Muzeylər milli özünəməxsusluğu nümayiş etdirən, milli-mənəvi dəyərlərin toplusudur. Burada keçmişlə bağlı həqiqətlər təcəssüm etdirilir, qorunur və təbliğ olunur.
Lent.az Azərbaycanın ən maraqlı və müasir üç muzeyini təqdim edir:
Müasir İncəsənət Muzeyi
Müasir İncəsənət Muzeyinin açılışı 2009-cu il mart ayının 20-də olub. Muzey Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb. Burada əsasən avanqard tərzdə işləyən azərbaycanlı rəssam və heykəltəraşların, o cümlədən Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdurrəhmanovun əsərləri toplanıb.
Muzeyin dizaynının ideya müəllifi rəssam Altay Sadıqzadədir. Muzeydə uşaq incəsənəti zalı, kitabxana, həmçinin, restoran, videozal və art-kafe var.
Muzeydə qapalı formalar yoxdur. İki mərtəbə vahid açıq məkanda yerləşir və “unudulmuş pilləkən” obyekti ilə birləşir. Birləşdirici amillərdən biri də rəngdir: muzey ağ rəngdədir. Sərbəst memarlığı, tirlərin və metal konstruksiyaların düşünülmüş “hərəkəti”, rəsm əsərləri və heykəllərdən ibarət ekspozisiya daxildir.
"Tullantıdan sənətə" muzeyi
Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin "Tullantıdan sənətə" muzeyi yaradılıb. "Tullantıdan sənətə" sərgisi ilk dəfə 2012-ci ildə baş tutsa da, eyniadlı muzey 2015-ci ildə fəaliyyətə başlayıb.
Hazırda muzeydə 180-ə yaxın müxtəlif sənət nümunələri var. Onlar plastik su qabları, sellofanlar, uşaq arabası və oyuncaqları, müxtəlif maşın hissəcikləri, siqaret kötükləri, tennis topları, disklərdən hazırlanıb.
Muzeyin yaradılmasında məqsəd insanlara maddələrin dönüşü anlayışını, yəni tullantıların istifadəyə yararlı məhsullara çevrilməsi ideyasını təlqin etməkdir.
Miniatür Kitab Muzeyi
600-dən çox miniatür kitabı olan Miniatür Kitab Muzeyi 2002-ci ildə yaradılıb. Muzeyin ekspozisiyası 35 vitrində yerləşdirilib. Vitrinlərdə 60-dan çox ölkədə nəşr edilmiş 4300 miniatür kitab sərgilənir. Kitab fondunda isə 6000-dən çox miniatür nəşr var. Bunları muzeyin yaradıcısı Zərifə Salahova iyirmi ildən artıq müddətdə toplayıb.
Miniatür Kitab Muzeyinin Naxçıvan və Gəncə şəhərində filialları yaradılıb. Burada keçmiş MDB dövlətlərində və digər xarici ölkələrdə tanınmışların imzası ilə dini kitab və Amerika rəssamlarının 40 unikal miniatüraları muzeyə hədiyyə olunub.
Kitabların çoxu ingilis dilində çap olunanlardır. Onların ölçüsü 2 millimetrdən 10 millimetrə qədərdir. Kolleksiyadakı ən kiçik kitab Yaponiyada çap edilən 3 mikrokitabdır.
Miniatür Kitab Muzeyi 2014-cü il oktyabrın 1-dən “Ginnesin rekordlar kitabına” dünyanın ən böyük miniatür kitab kolleksiyası kimi düşüb.