Heyvanların hüquqlarının müdafiəsi təşkilatı "Ferrari" komandasının sürücüsü Çarlz Leklerə Azərbaycan Qran Prisi sprint yarışı zamanı pişiyi xilas etdiyinə görə təşəkkür məktubu göndərib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yarış zamanı Lekler komandaya radio ilə yolda gedən pişik gördüyünü deyib.
Çempionatın mətbuat xidmətinin dərc etdiyi videolara əsasən, Çarlz trekin ikinci döngəsinə qədər pişiklə toqquşmadan qaçmalı olub.
“Sizə minnətdarlığımızı bildiririk və heyvanların sizə arxalana biləcəyini bilməkdən şadıq. Sizi uğurlu nəticə - ikinci yerdə başa vurmağınız münasibətilə təbrik edirik və sizə böyük uğurlar arzulayırıq”, - “Auto Hebdo” məktubun mətnindən sitat gətirib.
Lekler Azərbaycan Qran Prisinin sprint yarışını ikinci, əsas yarışı isə üçüncü pillədə başa vurub. Maraqlıdır ki, o, hər iki yarışda poul mövqeyindən başlayıb. 2023-cü il mövsümünün dörd Qran Prisindən sonra Dünya Çempionatının lideri Red Bull pilotu Maks Ferstappendir.