Bakıda “Yeni Müsavat” qəzetinin əməkdaşı İlkin Muradovun maşınının şüşəsi sındırılıb.
Lent.az xəbər verir ki, bu barədə zərərçəkmiş jurnalist sosial şəbəkə hesabında paylaşım edib.
O, bildirib ki, hadisə bu gecə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində, yaşadığı evin qarşısında qeydə alınıb. Naməlum şəxs və ya şəxslər tərəfindən maşının şüşəsi sındırılaraq oğurluğa cəhd olunub.
Jurnalistin sözlərinə görə, hadisəni törədənlər avtomobildən ona məxsus poverbankı aparıblar.
Hadisə qonşulardan birinin quraşdırdığı təhlükəsizlik kamerasına yansıyıb.
Faktla bağlı polisə məlumat verilib.
Qeyd edək ki, bir neçə ay əvvəl İ. Muradov eyni hadisə ilə üzləşmişdi. Belə ki, naməlum şəxslər paytaxtın Nizami rayonunda avtomobilin şüşəsini sındırılıb salondan pulqabını aparmışdılar.