Şamaxıda şiələrin qətliamı, rusların Qafqaza ilk yürüşü - TARİX
05 mart 2024 22:15 (UTC +04:00)

Şamaxıda şiələrin qətliamı, rusların Qafqaza ilk yürüşü - TARİX

Müasir Azərbaycan ərazisi əsrlər boyu Şərqin tarixi dövlətləri arasında mübahisəli ərazi olub. Belə ki, Osmanlı İmperiyası və İran bir neçə əsr Qafqazın bu bölgəsi uğrunda mübarizə aparıb və XVIII əsrdə isə bu mübarizəyə Rusiya da qoşuldu.

Lent.az Rusiyanın I Pyotr dövründə Qafqaza ilk hərbi müdaxiləsindən və Çar İmperiyasının Qafqazın işğalını I əsr ləngidən hadisədən bəhs edəcək.

I Pyotrun səyləri ilə Rusiya İsveçlə 20 il davam edən Şimal Müharibəsində qalib gəldi və 1721-ci ildə Niştadt Sülhünü bağladı. Müqavilə ilə bütün Baltikyanı bölgəni və Kareliyanın bir hissəsini öz nəzarəti altına aldı.

1721-ci ilin oktyabrında Rusiya imperiya, I Pyotr isə bütün Rusiyanın imperatoru elan edildi. Şimal-qərbdə müharibəni başa vuran Böyük Pyotr diqqətini Xəzərətrafı torpaqlara yönəltdi. Hələ 1715-ci ildə diplomat Arseni Volınskinin rəhbərlik etdiyi Rusiya səfirliyi o vaxta qədər xeyli zəifləmiş Səfəvi İmperiyasına göndərilmişdi. Rus tacirlərinin Səfəvi dövlətinin ərazisində imtiyazlar aldıqları sərfəli ticarət müqaviləsi bağlamaqdan əlavə, Volınskinin missiyası qonşu dövlətin coğrafi, iqtisadi, hərbi-siyasi vəziyyəti haqqında məlumat toplayan kəşfiyyat xarakteri də daşıyırdı.

1722-ci ildə Pyotrın Səfəvi dövlətinə qarşı müharibəyə başlamasına səbəb Davud Bəy və Surxay xanın başçılıq etdiyi ləzgi və qumıq dəstələrinin Səfəvi şahına qarşı etirazları idi. 1721-ci ilin avqustunda ləzgilər və qumıqlar Şamaxıya hücum etdilər, orada yaşayan bütün şiələri öldürdülər, həmçinin 300 rus tacirini qarət edərək onlara yarım milyon rubldan çox ziyan vurdular (red- o vaxt üçün böyük pul).

Kartli (Gürcüstan) kralı VI Vaxtanq, Kalmık xanı Ayuki və kabard knyazlarının dəstəyini alan I Pyotr Xəzəryanı əraziləri işğal etmək üçün qətiyyətli hərəkətə başladı.

1722-ci il iyulun 18-də imperator və o dövrün ən yaxşı rus admirallarından biri olan Fyodor Apraksinin başçılığı ilə 245 gəmidə 22 mindən çox piyadadan ibarət rus ordusu Həştərxandan yola düşdü. Daimi və nizamsız (kazaklar, tatarlar) süvarilər isə Tsaritsın (red- indiki Samara) şəhərindən quru yolu ilə hərəkət edirdilər.

1722-ci il iyulun 27-də müasir Mahaçqala yaxınlığındakı Aqraxan körfəzinə çatan birləşmiş rus ordusu Dərbəndə doğru hərəkət etdi. İnçxa çayı üzərindəki döyüşdə qumıqların Utamış sultanlığının və darginlə qumıqlardan ibarət Qaytaq Usmiliyinin qüvvələri üzərində qələbə qazanar rus alayları I pyotrun rəhbərliyi altında 1722-ci il avqustun 23-də döyüşsüz Dərbəndi işğal etdi.

Rus qoşunlarının müasir Azərbaycan ərazisinə daha da irəliləməsinin qarşısı Xəzər dənizində güclü tufanlar nəticəsində alındı, bu zaman bir neçə rus gəmisi təchizatı və döyüşçüləri ilə birlikdə batdı. İmperator hərbi kampaniyaya daha yaxşı hazırlaşmaq üçün onu gələn ilə qədər təxirə salmağa qərar verdi. Eyni zamanda, 1722-ci il payızın sonlarında Həştərxandan göndərilmiş iki batalyondan ibarət Şipov və Solmonovun dəstəsi Xəzər dənizinin cənub sahilində Gilan əyalətinin bir sıra şəhərlərini, o cümlədən Rəşti işğal etdi. Gilan vəziri Məmməd Əlibəyin şəhəri geri almaq cəhdi Şipovun dəstəsi ilə şiddətli döyüşə səbəb oldu və bu döyüşdə sayca səfəvilərdən xeyli az olan ruslar qəti qələbə qazandılar.

Ardı var…

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9558
avatar

Vüqar İsmayılov

Oxşar yazılar