İtaliyanın turistlərdən uzaq, amma möhtəşəm 4 şəhərciyi
11 avqust 2025 17:39 (UTC +04:00)

İtaliyanın turistlərdən uzaq, amma möhtəşəm 4 şəhərciyi

İtaliyanın bəzi kiçik şəhərləri hələ də kütləvi turizmdən kənarda qalaraq, ziyarətçilərə həm şirin həyat ab-havasını, həm də münasib qiymətləri təklif edir.

Lent.az xarici mediaya istinadən Romadan cəmi bir saatlıq qatar yolu məsafəsində yerləşən və hələ də çox az xarici turistin gəldiyi dörd şəhərciyi təqdim edir.

Çivita-Kastellana

Roma Termini vağzalından Çivita-Kastellana-Malyano stansiyasına qatarla 1–1,5 saata çatmaq mümkündür. Yol haqqı 5–13 avro arasında dəyişir. Latsio bölgəsinin kənd mənzərələrinə panoramik baxış təqdim edən bu şəhərcik daş döşəməli küçələri, qədim divarları və tarixi abidələri ilə sanki nağıldan çıxmış kimidir. Burada yerləşən Forte Sangallo qalası Avropanın ən təsirli Renessans dövrü qalalarından biridir. Santa Maria Maggiore kilsəsi isə gözəl mozaika döşəməsi və qədim kriptası ilə tanınır. Şəhərdə Ponta Klementino körpüsünü ziyarət etmək və 2000 illik tarixə malik Via Amerina Roma yolunu velosipedlə kəşf etmək tövsiyə olunur.

Dzaqarolo

Romadan cəmi 30 km uzaqlıqdadır və qatarla yarım saata çatmaq mümkündür. Bilet qiyməti 2,60–3 avrodur. Orta əsr planlamasını qoruyan Dzaqarolo, Renessans və Barokko üslublu abidələri, dar küçələri və sakit atmosferi ilə diqqət çəkir. Buradakı Palazzo Rospigliosi sarayı və San Pietro Apostolo kilsəsi görməli məkanlar sırasındadır.

Dzaqarolo həm də Castelli Romani şərab regionunun bir hissəsidir və məşhur Frascati və Cesanese ağ şərablarının vətənidir. Sentyabr ayında keçirilən üzüm festivalı zamanı şəhərdə küçə paradları, canlı musiqi və bol şərab olur.

Kastel-Qandolfo

Romadan 24 km məsafədə yerləşən bu şəhərciyə qatarla 45 dəqiqəyə çatmaq mümkündür. Yol haqqı 3–5 avro təşkil edir. Albano gölü sahilində yerləşən Kastel-Qandolfo həm təbii gözəllikləri, həm də tarixi məkanları ilə tanınır. Burada qayıq icarəyə götürərək göl mənzərəsindən zövq almaq, dar italyan küçələrində gəzmək mümkündür.

Şəhərin ən məşhur obyekti isə Papalar sarayı Əsrlər boyu Papaların yay iqamətgahı olmuş bu sarayın zalları və freskalarla bəzədilmiş ibadətgahları ziyarətçilərə açıqdır.

Tivoli

Romadan 30 km məsafədədir və qatarla təxminən 1 saata çatmaq mümkündür. Bilet qiyməti 3–5 avro arasıdır.Tivoli, həm qədim Roma irsi, həm də UNESCO siyahısında olan memarlıq inciləri ilə məşhurdur. Buradakı Hadrian villası Roma imperatorunun yay iqamətgahı olmuş və bu gün də möhtəşəm hamamlar, məbədlər və məşhur Dəniz Teatrı ilə diqqət çəkir. Digər məşhur obyekt Villa d’Este-dir. Burada yüzdən çox fəvvarəsi olan möhtəşəm bağlar var. Şəhərdəki Villa Gregoriana parkı isə 100 metrlik Cascata Grande şəlaləsinin ən gözəl mənzərəsini təqdim edir.

Bu şəhərciklər həm İtaliyanın zəngin tarixini, həm də sakit, kütlədən uzaq atmosferini yaşamaq istəyənlər üçün ideal seçimdir. Romaya səyahət planlayanlar, bu istiqamətləri bir günlük səfər siyahısına əlavə edə bilərlər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 50

Oxşar yazılar