Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin sabiq rəhbəri Anar Qədirli
29 oktyabr 2021 20:15 (UTC +04:00)

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin sabiq rəhbəri Anar Qədirli

Mətbuata qapalı olan jurnalist - UNUDULAN MƏTBUAT KATİBLƏRİ

Vaxtı ilə mətbuat katibi idilər. Bütün jurnalistlər onları tanıyır və işləri mediadan keçirdi. Bir vaxtlar onların saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. İndi isə unudulanlar siyahısındadırlar. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır. İndi nə işlə məşğuldurlar?

Lent.az dövlət qurumlarının sabiq mətbuat katiblərinə həsr olunan layihəsini davam etdirir:

Layihəmizdə bu dəfə Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin sabiq rəhbəri Anar Qədirlidən bəhs edəcəyik.

Anar Ələsgər oğlu Qədirli 14 fevral 1967-ci ildə Bakı şəhərində anadan olub. 1974-1985-ci illərdə Bakı şəhərində Yasamal rayonu 158 saylı orta məktəbdə təhsil alıb. 1985-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub və universiteti fərqlənmə  ilə bitirib. 1991-ci ildə İTAR-TASS informasiya agentliyində təcrübə keçib. 2004-cü ildən Beynəlxalq Rusdilli Jurnalistlər Assosiasiyasının (MARJ)  üzvüdür.

Qədirli 1992-1993-cü illərdə “Xəbər Servis” Müstəqil informasiya Agentliyinin baş redaktoru vəzifəsində çalışıb. Daha sonra “Los Angeles Times” qəzetinin regional müxbiri,  “ANS” teleradio şirkətində xəbərlər xidmətinin baş redaktoru olub. 1996-1997-ci illərdə “Trend” jurnalında baş redaktorun müavini kimi çalışıb. 1997-1998-ci illərdə Moskvada "Qruppa-Alyans" şirkətində PR üzrə konsultant, 1999-2005-ci illərdə “Proqnoz” Müstəqil Sosioloji Araşdırmalar Mərkəzində direktor müavini olub.

2006-ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyin olunub. 2015-ci ildə isə A.Qədiri işdən getmək barədə ərizə yazıb. Sabiq Səhiyyə naziri Oqtay Şirəliyev onun ərizəsini qəbul edib. Beləliklə, tutduğu vəzifədən azad olunub.

2015-2017-ci illərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 2017-ci ildə mətbuata açıqlamasında bildirmişdi ki, artıq 6 aya yaxındır bu vəzifəni icra etmir. Mətbuatdan kənar işlə məşğuldur.

Anar Qədirli işlədiyi illər ərzində daha çox mətbuata açıq olmayan mətbuat katibi kimi yaddaşlarda qalmışdı. Bu gün onun harada və nə işlə məşğul olduğu da naməlumdur.

# 9576
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar