz. Atam rəhmətə gedəndə Qubadlının buz bulağının suyundan istədi. Dedim ki, kaş ki, mümkün olsaydı”.

Onlar 1993-cü il avqustun 31-dən rayondan çıxıb. O zaman Yazgül Rəhimova 16 yaşında olsa da, yaşadığı hadisələri yaxşı xatırlayır:

“Rayondan çıxanda qızım 40 günlük körpə idi. Oradan çıxıb gəldikdən sonra 20-25 gün öz-özümə danışırdım. Deyirdim, görəsən yenidən rayona qayıda biləcəyikmi?”

Yazgül xanımın qızı, atası 1994-cü ildə şəhid olan Rəhimli Türkanə 1993-cü ildə Qubadlıda doğulsa da, doğma torpağı ilə bağlı heç nə xatırlamır. Amma anasından, qohum-əqrabasından, internet vasitəsilə Qubadlı haqqında çox məlumatlar aldığını deyir.

Qubadlının azad olunması xəbəri açıqlandığı gündən Rəhimovlar ailəsinin evindən qonaq-qara əskik olmur. Elə çəkilişimiz gedən vaxt da Yazgül xanımın qohumları, qonşuları bir yerə toplanmışdı. Əslən Qubadlının kəndlərindən, şəhərin özündən olan bu insanlar doğma torpaqları ilə bağlı xatirələrini birlikdə bölüşürlər.  

Yazgül xanımın həyat yoldaşının qardaşı, 66 yaşlı Rəhimov Valeh söhbətində şəhid qardaşının döyüşlərdə necə iştirak etməsindən, şəhidlik zirvəsinə hansı şəraitdə ucalmasından danışdı. İşğaldan azad olunan bütün torpaqlarımızın sakinlərini indi eyni hisslər birləşdirir. Sevinc, qürur, torpaq həsrəti, kədərli xatirələr və daha nələr-nələr. Və onlar torpaqlarına qayıdacaqları möhtəşəm günü səbirsizliklə gözləyirlər.

# 4225
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar