Çinin “Xiaomi” şirkəti “Watch S2” smart saatı və “Buds 4” simsiz qulaqcıqlarını təqdim edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, saat iki versiyada mövcuddur: 42 mm korpus və 1,32 düymlük ekran, 46 mm korpus və 1,43 düymlük ekran.
Ancaq hər iki versiyada ekran 466x466 təsvir ölçüsünə malikdir. Korpus poladdan hazırlanıb, ekran isə sapfir kristalla qorunur.
Saata nəzarət üçün sensor ekran funksiyalarını tamamlayan iki fiziki düymə var. Smart saat yüzdən çox idman məşqini dəstəkləməklə yanaşı, ürək döyüntüsünü, qanın oksigenlə təmin olunması, yuxu keyfiyyəti və digər başqa dəyərləri ölçə bilir.
“Xiaomi Watch S2” NFC modulu və GPS sensoru ilə təchiz olunub, daxili mikrofon və dinamiklər telefonla danışarkən aksesuardan istifadə etməyə şərait yaradır. 42 mm ölçüsündə olan batareya bir dəfə doldurulmaqla bir həftəyə qədər istifadəni təmin edir. 46 mm-lik saat versiyasında isə 500 mAh şarjlı batareya 12 günə qədər dayanıqlılıq göstərir.
Çində yeni “Xiaomi Watch S2”nin qiyməti 143 dollardan(243 manat) başlayır.
“Xiaomi Buds 4” simsiz qulaqlıq hər biri iki dinamikli, yüksək keyfiyyətli səs dəstəyinə malikdir. Həmçinin, qulaqcığa quraşdırılmış üç mikrofondan istifadə edərək ətrafdakı aktiv səs-küyü azaltmaq mümkündür. 480 mAh enerjili batareya şarj edilmədən altı saata qədər istifadəni təmin edir. Şarj cihazı “Xiaomi Buds 4”ün batareyanın ömrünü daha 30 saata qədər uzadır.
Çində “Xiaomi Buds 4” qulaqlıqlarının qiyməti 100( 170 manat) dollardır.
Qeyd edək ki, həm saat, həm də qulaqlıq ilin sonunda satışa çıxarılacaq.