1914-cü ilin dekabrında Osmanlı İmperiyası artıq Birinci Dünya Müharibəsinin iştirakçısı idi. Bu zaman dövlətin de-fakto birinci şəxsi sultan deyil, hərbi naziri Ənvər Paşa idi. O, Böyük Britaniya, Fransa və Rusiya ilə müharibə vəziyyətində olan Osmanlı İmperiyasının nəzarət etdiyi əraziləri genişləndirməyi hədəfləyirdi.
Lent.az Ənvər Paşanın baş tutmayan İran, Türküstan və Hindistana yürüş planından bəhs edir.
Ənvər Paşanın müharibə sırasında ağlında dəqiq bir fəaliyyət planı var idi. O, Qafqaz cəbhəsində rus ordusunu gözlənilməz zərbə ilə məhv edərək Hindistana qədər uzanacaq bir yürüş planı düşünürdü. Bunun üçün Rusiyanın Qafqaz ordusunu mühasirəyə almaq üçün Sarıqamış şəhərinin sağ cinahından böyük qüvvələrlə zərbə endirməyi planlaşdırırdı. Geri çəkilməyə imkanları olmayan və özlərini azlıqda tapan həmin rus qüvvələri isə istər-istəməz Sultanın mərhəmətinə təslim olmalı idilər. Ənvər Paşa sonra heç bir müqavimət görmədən Batumi, Qars və Ərdahan ələ keçirərək 1877-1878-ci illərdə itirilən şəhərləri geri qaytarmağı düşünürdü. Ardınca, cihad elanı ilə möhkəmlənən belə bir parlaq qələbə digər müsəlman xalqlarını Orta Asiyada, Əfqanıstanda və Hindistanda Rusiya və İngiltərəyə qarşı üsyana ruhlandıracaqdı. Osmanlılar Orta Asiya və ya İran vasitəsilə Hindistana qarşı kampaniyanı olduqca ciddi müzakirə etdilər.
Əslində, müəyyən qədər uğur qazanmaq şansı var idi: qışda Qafqaz cəbhəsində aktiv hərbi əməliyyatlar aparmaq çətin olduğundan, müharibənin əvvəlində sayca ciddi şəkildə məhdudlaşan rus qoşunları bu qədər böyük türk qüvvələrinin hücumunu gözləmirdilər və Osmanlı qoşunları meydana çıxanda lap əvvəldən ruslar arasında panika başladı. Lakin Osmanlı sərkərdələri həmin diqqətsizliyə üçqat məsuliyyətsizliklə cavab verdilər. Hücum edən türk qüvvələri düşməndən hər şeyi ələ keçirmək ümidi ilə qışın soyuğunda özləri ilə heç bir ləvazimat, isti paltar götürmədilər, lakin Sarıkamış şəhəri də təslim olmadı. İlkin panikadan sonra ruslar azlıqda olsalar da, çox inadkar müqavimət göstərdilər.
Generallardan biri olan Hafiz Haqqı bəy isə kiçik bir rus dəstəsini təqib edərkən əsas qüvvələrdən çox uzaqlaşdı və həlledici anda onun əsgərləri ciddi itki verərək geri çəkildilər.
Sarıqamış döyüşlərinin nəticələri Osmanlı İmperiyası üçün faciəli oldu. İlk başda yola çıxan 120.000 Osmanlı əsgərindən 90.000-ə qədəri öldürüldü, dondu, əsir düşdü və ya yaralandı. Türklər əzmlə vuruşdular, lakin qələbə onlara nəsib olmadı, bundan sonra Osmanlı İmperiyası Qafqazda irəliləmək gücünü itirdi, strateji təşəbbüsü tamamilə rus qoşunlarına verdi. Beləiklə, 1917-ci il oktyabr çevrilişinə əvvəl ruslar Osmanlı ərazilərinin dərinliklərinə doğru irəlilədilər və Bitlis, Van, Trabzon, Ərzincan, Ərzurum kimi böyük şəhərləri işğal etdilər. Birinci Dünya Müharibəsinin Qafqaz cəbhəsi Osmanlı İmperiyası üçün fəlakətə çevrildi, buna görə də artıq ümumi cihaddan, Orta Asiya və Hindistanın fəthindən söhbət getmirdi.
Ənvər Paşanın Hindistana qədər uzanan fəth planı baş tutmasa da, 1917-ci ilin oktyabr çevrilişi ilə zəifləyən Rusiya tezlijlə Qafqaz cəbhəsindən geri çəkildi və Osmanlı qoşunları Anadolunu bütünülüklə azad edərək, sonradan 1918-ci ilin sentyabrında Bakını da kommunist-daşnak qüvvələrindən azad edərək regionda güc balansını öz xeyirlərinə dəyişdilər. Gələcək fəth planlarına isə 1918-ci ilin oktyabrında Osmanlı İmperiyasının Antanta qüvvələrinə təslim olduğu Mudros müqaviləsi mane oldu.