Politoloq, xəritəçəkən, deputat - UNUDULAN MƏTBUAT KATİBLƏRİ
11 fevral 2022 18:17 (UTC +04:00)

Politoloq, xəritəçəkən, deputat - UNUDULAN MƏTBUAT KATİBLƏRİ

Vaxtı ilə mətbuat katibi idilər. Bütün jurnalistlər onları tanıyır və işləri mediadan keçirdi.

Bir vaxtlar onların saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. İndi isə unudulanlar siyahısındadırlar. Hazırda iş-güc sahibi olanlar da var. 

Amma bir çoxu təqaüdlə dolanır. İndi nə işlə məşğuldurlar?

Lent.az dövlət qurumlarının sabiq mətbuat katiblərinə həsr olunan layihəsini davam etdirir:

Layihəmizdə bu gün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq mətbuat katibi Hikmət Babaoğludan bəhs edəcəyik. 

Hikmət Baba oğlu Məmmədov 1966-cı ildə Ermənistanın Amasiya rayonunun Göllü kəndində anadan olub. O, Bakı Sosial İdarəetmə və Politologiya institutunu bitirib.

Hikmət Babaoğlu Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında təlimatçı, baş təlimatçı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 

O, 1998-2008-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Mətbuat Xidmətinin rəhbəri vəzifəsini icra edib. Sabiq mətbuat katibi 1 noyabr 2015-ci ildə beşinci çağırış Milli Məclisinin və 9 fevral 2020-ci ildə altıncı çağırış Milli Məclisinin deputatı seçilib.

Hikmət Babaoğlu Azərbaycanda İnsan hüquq və azadlıqlarının politoloji aspektlərini kompleks şəkildə öyrənən ilk tədqiqatçıdır. 2010-cu ildə Çingiz Aytmatov Akademiyasının fəxri üzvü, daha sonra isə Azərbaycan jurnalistlərinin VII qurultayında Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib. 

Babaoğlu 70-ə qədər elmi əsərin, 3 monoqrafiya və 4 dərsliyin, 3 kitab və tədris proqramının, 3 metodik tövsiyənin yüzlərlə elmi-kütləvi və siyasi analitik məqalənin müəllifidir. 20-yə qədər elmlər doktoru və fəlsəfə doktorunun elmi tədqiqat işlərinə rəhbərlik edib.

O, YAP-ın, Ali Attestasiya Komissiyası yanında tarix və siyasi elmlər üzrə ekspert şurasının, bir neçə yerli və beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvüdür. 

Hikmət Babaoğlu 2005-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru, alimlik, 2013-cü ildə isə siyasi elmlər üzrə elmlər doktoru dərəcəsi alıb.
2014-cü ildən Bakı Dövlət Universitetinin Politologiya və Sosiologiya kafedrasının professorudur.

Mətbuat katibliyi dövründən Lent.az-a danışan Hikmət  Babaoğlu deyir:

“Mətbuat xidmətinə rəhbər təyin olunanda həmin sahə mənim üçün qeyri-müəyyən idi. Mən isə qısa müddət ərzində həm torpaqşünaslığı həm də torpaq qanunvericiliyini çox qısa müddət ərzində öyrənmək məcburiyyətində qaldım. Yadımda qalan ən maraqlı məsələ torpaqşünas alimlərin mənimlə zarafatı idi. Onlar mənə deyirdilər ki, sən ki, qısa müddət ərzində hər şeyi belə yaxşı öyrəndin, bu sahə üzrə sənə alimlik dərəcəsi düşür. 
Bundan başqa həmin dövrdə jurnalistlərlə ünsiyyətdə olmağı sevirdim. Mətbuatla münasibətlər çox yaxşı idi”. 

O. ANS televiziyası tərəfindən ilin “Mətbuat Xidmətinin rəhbəri” seçilib. H.Zərdabi adına “Ali Media”,  “Qızıl Qələm” mükafatına, “Əməkdar Jurnalist” adına layiq görülüb.

Hazırda parlamentdə YAP deputatları üzrə əlaqələndirici və Müdafiə ,təhlükəsizlik və korrupsiya ilə mübarizə  komitəsinin sədr müavini kimi fəaliyyət göstərir. Ailəlidir, üç övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6366
avatar

Aytəkin Cəlali

Oxşar yazılar