Şəhid Cavid Fərhad oğlu Cəfərov
30 dekabr 2020 12:31 (UTC +04:00)

Şəhid Cavid Fərhad oğlu Cəfərov

Anası nişan aparacaqmış, səhəri şəhid oldu-VİDEO

Vətən Müharibəsinin qəhrəmanlarından biri də 27 yaşlı Cavid Fərhad oğlu Cəfərovdur. Cavid əsgərliyini başa vurduqdan sonra orduda xidmət etmək qərarına gəlib. Hərbi xidmətə müddətdən artıq xidmət edən əsgər kimi davam edib.

 

Müharibənin ilk günlərindən döyüşə atılan Cavid oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb. İki oğul anası Nəzakət Cəfərova oğlu ilə son danışığını belə xatırlayır: “Axırıncı dəfə Cavid mənimlə 30-da axşam saat 10 qalmış 10 dəqiqə danışıb. Mama, narahat olma, hər şey öz qaydasındadır”. Sonra ayın 2-si Cavid şəhid olub. Cavid yaralı komandirini ərazidən çəkərkən arxadan snayperlə vurulub”.

 

Cavid Cəfərovun atası Fərhad Cəfərov Birinci Qarabağ savaşının iştirakçısı olub. Ata Cəfərov Ağdamın Çəmənli kəndi uğrunda gedən döyüşlərdə yaralanıb. Cavid kiçik yaşlarında olanda atası dünyasını dəyişib.

 

Nəzakət xanımın sözlərinə görə, dekabrın 1-də Cavidin doğum günü idi. O, həmin tarixdə oğlu üçün nişan aparmağı planlaşdırırmış, amma qismət olmadı. Oğlu ən yüksək zirvəyə - şəhidliyə yüksəldi.

 

Şəhidin anası Nəzakət Cəfərova oğlu ilə qürur duyur: “Şəhid anası olmaq, düzdür, şərəflidir. Ancaq bala itkisi ana üçün həyatda ən acı şeydir. Mən bayaq dedim. Mən yoldaşımı itirmişəm. Onları yetim böyütmüşəm. Ancaq balanı heç nə əvəz eləməz. Bala itkisinin yerini heç nə doldura bilməz, başqa bala onun yerini verə bilməz. Düzdür, uca zirvə sayılır şəhidlik. Biz onu tarixdən bilirik”.

 

Şəhidin xalası Sevda Cəfərova bildirib ki, Cavid daim öndə olmağı arzulayır, Vətəninin yağılardan təmizlənməsini istəyirdi: “Biz Cavidlə fəxr edirik. Cavid həmişə özünü ucalarda tutan uşaq idi. Həmişə Vətənə həvəsli olduğuna görə hərbiyə işə girdi. Dedi ki, mən həmişə vətənlə fəxr etmişəm. Cavid vətəni sevdiyindən, Vətən uğrunda həlak oldu”.

 

Cavidin qardaşı Xəyyam Cəfərov isə bir müddətdir Türkiyədə çalışır. Xəyyam qardaşının şəhid olmasından gec xəbər tutub. O, Cavidin şəhid olmasını dostlarının ona yazdığı başsağlığı mesajlarından sonra öyrənib.

 

Qəhrəmanımız qonşularının da sevimlisi olub. Şəfiqə Nəcəfova onun yoxluğu ilə heç cür barışa bilmir: “Maşın gələndə birinci mən qabağına çıxdım. Anası işdə idi. Mən qabağına çıxdım. O vaxtdan özümə gələ bilmirəm. Mənə bəlkə də anası qədər təsir edib”.

 

Döyüş meydanında düşmənin canına vəlvələ salan Cavidin qəhrəmanlığından indi hər kəs qürur hissi ilə danışır. Dostu Tural Nəcəfov onu çox yaxşı dost, yoldaş kimi xatırlayır: “Yoxluğu hal-hazırda bizə çox təsir edir. Bir tərəfdən də qürur verir bizə ki, bəli, o zirvəni tutdu. Vətənimizin işğal altında olan torpaqlarını azad elədi. Onun uğrunda canından keçdi. Bu, bizim üçün böyük bir qürurdur”.

 

Qeyd edək ki, əsgər Cavid Fərhad oğlu Cəfərov ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

RAMİL ZEYNALLI,

ƏLİ ƏLİYEV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4503
avatar

Oxşar yazılar