İllərdir yeni tikililərdən mənzil alarkən ən çox üzləşdiyimiz problemlərdən biri mənzilin sahəsinin qanunda nəzərdə tutulandan çox hesablanmasıdır. Müqavilədə göstərilən rəqəmlərlə çıxarışda göstərilən rəqəmlər eyni olmur. Məsələn, vətəndaş yeni tikilidən mənzil alarkən 100 kvadrat metrin pulunu MTK-ya ödəyir. Çıxarış aldıqda isə sənəddə qanuni şəkildə 85 kvadratmetr qeyd olunur. Belə vəziyyətdə isə həm qanun pozulur, həm də vətəndaşlar ciddi məbləğdə maddi vəsait itirirlər. Vətəndaş gələcəkdə həmin mənzili satarkən məcbur çıxarışa uyğun 85 kvadratmetrə görə satır. Azərbaycan Respublikası “Şəhərsalma və tikinti Məcəlləsi”nin 59.3 cü bəndində məlumat verilir ki, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarların, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın, buxarının yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
Əmlak Məsələləri Dövlət Xidmətinin çıxarış vermək üçün ümumi qaydaları var, bu qaydalara əsasən mənzildə daxili sahələr ölçülür və vətəndaşa ona uyğun çıxarış verilir. Tikinti obyektlərində sahələrin ölçülməsi qaydası Dövlət Şəhərsalma və Arxitektura komitəsinin kollegiyasının 4 dekabr 2012-ci il tarixli 7 nömrəli qərarı ilə tənzimlənir. Həmin qərara əsasən, mənzilin sahəsi dedikdə, iç divarların bir üzündən qarşıdakı divarın üzünə qədər olan məsafə nəzərə alınmaqla hesablanır. İstifadə olunmayan yerlər kvadrata vurulmamalıdır. Qaydaların 3.8-ci bəndinə əsasən eyvan və terrasların sahələri, şüşəbənd hesablanarkən müvafiq olaraq azaltma əmsalları tətbiq edilir. Belə ki, eyvan və terrasların sahələri 0,3, şüşəbənd və lociyalar 0,5 azalma əmsallarına vurulmaqla mənzilin ümumi sahəsinə daxil edilir. Yəni eyvanın sahəsi 10 kvadratmetrdirsə, o demək deyil ki, müqaviləyə 10 kvadratmetr yazılmalıdır. Çünki onlar azaldılmış əmsallarla hesablanır. Rəsmi qurumların sözügedən məsələ ilə bağlı qaydaları olsa da, MTK-lar bu qaydalara əməl etmirlər.
Mütəxəssislər deyirlər ki, sözügdən problemin əsas yaranma səbəbi vahid standartın olmamasıdır. Bəs illərdir bu problem davam etsə də, vahid standart niyə qəbul edilmir?
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sözügedən məsələ ilə bağlı müraciət etdik. Bildirildi ki, qurum tərəfindən ərazilərin planlaşdırma layihələri razılaşdırılır, tikinti və istismara icazələr verilir. Tikinti şirkətləri ilə vətəndaşlar arasında alqı-satqı işlərinin aparılmasına nəzarət isə Komitənin səlahiyyətləri xaricindədir.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə deyir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi hesablama apararkən yaxşı olardı ki, ümumi sahəni hesablasın.
Ekspert həmçinin bildirdi ki, Vergilər Xidməti də sahibkardan ümumi sahəyə görə vergi tələb etməlidir. MTK-lar ümumi sahəylə bərabər, tikintialtı sahəyə görə də vergi ödəyirlər. Buna görə də həmin vəsaiti vətəndaşlardan çıxarırlar. Onun sözlərinə görə, vahid müqavilə forması olsa, problem həllini tapar.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə bildirdi ki, əslində binanın satışını MTK deyil, ASAN xidmət və ya hansısa dövlət qurumu aparmalıdır.
Hər iki ekspert də bildirir ki, yeni tikililərin elə ilk başda Ədliyyə Nazirliyi tərəfindən müvafiq reyestri də həyata keçirilməlidir. Vətəndaşın MTK ilə bağlanan müqavilədə mənzil sahəsi olduğundan çox göstərilibsə, yəni əslində hər kvadrat metrə görə ödənilən pul müqabilində mənzil təqdim edilmirsə, aidiyyəti qurumlara müraciət edilməlidir.
Göründüyü kimi bu sahədə vahid standartın olmaması vətəndaşlara külli miqdarda ziyan vurur. MTK-lar qayda-qanunlardakı boşluqdan istifadə edərək, ciblərini doldurmağa çalışır, aidiyyəti qurumlar isə məsələyə biganə yanaşırlar. Buna görə də, bu sahədə vahid standart qəbul edilənədək ev almaq istəyənlər mütləq ekspertlərin məsləhətlərindən yararlanmalıdırlar.